Mixail Belyayev: “Azərbaycan beynəlxalq mövqelərini möhkəmləndirir, təkcə regional deyil, daha qlobal proseslərin fəal iştirakçısı və liderlərindən biri olduğunu təsdiqləyir”
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri dünya mediasında və ekspert icması tərəfindən geniş təhlil olunur. Tanınmış rusiyalı politoloq Mixail Belyayev də “Moskva-Baku” portalı üçün şərhində Azərbaycan prezidentinin Çinə səfərini təhlil edib. Ekspertin şərhini oxucularımıza təqdim edirik.
- Mixail Kimoviç, Azərbaycan Prezidentinin Çinə ən yüksək səviyyəli dövlət səfəri geosiyasi və geoiqtisadi proseslər baxımından nə deməkdir? Ötən il Bakı və Pekin arasında strateji tərəfdaşlığın yaradılması haqqında Bəyannamə imzalanıb, bu, ciddi addımdır...
-Azərbaycan Prezidenti İlham Əliyevin Çinə bu dövlət səfəri həm geosiyasi, həm də geoiqtisadi baxımdan son dərəcə əhəmiyyətlidir. Qeyd etdiyiniz kimi, ötən il Azərbaycan və Çin arasında Strateji Tərəfdaşlığın yaradılması haqqında Bəyannamə imzalanıb. Bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir, xüsusən də qlobal Cənub ölkələrinin yeni dünya nizamının qurulmasından danışarkən diqqət mərkəzində olduğu indiki geosiyasi proseslər fonunda.
Məlum olduğu kimi, Qərbdə Çin dünyanın ən güclü dövlətlərindən biri və təhlükə kimi qəbul edilir. Çin hazırda qlobal diqqət mərkəzindədir- onunla əlaqələr Rusiya, MDB ölkələri, xüsusən də Mərkəzi Asiya üçün son dərəcə vacibdir və Qərbin diqqət mərkəzindədir. Tramp Çin də daxil olmaqla ölkələrə son dərəcə yüksək tariflər tətbiq edib və bu, yalnız xarici qüvvələrin bölgəyə marağını daha da artırır.
Azərbaycanın son illər ərzində çox fəal şəkildə Pekinlə münasibətləri yeni, strateji səviyyəyə qaldırmağa nail olması, bu əlaqələri prioritet istiqamətlərdən birinə çevirməsi bir daha Azərbaycanın xarici siyasətinin müdrikliyini, düzgün hesablama və uzaqgörənliyini əks etdirir. Demək olar ki, Azərbaycan və Çin arasında münasibətlər hazırda ikitərəfli münasibətlər tarixinin ən yüksək mərhələsindədir. Və bu münasibətlərin potensialı böyükdür, lakin hazırda bu, tədricən, lakin yaxşı templə üzə çıxır.
Bu yolda görüləsi işlər çoxdur. Si Cinpinin Azərbaycan Prezidentini Çinə dövlət səfərinə dəvət etməsi çox əlamətdar və əhəmiyyətlidir və Azərbaycan Respublikasının da Pekinin maraq dairəsində olduğunu göstərir. Azərbaycan üçün isə belə bir səfər, mübaliğəsiz, ölkənin statusunu vurğulayan genişmiqyaslı, çox mühüm hadisədir. Azərbaycanın da Çinə təklif edəcəyi şeylər şübhəsiz ki, var.
Şərqlə Qərb arasında yerləşən Azərbaycanın unikal coğrafi mövqeyinə görə bunlar ilk növbədə nəqliyyat marşrutlarıdır. Azərbaycan artıq Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak edir və bu layihəni dəstəkləyən ilk ölkələrdən biri olub. Bu, həm də Orta Dəhlizdir, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə gedən beynəlxalq nəqliyyat dəhlizidir.
Bu gün Azərbaycan Çinlə alternativ enerji sahəsində fəal əməkdaşlıq edir; Bakının bu sahədə əsas tərəfdaşlarından biridir. Biz başa düşməliyik ki, Azərbaycan və Çin üçün alternativ enerji boş oyun deyil, Azərbaycan Respublikasının təbii sərvətlərini, iqlim xüsusiyyətlərini- küləyin, günəşin potensialını və s. nəzərə almaqla həqiqətən böyük potensiala malik istiqamətdir. Qarşılıqlı əlaqə həm də ən son texnologiyalardan istifadə etməklə həyata keçirilir. Təbii ki, Azərbaycan da Çin kimi qarşılıqlı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artmasında maraqlıdır. Bu, həm də yaxın gələcək üçün prioritet hədəflərdən biridir.
Kağızlar kağızdır, bəyannamələr bəyannamədir, lakin ölkə rəhbərləri arasında şəxsi təmaslarda ciddi razılaşmalar əldə edilir. İlham Əliyevin Çinə dövlət səfəri isə iki ölkə arasında münasibətləri möhkəmləndirən və iki ölkə arasında mövcud olan münasibətlərin səviyyəsini bütün dünyaya nümayiş etdirən əlamətdar hadisədir. Və bayaq qeyd etdiyim kimi, bu gün Çin qlobal proseslərin diqqət mərkəzindədir.
Bundan başqa, Azərbaycan və Çin bu gün də qlobal proseslərin diqqət mərkəzində olan Şanxay Əməkdaşlıq Təşkilatında əməkdaşlıq edir.
Azərbaycan Çinlə yaxınlaşmaqla beynəlxalq mövqelərini bir daha möhkəmləndirir, dövrün tendensiyalarını dərk etdiyini və təkcə regional deyil, daha qlobal proseslərin fəal iştirakçısı, özünü qlobal Cənubun, Qoşulmama Hərəkatının liderlərindən biri, qlobal proseslərdə fəal iştirak edən liderlərdən biri kimi yerləşdirən dövlət olduğunu təsdiqləyir.
Həm Azərbaycan, həm də Çin daha ədalətli dünya nizamının ümumi məntiqinə sadiqdirlər; Əbəs yerə deyil ki, Strateji Tərəfdaşlıq haqqında Bəyannamədə Pekin və Bakının beynəlxalq platformalarda ümumi maraqları dəstəkləməsi haqqında tezis var.
Gördüyümüz kimi, geosiyasi kataklizmlər fonunda Azərbaycan son illər fövqəldövlətlərlə əlaqələri gücləndirir. 2022-ci ildə Azərbaycan Rusiya ilə Müttəfiq Əməkdaşlıq Bəyannaməsini imzalayıb. 2024-cü ildə Azərbaycan Çinlə Strateji Tərəfdaşlıq Bəyannaməsini imzalayıb. Obyektiv olaraq demək yerinə düşər ki, Azərbaycana müdrik insan rəhbərlik edir.
Azərbaycan son illər beynəlxalq aləmdə danılmaz irəliləyiş əldə edib. Hər bir dövlətə, xüsusən də bu ölçüdə olan birinə bu imkan verilmir. Həm də söhbət resurslardan getmir, onları necə idarə etməyi hamı bilmir, əksinə, müdrik və uzaqgörən siyasət, hər şeyi əvvəlcədən hesablamaq və dövrün tendensiyalarına cavab vermək, imkanları görmək və onlardan istifadə etmək bacarığıdır.
İlham Əliyev Çinə səfəri ilə növbəti dəfə Azərbaycanın gələcəyinə və dünya arenasında mövqelərinin möhkəmlənməsinə ağıllı stavka etdi. Bu səfər isə şübhəsiz ki, diqqət mərkəzində olacaq və Azərbaycan Respublikasının növbəti irəliləyişi və uğurudur.
Tərcümə - Elçin Bayramlı