Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyəti çərçivəsində ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili statusuna yüksəldilməsi istiqamətində atdığı qətiyyətli addımlar xüsusi yer tutur. 1970-ci illərin mürəkkəb ictimai-siyasi şəraitində - SSRİ-də milli dillərin sıxışdırılması fonunda belə bir məsələni qaldırmaq və onu Konstitusiya səviyyəsində təsbit etdirmək böyük cəsarət və milli məsuliyyət tələb edirdi.
1978-ci il aprelin 27-də qəbul olunan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qeyd olunması, məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və prinsipial mövqeyi nəticəsində mümkün olmuşdur. Bu qərar təkcə həmin dövr üçün deyil, gələcək müstəqil dövlətçiliyimizin dil əsaslarının qoyulması baxımından da strateji əhəmiyyət kəsb edirdi. Konstitusiyanın 73-cü maddəsinə “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” ifadəsinin daxil edilməsi ilə Heydər Əliyev həm dilimizin hüquqi statusunu təmin etdi, həm də xalqın milli-mənəvi dəyərlərinin qorunmasına zəmin yaratdı.
Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti yalnız sovet dövrü ilə məhdudlaşmır. Müstəqillik illərində də o, Azərbaycan dilinin inkişafı və tətbiqi sahəsində ardıcıl və sistemli siyasət yürütmüşdür. 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin “Azərbaycan dili” adlandırılması da məhz onun qətiyyətli mövqeyinin nəticəsi idi. Ulu Öndər bu məsələdə müxtəlif fikirləri təmkinlə dinləsə də, sonda milli kimliyi və dilimizin beynəlxalq nüfuzunu əsas götürərək, “Azərbaycan dili” ifadəsinin Konstitusiyada əksini tapmasına nail olmuşdur.
Ulu Öndər hər zaman ana dilinin milli kimliyin əsas daşıyıcısı olduğunu vurğulayırdı: “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir.” Onun təşəbbüsü ilə 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalanmış, Azərbaycan dili günü təsis edilmiş və dövlət səviyyəsində müvafiq komissiyalar yaradılmışdır.
Bütün bu tədbirlər bir məqsədə – Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi işinə xidmət edirdi. 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə bu siyasətin hüquqi bazasını daha da möhkəmləndirdi.
Heydər Əliyevin dili yalnız bir ünsiyyət vasitəsi deyil, milli yaddaş, tarixi davamlılıq və mənəvi bütövlüyün təməli kimi görməsi, onun dil siyasətini ideoloji baxımdan dərin və milli maraqlara söykənən bir strateji xəttə çevirmişdir.
Bu gün müstəqil Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili beynəlxalq aləmdə də tanınır və öz layiqli yerini tutur. Bu tarixi uğurun təməlində isə, şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan uzaqgörən və qətiyyətli siyasəti dayanır.
Azərbaycan dili xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən müqəddəs irsdir. Bu dilin dövlət dili kimi qorunub saxlanılması və inkişaf etdirilməsi Azərbaycanın dövlət müstəqilliyinin əsas atributlarından biri kimi çıxış edir. Ulu Öndər Heydər Əliyev bütün həyat və fəaliyyətində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, onun inkişaf etdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş, dilimizin rəsmi status alması uğrunda tarixi təşəbbüslərlə çıxış etmişdir.
Onun 1978-ci ildə Azərbaycan dilinin SSRİ tərkibində olmasına baxmayaraq Konstitusiyada dövlət dili kimi təsbit olunmasına nail olması böyük siyasi uzaqgörənlik və vətənpərvərlik nümunəsi idi. Ulu Öndərin bu sahədə apardığı davamlı və ardıcıl siyasət nəticəsində Azərbaycan dili bu gün yalnız ölkə daxilində deyil, eyni zamanda dünya azərbaycanlılarının mədəni və mənəvi birliyini təmin edən başlıca amillərdən birinə çevrilmişdir.
Müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin bugünkü yüksək statusu və nüfuzu məhz Heydər Əliyev siyasətinin bəhrəsidir. Bu dil bu gün milli kimliyimizin daşıyıcısı, mədəni irsimizin qoruyucusu kimi yaşayır və inkişaf edir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin “Biz fəxr edirik ki, müstəqil Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur” fikri daim yolumuzu işıqlandırmalı, hər bir azərbaycanlı bu dildə danışmaqdan və onu qorumaqdan qürur duymalıdır.
Ulu Öndərin bu dəyərli sözləri isə bu gün də bizə çağırışdır: “Azərbaycan dili bizim milli sərvətimizdir. Hər bir azərbaycanlı bu dili göz bəbəyi kimi qorumalıdır.”
Məşhur Məmmədov
Milli Məclisin deputatı