PDF Oxu

Siyasət

  • 665

Yüksələn xətlə inkişaf edən Azərbaycan - Macarıstan əlaqələri

image

Məlum olduğu kimi, ölkəmizin xarici siyasətinin önəmli istiqamətlərindən biri də Mərkəzi və Şərqi Avropa ölkələri ilə xüsusilə Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, yalnız siyasi və iqtisadi deyil, həm də enerji, təhlükəsizlik və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın dərinləşməsini ehtiva edir. Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Aİ ilə əlaqələrinin inkişafında mühüm rol oynayır. Dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələr daha da genişləndirilir.

Yeri gəlmişkən, qeyd edək ki, Macarıstan ölkəmizin Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. TDT liderlərinin Budapeştdə budəfəki görüşü Avropa İttifaqı ilə Mərkəzi Asiyanın türk ölkələri arasında müşahidə olunan yaxınlaşma fonunda xüsusilə diqqət çəkir. Bu kimi qeyri-rəsmi görüşlər TDT-nin rəsmi sammitlərindən fərqli olaraq daha sərbəst müzakirələrin keçirilməsinə və fikir mübadiləsinə imkan yaradır. Son zamanlarda Macarıstanın təşkilatın fəaliyyətində yaxından iştirak etməsi Avropa ilə əlaqələrin gücləndirilməsi nöqteyi-nəzərindən də müsbət addımdır. Budapeştdəki qeyri-rəsmi Zirvə görüşü Türk dünyasının gələcəyi üçün mühüm mərhələdir və üzv dövlətlərin birgə fəaliyyətinin artırılması istiqamətində əhəmiyyətli addımların atılmasına şərait yarada bilər. Bu tədbir Macarıstanın Şərq və Qərb arasında geosiyasi körpü rolunu gücləndirməsi və türkdilli dövlətlərlə strateji tərəfdaşlığını möhkəmləndirməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Budapeştə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev baş nazir Viktor Orbanla görüşüb. Viktor Orban həm Macarıstana işgüzar səfər etməsinə və səfər çərçivəsində keçirilən ikitərəfli görüşlərə, həm də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi görüşündə iştiraka dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün Şuşa şəhərində keçirildiyini xatırladan və bunun artıq ənənəyə çevrildiyini deyən dövlətimizin başçısı ikinci bu cür tədbirin müşahidəçi dövlət olaraq Macarıstanda keçirilməsini məmnunluqla bildirib. Söhbət zamanı Azərbaycanla Macarıstan arasında sıx siyasi dialoqun mövcud olduğu, mütəmadi şəkildə məsləhətləşmələrin aparıldığı və beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini dəstəklədiyi qeyd edilib. Azərbaycanın və Macarıstanın beynəlxalq səviyyədə öz ölkələrinin milli maraqları əsasında müstəqil siyasət aparan dövlətlər olduqları vurğulanıb.

"Energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq". Bu fikirləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında söyləyib. Dövlət başçısı əlavə edib ki, Azərbaycanın quru neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq: "Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq, mən bu gün qeyd etdim və Baş nazir burada qeyd etdi ki, Macarıstanın tələbatı olan səviyyədə biz qaz təminatı təşkil edə bilərik". Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Prezident deyib: "Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq". Macarıstanın Baş naziri Viktor Orban mətbuata bəyanatında bildirib: "Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub".

Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə Macarıstan arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığı daha da möhkəmləndirir və ölkələr arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə "yaşıl enerji" sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Macarıstan paytaxtında dövlət başçılarının görüşü zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edib ki, hər iki dövlət energetika sahəsində uğurlu əməkdaşlıq edir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Ölkələrimiz arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin mühüm rolunu daim təqdir edir. Dost ölkə Cənub Qaz Dəhlizi layihəsini dəstəkləyir. Macarıstan tərəfi Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur. 2022-ci ildə Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətləri arasında "yaşıl enerji" sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş ölkələrimizin enerji sahəsində əməkdaşlığının daha da dərinləşməsində böyük əhəmiyyətə malikdir. İki ölkə arasında ticarət dövriyyəsindəki artım və investisiya təşəbbüsləri göstərir ki, əməkdaşlıq sadəcə dövlətlərarası deyil, həm də biznes mühitləri arasında qurulur. Macarıstan şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr, infrastruktur və təhsil obyektlərinin tikintisi, həm də postmünaqişə dövrü diplomatiyasının yeni mərhələsidir. Bu, Macarıstanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təkcə sözlə deyil, əməli fəaliyyətlə dəstəklədiyini göstərir. SOCAR ilə "MVM", "MOL" və digər iri macar şirkətləri arasında imzalanmış müqavilələr isə enerji və sənaye sahəsində real iqtisadi modelin qurulduğuna dəlalət edir. Həmçinin dərman istehsalı, kosmik texnologiyalar, azad iqtisadi zonalarda əməkdaşlıq dost ölkənin texnoloji potensialından Azərbaycanda istifadə olunmasının başlanğıcıdır.

Azərbaycan və Macarıstan arasında əməkdaşlıq son illərdə sürətlə genişlənir və bütün sahələri əhatə edir. Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində macar şirkətləri aktiv iştirak edir. İstehsal, logistika, tikinti sənayesi və Azərbaycan hökumətinin həyata keçirdiyi bərpa layihələrində macar investorlar iştirak edir. Bu əməkdaşlıq bütün Avropa üçün strateji əhəmiyyət kəsb edir. Xəzər dənizinin altından çəkilməsi nəzərdə tutulan kabel vasitəsilə Azərbaycanın elektrik enerjisinin Mərkəzi Avropaya ötürülməsi inqilabi əhəmiyyət daşıyır. Layihənin əhatə dairəsi yalnız ilkin iştirakçı ölkələrlə məhdudlaşmır. Belə ki, Özbəkistan və Qazaxıstan da bu sistemə qoşulmaqda maraqlıdır. Ölkəmizin enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda öz bəhrəsini verir. Rəsmi Bakının sabit və sülh siyasəti onu Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Bu uğura nail olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsbət nəticələrə hesablanmış praqmatik xarici siyasətinin və çevik diplomatik addımlarının müstəsna rolu var. Bu, qitə ölkələrinin diqqətindən qaçmır. Azərbaycan-Macarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Ümumiyyətlə, Azərbaycan enerji sektoru ilə yanaşı, qeyri-neft sektoru istiqamətdə də əməkdaşlıqda da maraqlıdır. Elə ona görə də Macarıstanla münasibətlərimizə digər sahələr də daxildir. Qeyd edək ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. NATO-nun üzvü olan Macarıstan həm də əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi və Şərqi Avropanın ən böyük nəqliyyat hablarından birinə çevrilib. Qısa müddət ərzində iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlıq inkişaf yoluna qədəm qoyub. Hazırda Azərbaycanda 20-dən çox Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir. 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın "Wizz Air" şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir. Ölkələrimiz arasında birbaşa uçuşların genişləndirilməsi insanları birləşdirən, qarşılıqlı anlaşmanı artıran mühüm addımlardandır. Dostluq əlaqələrinin daha da möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Belə ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olub. Macarstan lideri Viktor Orbanın Türk Dövlətləri Təşkilatı Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edirdi. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Macarıstan COP29-da istisna hal kimi Baş nazir səviyyəsində təmsil olunub. Təqdirəlayiq haldır ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir. Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını hər zaman müdafiə edir. Mayın 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstana işgüzar səfəri iki dost dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsində mühüm rol oynayacaq. Bu əməkdaşlıq həm Azərbaycanın Avropadakı nüfuzunu, həm də Macarıstanın Türk dünyası ilə əlaqələrini gücləndirir. Əminliklə demək olar ki, bu tərəfdaşlıq modeli gələcəkdə daha geniş regional bloklaşmaların əsasını təşkil edə bilər.

Anar Rzayev,

YAP Göygöl rayon təşkilatı üzrə Şəhriyar kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər