PDF Oxu

Siyasət

  • 989

Azərbaycan ilə Macarıstan strateji tərəfdaşdır

image

Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Macarıstanda işgüzar səfərdə oldu. Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə reallaşan bu səfər iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.

Cənab İlham Əliyevin mayın 20-də Macarıstana işgüzar səfəri çərçivəsində Baş nazir Viktor Orbanla keçirdiyi görüşlərdə, mətbuata bəyanatında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini əsaslı şəkildə diqqətə çatdırıldı. Azərbaycan ilə Macarıstan strateji tərəfdaşdır. İki ölkə iqtisadiyyat, mədəniyyət, elm və turizm sahələrində uğurlu əməkdaşlıq edir.
İkitərəfli əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm addımlardan biri də Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. Bu çərçivədə ilk iclas 2023-cü ilin sentyabrında Budapeştdə, ikinci iclas isə 2024-cü ilin iyununda Bakıda baş tutub.
Macarıstan Azərbaycanı enerji sahəsində etibarlı və strateji tərəfdaş olaraq görür və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində ölkəmizin vacib rolunu yüksək qiymətləndirir. Azərbaycanın enerji potensialı, xüsusilə təbii qaz və bərpaolunan enerji sahələrindəki uğurları, Macarıstanın enerji təminatını şaxələndirmək məqsədilə ölkəmizin layihələrinə dəstəyini daha da artırır. Liderlərin mətbuata bəyanatında bu məqamlara xüsusi diqqət yönəldildi. Cənab İlham Əliyev bildirdi ki, iki ölkə energetika sahəsində uğurla əməkdaşlıq edir. Bizim ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaqdır. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir: “Bizim gələcəkdə qaz ehtiyatlarımızın işlənilməsi nəzərdə tutulur. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Yəni bu, reallaşacaq layihələrdir. Təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır”.
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü əlaqələrimizin daha da inkişafında, bütün türk dövlətlərinin münasibətlərinin möhkəmlənməsində öz sözünü deyəcək. Macarıstan Avropa ilə Türk dünyası arasında körpü qurmağa çalışır. Cənab İlham Əliyev mətbuata bəyanatında bu reallıqları da qeyd etdi ki, Azərbaycanla Macarıstan arasında bir çox oxşarlıqlar var: “Birincisi, bizim tarixi köklərimiz. Bilirəm ki, macar xalqı öz tarixi köklərinə çox bağlıdır. Ölkələrimizin əhalisinin sayının təxminən eyni olması, ölkə ərazisinin sahəsi də demək olar bir-birinə çox yaxındır. Oxşarlıqlardan biri də Sizin də qeyd etdiyiniz kimi, Macarıstan açıq dənizlərə çıxışı olmayan ölkədir. Azərbaycan da elə ölkələrdəndir. Düzdür, biz Xəzər dənizinin sahilində yerləşirik, ancaq açıq dənizlərə bizim də çıxışımız yoxdur. Bir də Siz qeyd etdiniz ki, Macarıstan müharibə aparan ölkə ilə həmsərhəddir. Biz də eyni vəziyyətdəyik. Siz müharibə aparan bir ölkə ilə, biz isə digəri ilə həmsərhədik. Yəni, bu oxşarlıqlar təbii olaraq qarşılıqlı anlaşma üçün də gözəl zəmin yaradır. Çünki biz demək olar ki, eyni çağırışlarla üz-üzəyik”.
Ölkələrimiz arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və strateji maraqlar əsasında inkişaf edir. Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv ölkələrinə ümumilikdə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun da fəaliyyətə başlaması gözlənilir. Bütün bunlar onu göstərir ki, Azərbaycan türk dövlətləri ilə Avropa arasında iqtisadi əlaqələrin inkişafında maraqlıdır və bu istiqamətdə mühüm addımlar atır. Hər bir addım, təşəbbüs türk dünyasının birliyində əhəmiyyətli rol oynayır. Bugünümüzün əsas çağırışlarından biri məhz bu birliyin möhkəmləndirilməsi, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artırılmasıdır. Dövlət başçısı İlham Əliyev təşkilatın böyük gələcəyi olduğunu əminliklə bildirir.

Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri

Digər xəbərlər