Prezident İlham Əliyev Çinin “Sinxua” agentliyinə müsahibəsində yaxın dost və strateji tərəfdaş ölkə olan Çin Xalq Respublikası (ÇXR) ilə Azərbaycan arasında möhkəmlənən qarşılıqlı əlaqələrə, o cümlədən hər iki dövlətin regional və qlobal layihələrdə intensiv artan təşəbbüskarlığına, həmçinin beynəlxalq münasibətlər sistemində strateji yerinə və fəal roluna diqqət çəkdi.
Dövlətimizin başçısı ilk növbədə, 2024-cü il iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində qəbul edilmiş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin mühüm əhəmiyyətinə toxundu və bildirdi ki, bu tarixi sənədin ən başlıca və fundamental prinsipləri iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə, regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etməkdən ibarətdir.
Bəyannamə strateji tərəfdaşlığı qarşılıqlı hörmət, bərabərlik, etimad, dərin dəstək, fayda və çoxşaxəli əməkdaşlıq üzərində qurmağa xidmət edir. Bir sözlə, Birgə Bəyannamə tarixi hadisə olmaqla, Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdı.
Azərbaycan Prezidenti Çinlə ölkəmiz arasında siyasi, ictimai, humanitar, iqtisadi-investisiya və digər sahələr üzrə əlaqələrin möhkəmlənməsində dövlət başçılarının, hökumət üzvlərinin qarşılıqlı yüksək səviyyəli səfərlərinin də çox mühüm əhəmiyyət kəsb etdiyini xatırlatdı. Qeyd edək ki, Cənab İlham Əliyev 2014-cü ildə Çinə işgüzar, 2015-ci ildə isə dövlət səfəri edib, 2019-cu ildə ÇXR Sədrinin dəvəti ilə Pekində keçirilən İkinci “Kəmər və yol” beynəlxalq əməkdaşlıq forumuna qatılıb.
Eyni zamanda, Çinin hökumət heyətlərinin respublikamıza səfərləri dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub. 2024-cü ildə hökumət və parlamentin yüksəkvəzifəli üzvləri, nazirliklərin və idarələrin, Baş Prokurorluğun rəhbərləri, həmçinin Prezident Administrasiyasının və Yeni Azərbaycan Partiyasının mərkəzi aparatının rəsmi nümayəndələri Çində səfərdə olublar.
Ötən il Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümum-Çin Komitəsi sədrinin müavini və Çinin Xarici Ölkələrlə Dostluq Cəmiyyətinin sədri Azərbaycana səfər ediblər. ÇXR Baş nazirinin müavininin COP29-da iştirakı əlamətdar hadisə kimi yadda qalıb.
Son illərdə münasibətlərin yeni keyfiyyət və məzmunca yüksəlməsində iqtisadi-ticari-investisiya fəallıqları mühüm rol oynayıb. Həmçinin, iqtisadi qurumların və biznes icmalarının qarşılıqlı səfərləri və əldə edilən razılaşmalar iqtisadi-ticari münasibətləri daha da irəliyə aparıb. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artıb və 3,744 milyard dollar təşkil edib.
2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür. Çin ölkənizin dördüncü böyük ticarət tərəfdaşıdır və ilk dəfə əsas idxal mənbəyinə çevrilib.
Hər iki ölkənin biznes ailəsinin birgə layihələrdə təmsilçiliyi və investisiya fəallığı da dayanmadan yüksəlir. Hazırda Azərbaycanda Çin kapitalı ilə qeydə alınmış 375 şirkətin 298-i aktiv fəaliyyət göstərir və müxtəlif infrastruktur, investisiya layihələrinə sərmayələr yatırır. Bu siyasətin nəticəsidir ki, Çin Cənubi Qafqazda ən çox sərmayələri Azərbaycana yönəldib. Dünya nəhənginin ölkəmizə yatırdığı investisiyaların həcmi 1 milyard dollara yaxındır. Eyni zamanda, Azərbaycan potensial investor kimi Çinin maliyyə sektorunda öz mövqeyini gücləndirir, Dövlət Neft Fondunun investisiya portfelinin əhəmiyyətli bir hissəsi Çinin investisiya bazarlarını əhatə edir.
İqtisadi-ticari əlaqələrin inkişafına müxtəlif iqtisadi stimullar, təşviqedici addımlar da mühüm təsir göstərməkdədir. Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində Azərbaycanın “Ticarət Evləri” açılması, eləcə də Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində dörd ticarət bölməsinin, Urumçi və Şanxayda isə üç Şərab Evinin fəaliyyətinin təmin edilməsi ticari-əmtəə mübadilələrini böyütməkdədir. Çində tanınmış beynəlxalq “JD” onlayn ticarət platformasının yaradılması isə rəqəmsal ticarətin inkişafına böyük impulslar verir.
İqtisadi hərarətin kifayət qədər qənaətbəxş olmasına baxmayaraq, resursların hərəkəti üzrə imkanlar və iqtisadi potensiallar daha böyükdür, iqtisadi-ticari mübadilələri bir neçə dəfə artırmaq mümkündür. Cənab Prezidentin vurğuladığı kimi iki ölkə arasında getdikcə artan iqtisadi-ticari əməkdaşlığa baxmayaraq, hələ də reallaşdırılmayan böyük potensial mövcuddur. Bu baxımdan iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya ikitərəfli iqtisadi əlaqələri genişləndirmək, əməkdaşlığın perspektivli istiqamətlərini aşkara çıxarmaq və onları hüquqi müstəvidə bundan sonra möhkəmləndirmək üçün mühüm mexanizmdir.
Azərbaycan həm də ÇXR-in Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Bu layihə təkcə nəqliyyat əlaqəsini təmin etmir, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirir, dialoq və əməkdaşlığın möhkəmlənməsinə xidmət edir və beynəlxalq ticarət üçün yeni imkanlar yaradır.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi öz əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazisindən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir. Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.
Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı “Kəmər və yol” təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Bu nəqliyyat habının ən axıcı və cəlbedici arteriyası olan Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb və ümumilikdə tranzit daşımaların həcmi 86 faiz artaraq 378 min tona çatıb.
Hazırda Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində dialoq üzrə tərəfdaş statusuna malik olan Azərbaycan Çinlə siyasi, iqtisadi, nəqliyyat-tranzit əlaqələri də inkişaf etdirməyə, bu nəhəng təşkilatda aktiv təşəbbüskarlığını artırmağa çalışır, qlobal iqtisadi rifaha və Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunmasına kömək edən irimiqyaslı layihələri dəstəkləyir.
Çin və Azərbaycan, həmçinin Qlobal Cənubun mühüm üzvləri kimi çoxtərəfli platformalarda sıx əməkdaşlığı artıraraq beynəlxalq ədaləti səmərəli şəkildə müdafiə edir.
İki ölkə arasında turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir, qarşılıqlı turist axını dinamik şəkildə artır. İki ölkə arasında qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişin imzalanması turizm sektorunda yeni dalğaya təkan verəcək.
Ramid Namazov
Milli Məclisin deputatı