PDF Oxu

Siyasət

  • 962

Azərbaycan-Çin münasibətləri etibarlı strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə verdiyi məxsusi müsahibə iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini nümayiş etdirir. Dövlət başçısının ifadə etdiyi fikirlər qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və strateji maraqlar üzərində qurulan Azərbaycan-Çin əməkdaşlığının region və dünya üçün əhəmiyyətli bir modelə çevrildiyini bir daha göstərir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə keçirdiyi ikitərəfli görüşlər, o cümlədən 2024-cü il iyulun 3-də Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu sübut edir. Həmin sənəddə əksini tapmış suverenliyin, ərazi bütövlüyünün qarşılıqlı tanınması və dəstəklənməsi, siyasi dialoqun davamlılığı, beynəlxalq təşəbbüslərdə birgə fəaliyyət və qarşılıqlı fayda prinsipi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi: “Bəyannamədə xüsusi olaraq qeyd edildi ki, 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulduğu andan sonra ikitərəfli əməkdaşlığımız bir çox səmərəli nəticə verib. Bununla yanaşı, biz razılaşdıq ki, əməkdaşlığı gələcəkdə də genişləndirək, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirək, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə edək, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq edək”.
Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Neft-kimya sənayesi, alternativ enerji, rəqəmsal texnologiyalar və kənd təsərrüfatı sahələrində Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağı artır. Çin şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma proseslərində yaxından iştirak etməkdə maraqlıdır. Eyni zamanda, Çin texnologiyalarının, xüsusilə “ağıllı şəhər” və “yaşıl enerji” layihələrinin ölkəmizin müasir inkişaf modelinə inteqrasiyası əməkdaşlığın yeni mərhələsini müəyyən edir. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, bu gün Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Dövlətimizin başçısı vurğulayıb ki, hazırda Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Azərbaycanın unikal coğrafi mövqeyi və regional tranzit imkanları Çinlə əməkdaşlığın daha bir mühüm aspektidir. Ölkəmizin əlverişli logistika imkanları Çin şirkətləri üçün səmərəli, təhlükəsiz və sürətli alternativ yaradır. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan öz sabitliyi və infrastruktur imkanları ilə regional əməkdaşlığın mühüm həlqəsinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır.
İki ölkə beynəlxalq münasibətlər sistemində çoxqütblü və ədalətli düzənin tərəfdarıdır. Dövlətlərin daxili işlərinə qarışmamaq və beynəlxalq hüquqa hörmət başlıca prinsiplər kimi müəyyən olunub. Azərbaycan Çin kimi Qlobal Cənubun bir hissəsi olaraq inkişaf etməkdə olan ölkələrin hüquqlarını müdafiə edir, onların qlobal sistemdə daha fəal iştirakını təşviq edir. Ölkəmiz 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatına sədrliyi dövründə bu mövqeləri ardıcıl şəkildə müdafiə edib.
Dövlətlər arasında sürətlə inkişaf edən mədəni əməkdaşlıq da təqdirəlayiqdir. Hər iki xalq qədim sivilizasiyalara malikdir, bu baxımdan qarşılıqlı mədəni təmaslar, həmçinin elm, təhsil və turizm sahəsində əlaqələrin genişlənməsi üçün əlverişli zəmin mövcuddur. Ölkəmizdə fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində Çin dili və mədəniyyəti üzrə tədris proqramları mövcuddur. Eyni zamanda, Çində Azərbaycanın tarixini, mədəniyyətini tanıdan tədbirlər keçirilir, humanitar sahədə bu mübadilələr xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradır.
Beləliklə, Prezident İlham Əliyevin Sinxua agentliyinə verdiyi müsahibə Azərbaycan-Çin münasibətlərinin gələcək inkişaf istiqamətlərinə aydınlıq gətirir. Əminliklə söyləmək olar ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənəcək və qlobal miqyasda daha böyük təsir gücünə malik olacaq.

Heydər Əsədov
Milli Məclisin deputatı

Digər xəbərlər