PDF Oxu

Siyasət

  • 921

Ölkəmiz Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək

image

Məlumdur ki, ölkəmizin xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrin inkişafı xüsusi strateji əhəmiyyət daşıyır. Bu regionla qurulan münasibətlərdə tarixin, mədəniyyətin və ortaq maraqların yaratdığı körpülər var. Macarıstan isə bu mənada xüsusi yer tutur. Azərbaycan-Macarıstan münasibətləri illər ərzində dostluqdan strateji tərəfdaşlığa doğru inkişaf edib və bu gün artıq qarşılıqlı inam, siyasi dialoq və konkret layihələrlə zəngin bir əməkdaşlıq müstəvisi formalaşıb. Rəsmi Bakı ilə Budapeşt arasında qurulan münasibətlər zamanın sınağından uğurla çıxıb. İkitərəfli təmaslar həm enerji, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə konkret layihələrə yol açıb, həm də regional sabitliyin möhkəmləndirilməsinə yönələn ortaq təşəbbüslərlə zənginləşib. Diplomatik əlaqələrin intensivliyi, dövlət başçılarının və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər bu münasibətlərin dərinliyini və perspektivlərini aydın şəkildə göstərir. Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu da bu əlaqələrin çoxşaxəli və dinamik xarakterini nümayiş etdirir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın TDT-dəki fəaliyyətində Macarıstanla əməkdaşlıq müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Türk dünyasındakı rolunu və təşəbbüskar mövqeyini bir daha diqqətə çatdıraraq tədbirə ev sahibliyinə görə Macarıstanın Baş naziri Viktor Orbana təşəkkür etdi, Macarıstan-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğuladı. Dövlət başçısı TDT çərçivəsində birgə iqtisadi layihələrin genişləndirilməsinə toxunaraq bildirdi ki, Azərbaycan üzv ölkələrə 20 milyard dollardan çox sərmayə yatırıb, nəqliyyat sahəsində Azərbaycanın açıq dənizə çıxışı olmasa da, Avrasiyanın mühüm nəqliyyat-logistika mərkəzinə çevrilib. O, Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artırıldığını, Xəzər dənizində 50-dən çox ticarət gəmisinin fəaliyyət göstərdiyini və hazırda 10 yeni gəminin inşa edildiyini bildirdi. Dövlət başçısı TDT çərçivəsində birgə iqtisadi layihələrin genişləndirilməsinə diqqət çəkərək qeyd etdi ki, Azərbaycan Xəzər dənizində malik olduğu 50-dən çox ticarət gəmisi ilə türk dövlətləri üçün mühüm tranzit və logistika xidməti göstərən əsas nəqliyyat mərkəzlərindən biridir. Bu sahədə infrastrukturun daha da inkişaf etdirilməsi məqsədilə hazırda Bakı Gəmiqayırma Zavodunda müxtəlif təyinatlı 10 yeni gəminin inşası davam etdirilir. Bu addım Azərbaycanı regionda gəmiçilik və dəniz nəqliyyatı sahəsində daha güclü oyunçuya çevirir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin logistika imkanlarının genişlənməsində xüsusi rol oynayır. Hava nəqliyyatı sahəsində də ölkə sürətlə inkişaf edir. Azərbaycanda hazırda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir və 9-cu beynəlxalq hava limanının yaxın zamanda istifadəyə verilməsi gözlənilir. Xüsusilə diqqətçəkən məqam odur ki, bu hava limanlarından 3-ü Azərbaycanın erməni işğalından azad olunmuş ərazilərində - Füzuli, Zəngilan və Laçında yerləşir. Bu hava limanları bölgənin bərpası, iqtisadi inkişafı və türk dünyası ilə daha sıx inteqrasiya baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, yükdaşımaların effektiv şəkildə həyata keçirilməsi üçün illik 1,5 milyon ton yük qəbul etmək qabiliyyətinə malik olan müasir karqo terminalının tikintisi də həyata keçirilir. Bütün bu addımlar Azərbaycanın regionda mühüm nəqliyyat və logistika qovşağı kimi rolunu daha da möhkəmləndirir və türk dövlətləri arasında ticarət, nəqliyyat və iqtisadi əlaqələrin inkişafına ciddi töhfə verir.

Qeyd edək ki, Azərbaycanın xarici siyasətdə qazandığı ən böyük uğurlardan biri də 200 ölkənin yekdil qərarı ilə ötən il COP29-a ev sahibliyi etməsi olub. Bu türk dünyası üçün də böyük qürurdur. Tədbirdə 197 ölkədən 77 min iştirakçı iştirak edib. 70 dövlət və hökumət başçısının COP29-a qatılması Azərbaycanın nüfuzunun göstəricisidir. Azərbaycan yüksək tədbirdə Qlobal Cənub ilə Qlobal Şimal arasında mühüm körpü rolunu uğurla oynayaraq, qlobal iqlim gündəliyində əhəmiyyətli qərarların qəbul olunmasına rəhbərlik etdi. Bakı şəhərində keçirilən bu beynəlxalq tədbirdə inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılması üzrə tarixi razılaşma əldə edildi. Xüsusilə, maliyyə yardımının illik 100 milyard ABŞ dollarından 300 milyard ABŞ dollarına qədər yüksəldilməsi məqsədini daşıyan yeni maliyyə hədəfi üzərində birgə anlaşma təmin olundu. Bundan əlavə, COP29 çərçivəsində on illərdir həllini tapmayan karbon bazarlarının tənzimlənməsi mövzusunda konsensusa nail olunması da böyük əhəmiyyət kəsb edir. Eyni zamanda iqlim dəyişmələrinin yaratdığı itkilərin və zərərlərin ödənilməsi üçün yaradılmış İtki və Zərər Fondu fəaliyyətə başladı və işlək vəziyyətə gətirildi. Bu uğurlar COP29-un qlobal iqlim mübarizəsində dönüş nöqtəsi kimi tarixə "Bakı sıçrayışı" adı ilə düşdü.

COP29 tədbiri zamanı TDT-yə üzv Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında mühüm saziş imzalandı. Bu əməkdaşlıq üç ölkədə istehsal olunan "yaşıl enerji"nin Xəzər dənizindən Qara dəniz marşrutu vasitəsilə dünya bazarlarına ixracını mümkün edərək, regionun enerji təhlükəsizliyini və davamlılığını artıracaq yeni imkanlar açır. Bu təşəbbüs, həmçinin türk dünyasında "yaşıl enerji" sahəsində inteqrasiyanın və iqtisadi əməkdaşlığın gücləndirilməsində vacib addım kimi qiymətləndirilir. Qeyd edək ki, TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Budapeşt Bəyannaməsi qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış Bəyannamə 71 bənddən ibarətdir.

Bəyannamədə türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional, qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Sənəddə türk dövlətlərinin regionda və onun hüdudlarından kənarda rolunu artıran siyasi, iqtisadi, ekoloji, sosial və mədəni nailiyyətləri təqdir edən prezidentlər "Türk Dünyası Xartiyası"nı türk xalqlarının ortaq mədəniyyətinin, adət-ənənələrinin, dilinin və tarixinin əsas ifadəsi və onların ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün birləşdirici rolunu tanıyıblar. Bəyannamədə türk dövlətlərinin birliyini və həmrəyliyini pozmağa yönəlmiş istənilən təhdid və hərəkətlərə qarşı birgə mövqe ifadə olunub. Terrorizm, transmilli cinayətkarlıq, kibercinayətkarlıq və onların maliyyələşdirilməsi ilə birgə mübarizə aparmaq öhdəliyi təsdiqlənib. Bu çərçivədə Türkiyənin Suriyada sabitlik və təhlükəsizlik naminə roluna dəstək ifadə olunub, sanksiyaların ləğvi zəruri sayılıb. Qəzzadakı humanitar böhrana görə dərin narahatlıq bildirilir; atəşkəs, girov mübadiləsi və yardımın təmin edilməsi çağırışı edilir. İkidövlətli həll prinsipi dəstəklənir. Əfqanıstan üzrə TDT İşçi Qrupunun yaradılması alqışlanır. TDT çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi niyyəti bir daha təsdiqlənir, üzv dövlətlərin aidiyyəti qurumlarına bu istiqamətdə səylərin intensivləşdirilməsi tapşırılır. Bundan başqa, qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi "Bakı Prosesi"nin uğuru yüksək qiymətləndirilir və Azərbaycan bu istiqamətdə davamlı liderliyinə görə təqdir edilərək, 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilinə dəstək ifadə olunub. Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişmələri Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir edilib. Sənəddə üzv dövlətlərin fəaliyyətində iqtisadi, ticarət, nəqliyyat, mədəni, elmi, siyasi sahələrdə əməkdaşlığın artırılması da vurğulanıb, Novruz bayramının TDT çərçivəsində qeyd olunması da diqqətə çatdırılıb. Bu, türk dövlətləri arasında ortaq mədəniyyətin təbliği və ictimai-mədəni əlaqələrin gücləndirilməsi baxımından əlamətdar bir hadisə kimi qiymətləndirilir. Ən əsası, Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu da yüksək qiymətləndirilib.

Elnur Nəbiyev,

YAP Göygöl rayon təşkilatı üzrə Dozular kənd ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər