Macarıstan Azərbaycan Respublikasının müstəqilliyini 26 dekabr 1991-ci il tarixində tanımış, iki ölkə arasında diplomatik münasibətlər isə 27 aprel 1992-ci il tarixində qurulmuşdur.
Azərbaycanın Macarıstandakı Səfirliyi 1 sentyabr 2004-cü ildə, Macarıstanın Azərbaycandakı Səfirliyi isə 12 yanvar 2009-cu ildə fəaliyyətə başlamışdır.
İki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu çərçivədə 11 noyabr 2014-cü il tarixində “Azərbaycan Respublikası ilə Macarıstan arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”, 30 yanvar 2023-cü il tarixində isə “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır.
Azərbaycan, Macarıstan ilə münasibətlərin inkişafına böyük önəm verir və bu əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Azərbaycan və Macarıstan arasında parlamentlərarası əməkdaşlıq da müsbət dinamika ilə inkişaf edir. Azərbaycan Milli Məclisində Azərbaycan–Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində isə Macarıstan–Azərbaycan dostluq qrupu uğurla fəaliyyət göstərir. Bu günədək iki ölkə arasında 50-dən artıq sənəd imzalanmış və bu sənədlər müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynamışdır.
Macarıstan, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan ilk dövlətlərdən biri olmuş və bu dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də açıq şəkildə nümayiş etdirmişdir. Hazırda Macar şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinə fəal şəkildə qoşulurlar. Prezident İlham Əliyev parlament sədrləri ilə görüşündə xüsusi olaraq vurğulamışdır ki, Cəbrayıl rayonunda Macarıstanın maliyyə dəstəyi ilə bir məktəbin inşası ölkələrimiz arasında birlik və dostluğun bariz nümunəsidir.
Macarıstan, həmçinin Azərbaycanın Avropa İttifaqındakı etibarlı tərəfdaşlarından biri və enerji təhlükəsizliyində önəmli rolunu qəbul edən ölkələrdəndir. Rəsmi Budapeşt Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləmiş, “Şahdəniz” yatağında hasilatın pay bölgüsü sazişində 5 faizlik paya sahib olmaqla Azərbaycanın qaz təchizatı coğrafiyasında öz yerini möhkəmləndirmişdir. Bu fakt, ölkələrimiz arasında yüksək etimad və dosluq mühitinin mövcudluğunu bir daha təsdiqləyir.
Humanitar sahədə də Azərbaycan–Macarıstan münasibətləri inkişaf edir. Macarıstan hökumətinin dəstəyi ilə həyata keçirilən “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il 200 Azərbaycanlı gənc Macarıstanda təhsil almaq imkanı qazanır. Eyni zamanda, Azərbaycan Dillər Universitetində Macar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Bir neçə Macarıstan və Azərbaycan şəhərinin qardaşlaşması da bu əlaqələrin inkişafının göstəricisidir.
Prezident İlham Əliyevin dediyi kimi, Macarıstan Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda fəal mövqeyə malik olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqındakı mühüm dayaqlarından biridir. Bu da iki ölkə arasında dostluq və strateji tərəfdaşlığın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir.
Şamo Qasımov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədr müavini