Qloballaşan dünyada ikitərəfli münasibətlərin əhəmiyyəti yalnız tarixi və diplomatik bağlarla deyil, həmçinin qarşılıqlı maraqlara, strateji baxışa və uzunmüddətli əməkdaşlıq formatlarına əsaslanır. Azərbaycan ilə Macarıstan arasında son illərdə inkişaf edən münasibətlər məhz bu nümunəvi yanaşmanın parlaq təcəssümüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Budapeştə həyata keçirdiyi son işgüzar səfər bir daha təsdiqlədi ki, Bakı və Budapeşt yalnız dost ölkələr deyil, eyni zamanda Avrasiyada geosiyasi sabitliyin və qarşılıqlı etimadın əsas dayaqlarındandır. Səfər zamanı keçirilmiş yüksək səviyyəli görüşlər, aparılan geniş tərkibli danışıqlar və imzalanan sənədlər Azərbaycan–Macarıstan əməkdaşlığının artıq yeni, daha dərin və çoxşaxəli mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Enerji, nəqliyyat, mədəniyyət, şəhərsalma, miqrasiya, kosmik texnologiyalar və təhsil sahələrini əhatə edən bu sənədlər iki ölkə arasında strateji əməkdaşlığın nə qədər geniş platformaya malik olduğunu göstərdi. Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla birgə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər bu strateji tərəfdaşlığın ideoloji və siyasi əsaslarını aydın şəkildə ortaya qoydu. Prezidentin dediyi kimi: “Biz bütün başqa məsələlərdə də iki dost və tərəfdaş ölkə kimi birgə fəaliyyət göstəririk.” Bu bəyanat təkcə diplomatik ritorika deyil, real faktlarla sübuta yetirilən bir strateji əməkdaşlıq xəttidir. İkitərəfli münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Xüsusilə Cənub Qaz Dəhlizinin inkişafı və Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasında Macarıstanın tranzit ölkə rolunu üzərinə götürməsi bu əməkdaşlığın strateji mahiyyətini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, artıq Azərbaycan qazı Bolqarıstan və Rumıniya üzərindən Macarıstana çatdırılır və buradan da digər Avropa ölkələrinə ötürülməsi nəzərdə tutulur. Bu, Azərbaycanın təkcə enerji təchizatçısı deyil, həm də Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir. Mədəniyyət sahəsində həyata keçirilən təşəbbüslər, xüsusilə də Şuşa ilə Vesprem arasında dostluq əlaqələrinin qurulması, Azərbaycan–Macarıstan münasibətlərində mənəvi bağların gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu cür layihələr xalqlar arasında qarşılıqlı anlaşma və hörmətin formalaşmasına, ortaq dəyərlərin paylaşılmasına zəmin yaradır. Təhsil sahəsində əməkdaşlıq isə ölkələrarası əlaqələrin gələcəyini müəyyən edən əsas amillərdəndir. Macarıstan hökumətinin təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gəncin bu ölkədə təhsil alması, gələcəkdə intellektual körpünün qurulmasına, qarşılıqlı anlayışın və professional əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. Bu, eyni zamanda Azərbaycanın insan kapitalına yatırılan strateji investisiyadır. Xüsusilə diqqətəlayiq məqam Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində Macarıstan şirkətlərinin fəal iştirakıdır. Prezident İlham Əliyev bu əməkdaşlığı yüksək qiymətləndirərək bildirmişdir ki, bu fəaliyyət təkcə iqtisadi deyil, həm də siyasi və mənəvi dəstəyin göstəricisidir. Bu, beynəlxalq həmrəyliyin və inamın təcəssümü kimi çıxış edir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu da tərəflər arasında mədəni-siyasi yaxınlığın və ortaq köklərin göstəricisidir. Bu status, Budapeştin türk dünyası ilə daha sıx inteqrasiya istəklərinin rəsmi ifadəsi olmaqla yanaşı, Azərbaycanın təşəbbüslərinə verilən strateji dəstəyin təzahürüdür.
Bu gün Azərbaycan–Macarıstan münasibətləri sadəcə diplomatik jestlərlə və ya protokol xarakterli görüşlərlə məhdudlaşmır. Bu münasibətlər real nəticələrə yönəlmiş, davamlılıq prinsipi üzərində qurulmuş və gələcək nəsillərə fayda gətirəcək bir əməkdaşlıq modelidir. Dostluğa, qarşılıqlı maraqlara və strateji baxışa söykənən bu tərəfdaşlıq həm Azərbaycanın, həm də Macarıstanın beynəlxalq nüfuzuna və daxili inkişaf dinamikasına mühüm töhfələr verir.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini