Prezident İlham Əliyev: "Azərbaycanın səhiyyə sistemi bu gün yüksək hazırlıqlı kadr potensialına malikdir"
Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən, səhiyyənin inkişafına da əsaslı təkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə səhiyyəsi yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan səhiyyəsinin müasir dövrümüzdə bütün xüsusiyyətlərinə görə, özünün yeni inkişaf mərhələsini yaşaması ölkəmizin iqtisadi gücünün, siyasi sabitliyin təzahürüdür. Müasir dövrümüzdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və digər irimiqyaslı tədbirlər həyata keçirilib. Bütün bu uğurlar səhiyyənin dünya standartları üzrə inkişafına, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaradan amillərdir. "Azərbaycanın səhiyyə sistemi bu gün müasir müayinə və müalicə üsulları üçün kifayət qədər geniş imkanlar yaradan zəngin maddi-texniki bazaya və yüksək hazırlıqlı kadr potensialına malikdir. Respublikamızda səhiyyənin ayrı-ayrı sahələrinin sürətli inkişafını nəzərdə tutan layihələr və dövlət proqramları ardıcıl icra olunur". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Bakıda keçirilən Birinci Konqresinin iştirakçılarına ünvanlandığı məktubda yer alıb. "İnsanların getdikcə daha sıx qarşılaşdıqları sağlamlıq problemlərinə diqqətin artırılması məqsədilə aktual mövzulu ilk belə tədbirin ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır və bunu, Azərbaycanda onkoloji xidmətin ötən illər ərzində keçdiyi uğurlu yola, imza atdığı nailiyyətlərə verilən dəyərin xüsusi ifadəsi hesab edirəm", - deyə dövlətimizin başçısı bildirib.
PROBLEMLƏRİN HƏLLİNDƏ ORTAQ SƏYLƏRİN GÜCLƏNDİRİLMƏSİNİN ZƏRURİLİYİ
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakıda keçirilməsi təsadüfi deyildi. Türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir. Ötən ilin oktyabr ayında Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası zamanı imzalanan Birgə Bəyannamə əməkdaşlığın yeni mərhələyə çatdırıb. Cari ilin aprel ayında Astanada təşkil olunan növbəti görüş isə bir daha qətiyyətimizi nümayiş etdirib. Həmin görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə imzalanmış Anlaşma Memorandumu da bu yolda mühüm addımlardan biri olub. Azərbaycan Prezidenti qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ümumi hədəflərə yönəlmiş hərtərəfli əməkdaşlığı təşviq etməsi toplanmış qiymətli təcrübədən ölkələrimizin birgə faydalanmalarının və problemlərin həllində ortaq səyləri gücləndirmələrinin zəruriliyini ön plana çıxarır. "Bu baxımdan, Konqresdə dünyanın müxtəlif guşələrindən gəlmiş qabaqcıl mütəxəssislərin tibb elminin son yenilikləri əsasında birlikdə aparacaqları geniş diskussiya və ətraflı müzakirələrin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səhiyyə qurumları qarşısında duran məsələlərin bir çox mühüm aspektlərini əhatə etməsi təqdirə layiqdir. İnanıram ki, Konqresiniz elmi və praktiki əhəmiyyəti ilə mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi işinə öz töhfəsini verəcək, Türk dünyası ölkələri onkoloqlarının gələcək qarşılıqlı fəaliyyətinin başlıca prioritetlərini müəyyən edəcəkdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.
ONKOLOGİYANIN AKTUAL PROBLEMLƏRİNİN BİRGƏ HƏLLİ YOLLARININ HAZIRLANMASINDA MÜHÜM PLATFORMA
Vurğulayaq ki, Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresində dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyəcək, fikir mübadiləsi aparacaqlar. Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqres türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa töhfədir. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir. Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq.
Azərbaycana göstərdiyi birgə səylər və dəstək nəticəsində Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi yüksək səviyyədə paytaxtımızda təşkil olunub. Onkologiya sahəsində əməkdaşlığa verilən əhəmiyyətin bariz nümunəsidir.
ƏHALİNİN HƏR 5 NƏFƏRDƏN BİRİ XƏRÇƏNG XƏSTƏLİYİNƏ TUTULUR
Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir. Hazırda ölkəmizin onkologiya sahəsində elmi potensialının böyük bir qisminin cəmləşdiyi Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Son illərdə Milli Onkologiya Mərkəzi beynəlxalq əlaqələri daha da genişləndirir.
Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir. Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkəmizdə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir.
DÜNYA STANDARTLARINA UYĞUN TİBB MÜƏSSİSƏLƏRİ
Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən, tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir. Müxtəlif aspektlərdən səhiyyədə aparılan uğrulu islahatlar əhalinin sağlamlığının təminatına, onun tam şəkildə dünya standartları səviyyəsində qurulmasına istiqamətlənib. Azərbaycanda müasir tibb avadanlığı və cihazlarla təchiz olunmuş yüzlərlə səhiyyə müəssisəsinin əhalinin istifadəsinə verilməsi elə insan sağlamlığına ayrılan diqqətdir. Bu gün ölkəmizdə "Talassemiya" Mərkəzi, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikası, Respublika Uroloji Klinik Xəstəxanası, Avropa standartlarına uyğun ən son texnologiyalarla təchiz olunmuş diaqnostika mərkəzləri və s. əhaliyə xidmət edir. Hər növ müasir tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş xəstəxanalar dünya standartlarına uyğunlaşdırılıb. Yeni istifadəyə verilən, təmir və bərpa olunan səhiyyə ocaqlarına dünyanın inkişaf etmiş ölkələri olan Almaniya və İsveçrə kimi ölkələrdən avadanlıqlar gətirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsi olaraq ölkəmizdə səhiyyə sahəsində kifayət qədər uğurlar əldə olundu. Belə ki, Ağsu, Zərdab, Biləsuvar rayon mərkəzi xəstəxanaları, o cümlədən, Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxanası və s. əhalinin istifadəsinə verilib. Respublika Uşaq Stomatoloji Mərkəzində aparılan təmir işləri başa çatdırıldı. Ana və uşaqların sağlamlığının qorunması məqsədilə qəbul edilmiş "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində, mütəmadi olaraq, ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən, neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilmiş, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılmışdır. Son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində, tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq öz həllini tapmışdır. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən mərkəzlərdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətəlayiqdir ki, bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir. Ağsu, Biləsuvar, Qusar, Göygöl kimi rayonlarda yeni hemodializ şöbələri açılıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb. Qeyd etmək lazımdır ki, bu kateqoriya xəstələrə hazırda hemodializlə yanaşı, xəstəliyin radikal müalicə üsulu olan böyrəkköçürmə əməliyyatları da həyata keçirilir.
Şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində diabet xəstələri daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər.
Artıq bu gün Azərbaycan səhiyyəsi sürətli inkişaf dövrünü yaşayır. Bu gün ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklər müalicə edilir, mürəkkəb əməliyyatlar, o cümlədən, qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatları aparılır. Bütün bunlar Azərbaycanda səhiyyə sahəsində qazanılan uğurların yalnız bir qismidir. Uğurlarla yanaşı, ölkəmizdə səhiyyə sahəsində hələ görüləsi işlər də var. Ölkədə səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir.
Zümrüd BAYRAMOVA