"1985-ci ildən başlayaraq, xüsusilə 1986–1987-ci illərdə Azərbaycanın ictimai-siyasi həyatında dərin sarsıntılar və dönüş nöqtələri baş verdi. Sovet İttifaqının son illərində mərkəzi hakimiyyətin apardığı qeyri-ədalətli siyasət, xüsusilə Azərbaycanın maraqlarını nəzərə almadan verilən qərarlar, xalqın milli qüruruna, haqlarına və gələcəyinə ciddi təhdidlər yaratdı. Bu dövr, Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin başlanğıc nöqtəsi kimi qiymətləndirilir". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun elmi işçisi, tarixçi alim Paşa Həsənli deyib.Onun sözlərinə görə, o vaxt hələ Azərbaycan müstəqil dövlət deyildi. Lakin SSRİ-nin tərkibində fəaliyyət göstərən Azərbaycan Sovet Sosialist Respublikası xalqımızın dövlətçilik tarixində əhəmiyyətli mərhələlərdən biri sayılır. Bu mərhələdə baş verən hadisələr, Azərbaycan xalqının milli özünüdərk prosesinin sürətlənməsinə və azadlıq ideyalarının güclənməsinə səbəb oldu: "Sovet rəhbərliyinin, xüsusilə Mixail Qorbaçovun dövründə, erməni separatizmi açıq şəkildə dəstəklənməyə başladı. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları mərkəzi hökumətin susqunluğu və ya dolayı dəstəyi ilə müşayiət olunurdu. Qarabağda baş verən hadisələr, azərbaycanlı əhalinin öz yurdlarından sıxışdırılıb çıxarılması, bu təcavüzkar siyasətin açıq təzahürü idi. Bu vəziyyət Azərbaycan cəmiyyətində dərin hiddət və narazılıq yaratdı.Bu narazılığın nəticəsi olaraq 1988-ci ildən etibarən Azərbaycanda Milli Azadlıq Hərəkatı güclənməyə başladı. Bu hərəkat öz miqyası və təsir dairəsinə görə, Azərbaycanın tarixi boyunca baş vermiş ən kütləvi xalq hərəkatlarından biri oldu. Əhalinin bütün təbəqələri — ziyalılar, tələbələr, müəllimlər, kənd və şəhər sakinləri, keçmiş partiya funksionerləri, hətta Sovet idarəetmə orqanlarının bəzi nümayəndələri belə — bu hərəkatı dəstəkləyirdi. Azərbaycan xalqı ilk dəfə bu qədər böyük vəhdət içində milli azadlıq uğrunda birləşmişdi.Milli Azadlıq Hərəkatı təkcə siyasi mübarizə deyildi. Bu, həm də mənəvi oyanış, milli kimliyin bərpası, tarixi yaddaşın dirçəlişi idi. Azərbaycan xalqı əsrlərdir basdırılmış, boğulmuş milli iradəsini yenidən ifadə etməyə başlamışdı. Bu hərəkat nəticəsində 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini rəsmi şəkildə bərpa etdi. Eyni zamanda Sovet İttifaqının süqutuna təkan verən əsas qüvvələrdən biri də məhz Azərbaycandakı bu xalq hərəkatı oldu.Lakin müstəqilliyin əldə olunması ilə hər şey bitmədi. Əksinə, qarşıda daha çətin və mürəkkəb bir mərhələ başlayırdı. Ermənistan tərəfindən başlanan işğal siyasəti davam etdirildi, Dağlıq Qarabağ və ətraf rayonlar ard-arda işğal olundu. Rusiya tərəfindən Azərbaycana qarşı təzyiqlər gücləndi, daxildə isə siyasi sabitlik pozuldu. 1992–1993-cü illərdə ölkədə xaos, anarxiya, zəif idarəçilik və silahlı toqquşmalar hökm sürürdü. Dövlət strukturları iflic olmuş, xalq hakimiyyətsiz vəziyyətdə qalmışdı.1993-cü ilin yayında ölkədə baş verən siyasi böhran kulminasiya nöqtəsinə çatdı. Gəncədə baş verən qiyam, ölkədə vətəndaş qarşıdurmasına çevrilmək təhlükəsi yaradırdı. Xarici qüvvələr bu vəziyyətdən istifadə edərək Azərbaycana təsir imkanlarını artırmağa çalışır, ölkənin suverenliyini təhlükə altına salmaq niyyətində idilər. Belə bir şəraitdə xalqın çağırışı və tələbi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı.Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi Azərbaycanın müstəqillik tarixində dönüş nöqtəsi oldu. O, böyük siyasi və idarəçilik təcrübəsinə, qətiyyətli liderlik keyfiyyətlərinə malik bir dövlət xadimi kimi ölkəni dağılmaqdan xilas etdi. Əvvəlcə ölkədə sabitlik bərpa olundu, qanunsuz silahlı dəstələr tərksilah edildi, hüquqi dövlətin bərpası üçün ciddi islahatlara start verildi.Rusiya tərəfindən Azərbaycana qoşun yeridilməsi, sərhədlərin rus hərbi birləşmələri tərəfindən qorunması və Azərbaycanda hərbi bazaların yaradılması ilə bağlı təkliflər Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Bu, Azərbaycanın siyasi müstəqilliyini qorumaq baxımından son dərəcə mühüm addım idi. Əgər bu təkliflər qəbul olunsaydı, Azərbaycan formal olaraq müstəqil olsa da, faktiki olaraq yenidən xarici güclərin təsiri altına düşəcəkdi.Bununla yanaşı, Heydər Əliyev Azərbaycanın enerji resurslarını milli maraqlar əsasında idarə etməyə və beynəlxalq enerji layihələrinə qoşulmağa başladı. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və sonrakı illərdə həyata keçirilən Bakı–Tbilisi–Ceyhan neft kəməri kimi iri layihələr Azərbaycanın iqtisadi təhlükəsizliyini və müstəqilliyini təmin etdi. Enerji resurslarının dünya bazarlarına çıxarılması ölkəyə böyük valyuta axını gətirdi, investisiya mühiti yaxşılaşdı, yeni iş yerləri yarandı. Bu iqtisadi müstəqillik, öz növbəsində, siyasi müstəqilliyin möhkəmlənməsinə xidmət etdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində daha etibarlı tərəfdaşa çevrildi, dünya ölkələri ilə bərabərhüquqlu əməkdaşlıq qurmağa başladı.Heydər Əliyevin strateji baxışları və uzaqgörən siyasəti Azərbaycanın gələcək uğurlarının bünövrəsini qoydu. Bu siyasi irs nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə təkcə hərbi deyil, həm də milli iradənin, güclü dövlətin, uzun illər ərzində qurulan sistemli siyasətin təntənəsi idi.Tarixi retrospektivdən baxdıqda, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmləndirilməsində və inkişafında həlledici rol oynamışdır. Onun uzaqgörənliyi, prinsipial mövqeyi və xalqına olan sadiqliyi sayəsində Azərbaycan müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlaya bildi və müasir dövrə güclü, öz sözünü deyə bilən, suveren bir ölkə kimi qədəm qoydu".
Müəllif: Ziya Hikmətoğlu