Dünya durduqca bəşəriyyətdə baş vermiş bir sıra ictimai, siyasi hadisələr, müharibə və münaqişələr unudulmayacaq. Daim insanlığa və bəşəriyyətə böyük fəlakətlər gətirmiş hadisələr araşdırılacaq və ibrət dərsi olaraq cəmiyyətlərə çatdırılmasına çalışılacaq. Təbii ki, ermənilərin son iki yüz ildə azərbaycanlılara qarşı törətdiyi vandalizm aktlarını heç bir bəşər övladı unuda bilməz, yaddaşlardan da silmək mümkün deyil. Ermənilərin 1905-1906-cı illərdə, habelə 1918-1920-ci illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Naxçıvanda, Bakıda, Gəncədə, Lənkəranda, Şamaxıda, Qubada, Qarabağda və digər ərazilərdə törətdiyi vəhşiliklər nəticəsində on minlərlə insan öldürülmüş, minlərlə şəhər, kənd və qəsəbə dağıdılmışıdır. Tam şəkildə sübuta yetirilib ki, ermənilərin qaniçən əməlləri məhz faşizmə xas olan terrorçuluq siyasətidir. Ermənilər faşizmə xas olan terrorçuluq siyasətini ötən əsrin sonlarında daha amasız və vəhşi formada davam etdirmişlər. Nəticədə Azərbaycanın Şuşa, Xankəndi, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan kimi şəhərləri, rayonları, kənd və qəsəbələri dağıdılmış, mədəniyyət nümunələri, tarixi abidələri, məscidlər, mədrəsələr, məbədlər yerlə-yeksan edilmişdir. Ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində 1 milyondan artıq vətəndaşımız ata-baba yurdlarından zorla didərgin salınmış, 20 minə qədər azərbaycanlı qətlə yetirilmiş, 50 mindən çox adam əlil oldu, 4 min 121 nəfər azərbaycanlı isə itkin düşdü və onların taleyindən bu günə kimi məlumatlar yoxdur.
Dünyanın tanınmış jurnalistləri Xocalıda ermənilərin törətdiyi vəhşiliklərdən sarsıldıqlarını bəyan ediblər
1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər Xocalı şəhərində tarixin ən böyük soyqırımını həyata keçirdilər. Xocalıda törədilən dəhşətli vəhşiliklər nəticəsində müasir dövrün ən gözəl şəhərlərindən bir olan Xocalı şəhəri məhv edildi, evlər talan edildi, yandırıldı, 613 nəfər dinc əhali, o cümlədən 63 azyaşlı uşaq, 106 qadın vəhşicəsinə öldürüldü, 487 nəfər şikəst oldu, 1275 nəfər əsir götürülərək ağlasığmaz işgəncələrə, təqiblərə məruz qaldılar. O zaman Rusiyanın "İzvestiya" qəzetinin müxbiri törədilnən erməni vəhşiliyindən sarsıldğını yazmış, gözü ilə görüdüyü hadisəni belə qeyd etmişdir: “Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi”.
Nüfuzlu “The Geopolitics nəşrinin saytında yayımlanan” “Xocalı soyqırımını anarkən: Müasir tarixin ən qanlı soyqırımlarından biri” sərlövhəli məqalədə ağır artilleriya, pulemyot və qumbaraatanlarla silahlanmış Ermənistan qoşunlarının 1992-ci il fevralın 25- dən 26-na keçən gecə Xocalı şəhərinə qanlı hücümu nəticəsində azərbaycanlı mülki şəxslərin, o cümlədən 106 qadın, 63 uşaq və 70 qocanın qətlə yetirildiyini bildirilib.
İtaliyanın nüfuzlu “İl Sole 240 re” televiziya kanalı Xocalı soyqırımı barədə məlumat verib. 613 günahsız insanın erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyini bildirib.
Pakistanda yayımlanan “Daily Times”qəzetində dərc olunan məqalədə Ermənistan ordusunun Xocalı şəhərində günahsız insanları xüsusi amansızlıqla qətlə yetirməsi barədə məlumat verilib. 1992-ci ildə Azərbaycan Qarabağ bölgəsindəki Xocalı şəhərində ağır qətliam törədilib. Bu faciə zamanı 613 günahsız insan, o cümlədən uşaqlar və qadınlar erməni silahlı birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib, yüzlərlə insan girov götürülüb. Erməni cəlladları 7 mindən çox insanı bir gecədə doğma evlərindən zorla qovub çıxarıblar. Məqalədə 2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük davam edən Vətən müharibəsində Ermənistan Silahli qüvvələrini darmadağın edərək torpaqlarını işğaldan azad edən Azərbaycan ordusu şəhidlərin, o cümlədən Xocalı soyqırımı qurbanlarının da qisasını aldığı vurğulanıb.
Hindistanın “amarujala .com”saytında yer alan məqalədə bildirilib ki, Xocalı soyqırımı bəşər tarixində ən qanlı və amansız cinayətlərdən biridir. Ermənilər beynəlxalq humanitar hüquqa və müvafiq konvensiyalara məhəl qoymayaraq 613 mülki şəxsi o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanı xüsusi amanasızlıqla qətlə yetiriblər. Bu qırğında 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib. Qətliam nəticəsində 487 nəfər ağır yaralanıb. 1275 nəfər girov götürülüb ki, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.
Azərbaycana qarşı ikili standartlar
30 illik işğal dövründə ermənilərin törətdiyi vandal əməllərə bəzi aparıcı dövlətlərin, beynəlxalq təşkilatların susqunluq nümayiş etdirməsi ikili standartların nümunəsidir. Bu, həm də onu təsdiq edir ki, ermənilərin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri vandalizm aktlarında bəzi dövlətlərin birbaşa və dolayısı yolla əlləri var. Hətta araşdırmalarla sübut edilir ki, Qarabağdan oğurlanan, talan edilən Azərbaycanın mədəni irsinin nümunələri Fransaya, Hindistana, Yunanıstana, ABŞ-a və digər ölkələrə daşınıb. Təbii ki, belə əməl terrorçularla əməkdaşılıq, işbirliyi deməkdir. Dünya həqiqətən də ədalətli, hüququn aliliyinə hörmət edən dünya olsaydı, terrorçu ermənilərlə əməkdaşlıq edib Azərbaycanın mədəniyyət nümunələrini oğurlayanlar mühakimə edilə və layiq olduqları cəzanı alarlar. Təəssüflər olsun hazırkı dünya ikili stadarlardan ibarətdir. Erməni vəhşi toplumu Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri, ümumilikdə 67 məsçiddən 65-ni tamamilə məhv edib, digər 2-ni isə müxtəlif iyrənc məqsədlər üçün istifadə edib. Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla XIX əsrə aid 4 türbə tamamilə məhv edilmişdir. Ağdam şəhərində yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri dağıntılara məruz qalmış, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan dəymişdi. Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.
Ermənistan beynəlxalq hüququ pozduğu üçün mütləq cəzasını almalıdır
Ermənistanın mədəniyyət obyektlərinə, dini-mədəni irsimizə qarşı bu cür vandalizm aktları bir çox beynəlxalq sənədlərə, o cümlədən 1954-cü ildə Haaqada qəbul edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında Konvensiya"nın, "Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasının, "Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında Konvensiya"nın müddəalarını kobud şəkildə pozmuşdur.Ermənistan terrorçularının təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Bunların içərisində son tunc və ilk dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, M.P.Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, İkimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi və bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi və bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Qız məktəbi, İsa bulağı və s. tarixi mədəniyyət nümunəsi erməni işğalçıları tərəfindən talan edilmiş, dağıdılmış və məhv edilmişdir. Bu vəhşilik, vandalizm ancaq erməni terrorçularına xas xüsusiyyətdir.
Şuşa Qarabağımızın incisidir
XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu dövrdə şəhərdə çoxsaylı sənətkar məhəllələri yaranır, ticarət daha sürətlə inkişaf edirdi. Hələ XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar. Mənbələrdə göstərildiyi kimi, hələ XIX əsrin ortalarından başlayaraq Şuşanın mədəni həyatında bir canlanma baş verib. Azərbaycan dramaturgiyasının banisi M.F.Axundov öz komediyalarını geniş şəkildə yaymaq məqsədi ilə 1852-ci ildə teatr tamaşalarının intişar tapdığı Şuşa qalasına gələrək, arzusunu reallaşdırıb. V.Şekspirin "Otello"su Azərbaycanda ilk dəfə 1893-cü ildə şuşalı müəllim, dramaturq və jurnalist Haşım bəy Vəzirov tərəfindən tərcümə edilərək səhnələşdirilib. Daha sonra C.Məmmədquluzadənin "Ölülər" tragi-komediyası ilk dəfə 1916-cı ildə Xurşudbanu Natəvanın qızı Xanbikənin evində yerləşən məktəbdə tamaşaya qoyulmuşdu. XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdisə, artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü. O dövrdə Azərbaycanda bəstəkar Üzeyir Hacıbəyovun böyük əməyi sayəsində peşəkar musiqi təhsilinin bünövrəsi qoyulur. İşğal nəticəsində bütün sivil dünyanın böyük həsrət, bəzən isə yanğı ilə baxdığı sənət məbədi olan Şuşa və Şuşanın mədəniyyət ocaqları erməni vandalları tərəfindən dağıdıldı, viran edildi. Lakin Şuşanı xəritədən silməyi, ən azı özlərinki edə bilmədilər. Çünki, Şuşanın qalaları, oradakı müqəddəs ruhlar imkan vermədi. Müqavimət göstərilər, o zamana qədər ki, 8 noyabr 2020-ci il də Azərbaycan əsgəri Şuşaya daxil olub, erməni vəhşilərini şəhərdən qovdu.
Bu gün Şuşa dirçəlir, qurulur, bərpa edilir. Artıq dağıdılmış dini mərkəzlərimiz bərpa və təmirdən sonra istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərindəki Saatlı, Aşağı Gövhərağa, Yuxarı Gövhərağa məscidlərin ziyarət ediblər və dövlətimizin başçısı məscidlərə Məkkədən gətirilmiş “Qurani-Şərif”i hədiyyə edib. Şuşa şəhərindəki Saatlı məscidini ziyarət edərkən bildirib ki, düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, belə yararsız vəziyyətə salıb: “Şuşa işğaldan azad olunandan sonra bizim vətəndaşlar əl gəzdirib, məscidi təmizləyib və müəyyən təmir işlərini görüblər. Ancaq, əlbəttə ki, məscidin əsaslı təmiri bundan sonra aparılacaq, bütün müvafiq göstərişlər verilib, Heydər Əliyev Fondu bu missiyanı öz üzərinə götürüb. Mehriban xanım bu barədə açıqlama verib və biz bütün tarixi-dini abidələrimizi bərpa edəcəyik”.
İşğaldan azad edilən ərazilərdə aparılan təmir-tikinti, bərpa işlərindən sonra qayıdan insanlar arasında şuşalılar da var. Cari ilin mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ilk yaşayış kompleksinin açılışı olub.Yaşayış kompleksində ilk olaraq 20 ailə, o cümlədən 88 nəfər yerləşib. 23 dördmərtəbəli binadan ibarət yaşayış kompleksi 8 hektar ərazidə inşa edilib. 450 mənzildən, o cümlədən 28 ədəd birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beş otaqlı mənzildən ibarətdir.Müvafiq olaraq 300 və 500 mənzildən ibarət ikinci və üçüncü yaşayış kompleksinin tikintisi planlaşdırılır. Azərbaycanın mədəniyyət paytaxtı, qədim şəhərimiz Şuşada bu günə qədər çoxsaylı yerli və beynəlxalq miqyaslı konfranslar, seminarlar, festivallar keçirilir. Bütün bunlar bir daha Şuşamızın Qafqazın incisi, Qarabağımızın baş tacı olduğunu təsdiqləyir.
Düşmənə döyüş meydanında vurulan sarsıdıcı zərbə işğaldan azad edilən ərazilərin bərpası ilə davam etdirilir. Şuşamız və digər işğaldan azad edilən ərazilərimiz Fateh Sərkərdə, Prezident İlham Əliyevin dediyi kimi, cənnətə çevrilirlər. İnsanlarımız doğma yurd-yuvalarına qayıtmaqla o bölgələrə yeni həyat, yeni nəfəs verirlər.
İLHAM ƏLİYEV