Aprelin 27-də Qəbələdə səslənən bəyanatlar bir daha göstərdi ki, enerji sahəsi iki ölkə arasında etimadın ən güclü sütunlarından biridir. Çexiyanın Baş naziri Andrey Babiş açıq şəkildə bildirdi ki, Azərbaycan Çex Respublikasının ən böyük xam neft təchizatçısıdır və idxal edilən neftin 42 faizi Azərbaycandan daxil olur. Bu rəqəm diplomatik ifadələrdən daha güclü danışır. Çünki enerji təhlükəsizliyi hər bir ölkə üçün iqtisadi sabitlik, sənaye istehsalı və gündəlik həyatın davamlılığı deməkdir.
Ölkəmiz dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək beynəlxalq arenada öz mövqeyini möhkəmləndirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında bildirdi ki, "əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır.
Baş nazir Andrey Babişin nümayəndə heyətində Çex Respublikasının iqtisadiyyatın ən müxtəlif sahələrini (dəmir yol və hava nəqliyyatı infrastrukturu və daşımalar, metro qatarları, avtomobil və maşınqayırma sənayesi, enerji (o cümlədən bərpa olunan enerji), müdafiə sənayesi, geologiya və mədən sənayesi, maliyyə, analitik texnologiyalar və laborator şəbəkə xidmətləri və s.) təmsil edən 50 qabaqcıl şirkətinin təmsil olunması iki strateji tərəfdaş olan ölkə arasında iqtisadi-ticari münasibətlərin tarixində kəmiyyət və keyfiyyət baxımından yeni yüksəliş mərhələsinin başlandığına əminlik ifadə etməyə əsas verir.
Dövlət başçısı vurğulamışdır ki, Çexiyanın müdafiə sənayesi sahəsində zəngin təcrübəsi və inkişaf etmiş texnoloji bazası Azərbaycan üçün mühüm tərəfdaşlıq imkanları yaradır. Eyni zamanda, Azərbaycanın son illərdə bu sahədə əldə etdiyi nailiyyətlər, müasir sənaye parklarının yaradılması və yerli istehsal imkanlarının genişlənməsi qarşılıqlı faydalı əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Bu kontekstdə qeyd olunmuşdur ki, müdafiə sənayesində əməkdaşlıq yalnız təhlükəsizlik məsələləri ilə məhdudlaşmır, həm də iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və yüksək texnologiyalar transferi baxımından strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin bəyanatı bir daha sübut etdi ki, Azərbaycanla Çexiya arasındakı dostluq münasibətləri möhkəm təməllər üzərində qurulub. Hökumətlərarası Komissiyanın qarşıdakı fəaliyyəti və planlaşdırılan layihələr bu dostluğun iqtisadi dividendlərə çevrilməsini təmin edəcək.
Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı