PDF Oxu

Siyasət

  • 636

Ölkəmizin idman şöhrətini daha da yüksəklərə qaldıran qələbə

image

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan milli güləşçilərlə görüş keçirərək onları böyük uğur münasibətilə təbrik edib. Dövlət başçısının idmançılarla səmimi görüşü ölkəmizdə idmana göstərilən yüksək diqqət və qayğının növbəti təzahürü kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, milli komandamızın Avropa Güləş Çempionatı kimi nüfuzlu yarışda qazandığı qələbə Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların davamıdır: “Milli komandamızı Tiranada keçirilmiş Avropa çempionatında qazandığı böyük qələbə münasibətilə təbrik edirəm. Bu qələbə ölkəmizin idman şöhrətini daha da yüksəklərə qaldırır, Azərbaycan güləş məktəbinin gücünü bir daha nümayiş etdirir.”

Dövlət başçısı qeyd edib ki, Azərbaycanın idman siyasəti məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilir. Son illərdə ölkəmizdə idman infrastrukturu müasir tələblər səviyyəsində qurulmuş, gənc nəslin fiziki və mənəvi inkişafına xüsusi diqqət yetirilmişdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq arenalarda mütəmadi olaraq yüksək nailiyyətlər əldə edir, üçrəngli bayrağımızı zirvələrdə dalğalandırırlar.

Görüş zamanı idmançılar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, əldə olunan uğurların əsasında ölkədə idmanın inkişafına yaradılan şərait, göstərilən dövlət dəstəyi və yüksək motivasiya dayanır. İdmançılar bundan sonra da Azərbaycanın idman şərəfini qorumaq üçün əzmlə çalışacaqlarını vurğulayıblar.

Qeyd olunub ki, güləş Azərbaycanda qədim və zəngin ənənələrə malik idman növüdür və milli komandamız bu ənənəni uğurla davam etdirir. Avropa çempionatında komanda hesabında çempionluq isə bu ənənənin müasir dövrdəki parlaq təzahürüdür.

Sonda Prezident İlham Əliyev idmançılara gələcək yarışlarda yeni-yeni qələbələr arzulayıb, onların uğurlarının davamlı olacağına əminliyini ifadə edib. Bu görüş bir daha göstərdi ki, Azərbaycanda idman yalnız yarış meydanında qazanılan nəticələrlə deyil, həm də dövlət səviyyəsində verilən yüksək qiymətlə ölçülür.

Mansur Quliyev,

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər