Prezident İlham Əliyev: "Biz "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyirik"
Azərbaycan ilə Çin Xalq Respublikası arasındakı münasibətlər müxtəlif siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyat-logistika sahələrini əhatə edir və strateji əməkdaşlıq səviyyəsindədir. İki ölkə arasında dostluq münasibətlərinin uğurlu inkişafı, münasibətlərin gücləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Dövlət başçımızın cari ilin aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri əlaqələrin daha da genişlənməsinə töhfə verəcəkdir. Prezident İlham Əliyevin Çinə rəsmi səfəri çərçivəsində Pekində Çinin CGTN (China Global Television Network) telekanalına verdiyi müsahibəsi zamanı bildirib ki, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub: "Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı".
Xatırladaq ki, 2024-cü il iyulun 3-də qəbul edilən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" dövlətlərarası bağlılığı möhkəmləndirib. Bəyannamədə əməkdaşlığın gələcəkdə genişləndirilməsi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, iki dövlətin ümumi maraqlarının birlikdə müdafiə edilməsi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətinin birgə təşviq edilməsi razılaşdırılıb. Bəyannamədə iki ölkənin dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn müstəqil xarici siyasət yürüdən vacib və etibarlı tərəfdaşlar olduğu təsdiq edilib. Qəbul olunan Bəyanat ÇXR və Azərbaycanı rəsmi strateji tərəfdaşlara çevirib. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir.
"BİZ MÜNASİBƏTLƏRİMİZİ DAHA YÜKSƏK SƏVİYYƏYƏ QALDIRDIQ"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində aprelin 23-də Pekində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması mərasimi olub. Prezident İlham Əliyev və Sədr Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat"ı imzalayıblar. Hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirib və səmimi, dostluq mühitində danışıqlar aparıblar. Dövlətlər bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul ediblər. Bəyanatda qeyd olunur ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıyır. Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Sənəddə o da qeyd olunur ki, tərəflər müasirləşməni birgə şəkildə irəli aparmaq və daha yüksək səviyyəli, yüksək dayanıqlılıq və uzunmüddətli sabitliyə malik yeni birgə inkişaf məkanı yaratmaq üçün "Bir kəmər, bir yol" təşəbbüsünün Azərbaycanın "İpək Yolunun dirçəldilməsi" dövlət inkişaf strategiyası və 2030-cu ilə qədər olan sosial-iqtisadi inkişaf Strategiyası ilə uyğunlaşdırılmasını möhkəmləndirmək barədə razılaşıblar. Dövlətimizin başçısı müsahibəsində bildirib ki, Sədr Si ilə hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatı imzaladıqlarını diqqətə çəkib: "Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq".
Təbii ki, ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. Dövltələr bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. "Biz "Vahid Çin" siyasətini qətiyyətlə dəstəkləyirik", -deyən Prezident bildirib ki, Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasında olmuşuq: "Bəyanatın digər hissəsi ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir və əlbəttə ki, bu addım birgə təşəbbüsümüzdür".
ÇİN-AZƏRBAYCAN HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDAŞLIĞINI DƏRİNLƏŞDİRƏCƏK SƏNƏDLƏR
Azərbaycan Prezidentinin Çinə səfəri çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş", "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında Müqavilə", "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında "Bir kəmər, bir yol" təşəbbüsünün birgə təşviqi üzrə Əməkdaşlıq Planı" və digəər sənədlər imzalanıb.
Ölkələrimiz arasında bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün böyük imkanlar var və artıq Azərbaycanın müvafiq qurumları ilə Çin şirkətləri arasında bu sahədə çoxsaylı sənədlər imzalanıb, Ticarət dövriyyəsi son dövrlərdə 20 faizdən çox artıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığa dair isə 6 sənəd imzalanıb. Bu sənədlər ümumilikdə 260 meqavat gücündə günəş elektrik stansiyaları, 100 meqavatlıq üzən günəş elektrik stansiyası, 30 meqavat gücündə batareya enerji saxlanc sistemi, dənizdə minimum 2 qiqavat gücündə külək elektrik stansiyasının inşası, daha 2 meqavat gücündə külək enerjisi layihəsinin inkişafı, eləcə də bərpaolunan enerji və elektrik enerji sisteminin planlaşdırılması üzrə əməkdaşlığı əhatə edir. İmzalanan sənədlər sırasında İnvestisiya Müqaviləsi Qobustan rayonunda 100 meqavat gücündə günəş elektrik stansiyasının tikintisini və istismarını nəzərdə tutur. 2026-cı ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 180 milyon kilovat-saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 39 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 86 min ton azaltmağa imkan verəcək. Bu layihə üzrə Çin şirkəti ilə əməkdaşlıq hərrac vasitəsi ilə müəyyənləşdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı Azərbaycan və Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında sazişin imzalanması da əhəmiyyətlidir. Azərbaycan ilə Çin arasında viza rejiminin qarşılıqlı olaraq ləğv edilməsi ikitərəfli münasibətlərin inkişafına yönəlib. Bu, transsərhəd səfərləri daha da asanlaşdıracaq, iki xalq arasında əlaqələri möhkəmləndirəcək və Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlığını dərinləşdirəcək.
Yeni imzalanmış sənədlər logistikanın standartlaşdırılmasını təşviq etməklə, transsərhəd gömrük prosedurlarını təkmilləşdirərək ticarəti asanlaşdırmaqla Çin-Avropa quru-dəniz marşrutunun səmərəliliyini də artıracaq.
"BİZ QLOBAL MİQYASDA ƏN BÖYÜK YÜKDAŞIMA, HAVA YOLU İLƏ YÜKDAŞIMA ŞİRKƏTLƏRİNDƏN BİRİNƏ SAHİBİK"
Azərbaycanın dünyanın ikinci ən böyük iqtisadiyyatına, qlobal miqyasda böyük nüfuz və təsir imkanlarına malik Çinlə münasibətləri artan dinamika ilə inkişaf edir. Eyni zamanda, müasir texnologiyalara və güclü maliyyə resurslarına sahib olan Çinlə səmərəli investisiya əməkdaşlığı da həyata keçirilir. Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın xüsusi əhəmiyyət kəsb etməsidir. "Siz "Bir kəmər, bir yol" layihəsi çərçivəsində elektron ticarətə, infrastruktur bağlantılarına, malların daşınmasına necə baxırsınız? Bu, hər iki tərəfdə insanlara və şirkətlərə nə fayda verəcək?" sualına gəlincə Azərbaycan Prezidenti bildirib: "Çin həqiqətən də idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşdır. Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. "Bir kəmər, bir yol" layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik". Hədəfimizin bu marşrut üzərində biznes qurmaq olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bizim Çin şirkətlərinə arxalandığımızı ifadə edib.
ÇİNLƏ AZƏRBAYCAN ARASINDA TRANZİT DAŞIMALARINDA 86 FAİZ ARTIM OLUB
Azərbaycanın ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir. Müasir dövrümüzdə Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i Azərbaycanda aktiv fəaliyyət göstərir.
Azərbaycan ÇXR-in Sədri tərəfindən irəli sürülmüş "Kəmər və yol" təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Ölkəmizə verilən yüksək dəyər təkcə coğrafi mövqeyimiz və tranzit potensialımızla deyil, həm də Azərbaycanın artan beynəlxalq nüfuzu və etibarlı tərəfdaş imici ilə bağlıdır. Xüsusilə, bu layihənin əsas hissəsi olan Orta Dəhlizin inkişafına böyük həcmdə investisiyalar yatırılıb və bu, regionun ən perspektivli layihələrindən birinə çevrilib. "Bu təşəbbüs ikinci onilliyə qədəm qoydu və hələ görüləcək çox iş var. Sizin gələcəyə dair baxışınız necədir?", - sualını Azərbaycan Prezidenti belə cavablandırıb: "Biz artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaratmışıq. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu gün söylədiyim kimi, bu, yalnız başlanğıcdır. Düşünürəm ki, Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq".
Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq Azərbaycan və Çin arasında ikitərəfli münasibətlər inkişaf edir. Çin həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir.
Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi siyasi iradəsinə əsaslanan uzaqgörən siyasəti dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə səbəb olur.
Zümrüd BAYRAMOVA