15 iyun 2021-ci ildə "Azərbaycan Respublikası ilə Türkiyə Cumhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun təzahürüdür. Bu mövcud münasibətlərin keyfiyyətcə yeni müstəviyə keçməsi hər iki dövlətin rəhbərinin məqsədyönlü siyasətinin təzahürüdür. Dərin köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri müasir dünyamızda yeni müstəvidədir.
Dostluq və qardaşlığa söykənən və uğurla davam etdirilən Türkiyə-Azərbaycan birliyi qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında müasir dövrümüzdə daha da möhkəmlənib. Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı baxımından, həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır və dövlətlər arasındakı dostluq-qardaşlıq münasibətləri dünya üçün artıq nümunədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi önəm vermişdir. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə, uğurla davam etdirilir və müttəfiqlik səviyyəsinə yüksəldilib. Üç il əvvəl 2021-ci ilin iyunun 15-də dövlət başçıları tərəfindən imzalanan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və dövlətlərarası münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu. Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq, Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib. Bu mühüm tarixi sənəd ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin təntənəsi kimi səciyyələnir və dövlətlər arasında əməkdaşlığın strateji əhəmiyyət kəsb edən sahələrini əhatə edir. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə dövlətlər arasında əlaqələri ən yüksək zirvəyə qaldıraraq, gələcək işbirliyinin təminatında mühüm sənəd kimi tarixdə yer aldı. Azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə dövlətlərarasında əməkdaşlıqda strateji əhəmiyyət kəsb edir. 1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur və Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Bu müttəfiqlik ən yüksək əməkdaşlıq formatıdır", Sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticari əlaqələr, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilməklə yanaşı, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı ifadələr də yer almışdı. Belə ki, sənəddə bir sıra məsələlərlə yanaşı, Zəngəzur dəhlizinin siyasi-iqtisadi əhəmiyyəti diqqətə çatdırılaraq, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulub. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və qardaş dövlətlər dünyaya birlik mesajlarını vermiş oldular.
Şuşa Bəyannaməsi həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına geniş imkanlar açmış oldu. Ötən dövrün mənzərəsinə nəzər saldıqda görürük ki, iki ölkə arasında siyasi, iqtisadi-ticari əlaqələr ən yüksək səviyyədədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə qardaş ölkələrin deyil, eləcə də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP, TAP kimi birgə layihələr regional və beynəlxalq təhlükəsizlikdə, əməkdaşlıqda müstəsna rola malikdir. Türkiyə və Azərbaycan nəinki regionda, eləcə də beynəlxalq miqyasda bir-birini ən sıx və yaxından dəstəkləyən ölkələrdir və milli maraqlarının qorunmasında qətiyyətli mövqe nümayiş etdirirlər.
İki ölkə, iki xalq xoş günlərin sevincini birgə bayram etdiyi kimi, ən çətin məqamlarda da bir-birlərinə arxa, dayaq durmağı bacarır. Qardaş ölkə 44 günlük Vətən müharibəsində Azərbaycana dəstək verərək bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi. Ümumilikdə tarixi Zəfərimiz bu qardaşlığın dünyaya təqdimatında öz sözünü dedi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır.
Əlbəttə ki, Azərbaycanla Türkiyənin ortaq köklərdən və dəyərlərdən güc alan dostluq və qardaşlıq münasibətləri böyük inkişaf yolu keçib. Bu gün bu münasibətlər ən yüksək zirvəyə yüksəldilib. Qardaş ölkələr arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə əməkdaşlığın bundan sonra da uğurla həyata keçiriləcəyinə əminlik yaradır. Türkiyə ilə Azərbaycan arasındakı mövcud münasibətlər regional və beynəlxalq sülhə, rifaha töhfə verir.
Bu gün Türkiyə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də yaxından iştirak edir.
Şuşa Bəyannaməsi təbii ki, Azərbaycan və Türkiyə dövlətlərinin sənəddə nəzərdə tutulan istiqamətlər üzrə əməkdaşlığında mühüm əhəmiyyət kəsb edən Sənəd kimi tarixdə yer alıb.
Zümrüd BAYRAMOVA