Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə münasibətlərində yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi dəyərləndirilir. Səfər çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar hər iki dövlətin ortaq dəyərlərə və strateji məqsədlərə əsaslanan səmimi və sabit münasibətlərinin dərinləşdiyini bir daha sübut edir.
Tarixi amillər, əhalinin sayı və ərazi ölçülərinin yaxınlığı, habelə hər iki ölkənin açıq dənizlərə birbaşa çıxışının olmaması və qarşılaşdığı təhlükəsizlik çağırışları Azərbaycan və Macarıstan arasında mühüm paralellər yaratmaqdadır. Bu ümumi xüsusiyyətlər ölkələrimiz arasında strateji əməkdaşlıq üçün əlverişli zəmin formalaşdırır. Hər iki xalqın öz tarixi-mədəni irsinə dərin bağlılığı, bu dost dövlətlərin müstəqil siyasət yürütməsi, regional və qlobal proseslərə yanaşmada bənzər mövqelər tutmaları qarşılıqlı anlaşmanı daha da möhkəmləndirir. Eyni zamanda, müharibə aparan dövlətlərlə həmsərhəd olmaq və regional təhlükəsizliklə bağlı oxşar çağırışlarla üzləşmək rəsmi Bakı və Budapeşt arasında birgə maraqlar əsasında yeni əməkdaşlıq formatlarının formalaşmasına imkan yaradır. Belə bir geosiyasi reallıqda qarşılıqlı etimad və strateji tərəfdaşlıq həm ikitərəfli münasibətlərin möhkəmlənməsinə, həm də sabitlik və rifaha töhfə verəcək.
Azərbaycan-Macarıstan münasibətlərində enerji sahəsi xüsusi yer tutur. Macarıstan şirkətləri ölkəmizin əsas neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də iştirak edir, gələn ilin əvvəlində isə daha bir yeni kontraktın imzalanması gözlənilir. Bununla yanaşı, Azərbaycan artıq Macarıstana təbii qaz ixracına başlayıb və bu sahədə əməkdaşlıq sürətlə genişlənməkdədir. Enerji təhlükəsizliyi məsələlərinin Avropa gündəmində prioritet təşkil etdiyi bir dövrdə Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış etməsi Macarıstan üçün strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qaz təchizatında şaxələndirməni təşviq edir və bu istiqamətdə Macarıslanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları, güclü nəqliyyat infrastrukturu və geniş beynəlxalq enerji şəbəkəsinə inteqrasiyası Macarıstana təbii qaz ixracının həcmini tədricən artırmağa real imkanlar yaradır. Həmçinin bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin Avropa üçün strateji rolunu bir daha təsdiqləyir və dövlətimizin enerji strategiyasının əsas elementlərindən biri kimi Avropa bazarlarında iştirakını möhkəmləndirir. Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da xüsusi önəm daşıyır. Hazırda Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsi, 8-i isə Avropa İttifaqının üzvüdür. Avropa Komissiyası tərəfindən Azərbaycan etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi tanınır. Azərbaycan və Macarıstan yaşıl enerji sahəsində də fəal əməkdaşlıq edir. Ölkəmiz yaxın beş ildə 6 min meqavat gücündə yaşıl enerji istehsalı planlaşdırır ki, bu da təxminən 3-4 milyard kubmetr təbii qaza qənaət etməyə imkan verəcək. Bu resursların əsas ixrac istiqamətləri sırasında Macarıstan da yer alır.
Azərbaycan ilə Macarıstan arasında səmimi dostluq münasibətlərinin mənəvi-siyasi tərəflərindən biri iki ölkənin Türk dünyasında əməkdaşlığa dair ortaq mövqedən çıxış etmələridir. Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi birinci Zirvə görüşü ötən il Şuşada keçirilib. Bu il isə ikinci Zirvə görüşü Macarıstanın təşəbbüsü ilə Budapeştdə baş tutub. Dövlətimizin başçısı Macarıstanın bu prosesdəki fəallığını yüksək qiymətləndirərək belə yanaşmanı ölkənin Türk dünyasına olan dərin bağlılığının təzahürü kimi dəyərləndirib.
Prezident İlham Əliyevin Macarıstanın uğurlarını təqdir etməsi və xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət yürütməsinə verdiyi yüksək dəyər rəsmi Bakının bu dost ölkənin milli maraqlara əsaslanan siyasi xəttini müsbət qiymətləndirdiyini nümayiş etdirir. Bu paralellik Azərbaycan və Macarıstan arasında qarşılıqlı inamın, strateji həmrəyliyin və uzunmüddətli, çoxşaxəli əməkdaşlığın daha da dərinləşməsinə möhkəm zəmin yaradır. Bu kimi ortaq yanaşmalar iki ölkənin beynəlxalq arenada bir-birini dəstəkləməsinə və qarşılıqlı maraqlara əsaslanan siyasət aparmasına geniş imkanlar yaradır. Macarıstanın prinsipial mövqeyi, öz dövlətçilik maraqlarına xidmət edən təşəbbüslərdə iştirak etməsi Azərbaycanın da xarici siyasət strategiyasına uyğun gəlir.
Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri iki ölkə münasibətlərinin yeni strateji mərhələdə inkişaf etdiyini bir daha təsdiqləyir. Bu münasibətlər həm Türk dünyasının inteqrasiyasına, həm də Avropa ilə yeni körpülərin qurulmasına töhfə verəcək.
Nurlan Həsənov
Milli Məclisin deputatı