PDF Oxu

Siyasət

  • 475

Xankəndi: beynəlxalq əməkdaşlıq və regional dialoq məkanı

image

Prezident İlham Əliyev: "ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var"

Azərbaycan beynəlxalq dialoqun yüksək səviyyədə təşkilini dünyaya bir daha nümayiş etdirdi. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün işğaldan azad edilmiş Xankəndidə keçirilməsi Prezident İlham Əliyevin diplomatik kursunun növbəti təzahürü və ölkəmizin qüdrətinin göstəricisidir. Beynəlxalq dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənəyə çevrilmişdir. Müasir dünyamızın çağırışlarını əks etdirən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsi böyük əhəmiyyət daşıyır. "ECO-nun Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

44 günlük Vətən müharibəsində Ermənistan işğalından azad edilmiş torpaqlarımız artıq ideolji mərkəzə çevrilib. Bu ərazilərdə mühüm beynəlxalq tədbirlər təşkil olunub. Belə ki, 2023-cü ildə Şuşada ECO-nun Nazirlər Şurasının iclası, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşü, cari ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü uğurla təşkil olunub. Azərbaycanın strateji şəhərlərindən biri olan Xankəndi bu gün genişmiqyaslı bərpa və quruculuq proseslərinin mərkəzində yer alır. Xankəndidə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması əhalinin mərhələli şəkildə geri dönüşünü təmin edən əsas amillərdən biridir. Bu sistemli fəaliyyət Xankəndinin gələcək inkişafı üçün möhkəm təməl yaradır. "Xankəndi" Konqres Mərkəzində yaradılan müasir və funksional şərait burada yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əlverişli imkanlar yaratmaqla bölgənin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayacaq.

Artıq Xankəndi təkcə mühüm yaşayış məntəqəsi deyil, həm də beynəlxalq əməkdaşlıq və fəal regional dialoq məkanına çevrilir. Burada keçirilən yüksəksəviyyəli forumlar, iqtisadi konfranslar və işgüzar tədbirlər şəhərin regional əhəmiyyətini və iqtisadi potensialını bir daha ön plana çıxarır. İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün məhz Azərbaycanda, Xankəndidə keçirilməsi və təşkilata üzv ölkələrin rəhbər şəxslərinin iştirakı ilə reallaşması olduqca rəmzi xarakter daşıyır. Məlumdur ki, Azərbaycan artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi edir. 2006 və 2012-ci illərdə sözügedən tədbirlər paytaxt Bakıda keçirilmişdir.

"İŞĞALDAN AZAD EDİLMİŞ BÜTÜN QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZURDA HAZIRDA GENİŞMİQYASLI BƏRPA-QURUCULUQ İŞLƏRİ APARILIR"

Azərbaycanın əzəli, tarixi torpaqları bu gün işğaldan azad olunub. Hər bir ərazidə böyük abadlıq-quruculuq işlərinə başlanılıb. Son iki yüz ildə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər qədər möhtəşəm qələbə yoxdur. Bu Qələbə xalqımızın üzərindən məğlub, torpaqları işğal altında qalan, qaçqın və köçkün sözünü götürdü. Xalq-Dövlət-Ordu birliyinin ən yüksək səviyyədə olduğunu bütün dünya gördü. "İşğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Ermənistan Azərbaycan ərazilərinin təxminən 20 faizini 30 ilə yaxın işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, bir milyondan artıq soydaşımızı öz dədə-baba torpağından didərgin salmışdır.

Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır", - deyə Prezident bildirib. Dövlət başçımız qeyd edib ki, dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar: "2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu".

"VƏTƏN MÜHARİBƏSİNDƏN BU GÜNƏ QƏDƏR 400-Ə YAXIN SOYDAŞIMIZ MİNA PARTLAMASI NƏTİCƏSİNDƏ HƏLAK OLUB VƏ YA AĞIR YARALANIB"

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bu Qələbəni, Zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz oldu. Bildiyimiz kimi, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair vasitəçilik prosesi 1992-ci ilin fevral ayında Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müqaviləsi ATƏT çərçivəsində başlamışdır. Münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanırdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycan ərazilərinin işğalına cavab olaraq qəbul olunmuş qətnamələri Azərbaycan Respublikası və regiondakı digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət olunmasını bir daha təsdiqləmiş oldu. BMT Təhlükəsizlik Şurası düşmənçilik aktlarının dərhal dayandırılmasını, işğalçı qoşunların Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etdi, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağırdı. Bu qətnamələrin heç biri Ermənistan tərəfindən yerinə yetirilmədi. Azərbaycan tərəfi regionda davamlı sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olmasına şərait yaradacaq Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində ardıcıl addımlar atdı. Bu münaqişənin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar və bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirildi. İllərlə davam edən danışıqlara baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edildi. "2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu", - deyə Azərbaycan Prezidenti çıxışında diqqətə çəkib. Dövlət başçımız bildirib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir: "67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb, dağıdılıb, qəbir daşları talanaraq Ermənistana aparılıb… Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb".

Ermənistanın təcavüzünə məruz qalmış və ərazilərinin 20 faizi 30 illik işğal altında olmuş Azərbaycan 2020-ci ilin noyabrında işğala son qoyduqdan və ərazi bütövlüyünü bərqərar etdikdən sonra işğaldan azad etdiyi ərazilərinin bərpasına başlayıb. Təcavüz nəticəsində bu ərazilərdən didərgin salınmış soydaşlarımızın doğma şəhər və kəndlərinə qaytarılması üzrə Böyük Qayıdış Dövlət Proqramını həyata keçirir. Azərbaycan Hökumət Komissiyasının qiymətləndirməsinə əsasən, hərbi təcavüz və işğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində zərər vurub. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həmin ərazilərdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ermənilərin xarabalığa çevirdiyi məkanlarda yeni yollar çəkilir, dayanıqlı və davamlı iqtisadi fəallığın təmin edilməsinə yönəldilən infrastruktur layihələri reallaşır, tarixi-mədəniyyət və dini abidələrimiz təmir və bərpa olunur. Su, qaz, elektrik təsərrüfatlarının bərpası ilə bağlı işlər uğurla davam etdirilir.

"BU GÜNƏ QƏDƏR 16 ŞƏHƏR VƏ KƏNDƏ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN QAYIDIŞINI TƏMİN ETMİŞİK"

Bu gün işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın yüksək səviyyədə təmin edilməsi məqsədi ilə ardıcıl işlər görülür. Azərbaycan Prezidenti İlham Əliyevin həmin ərazilərə səfər etməsi və bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi görülən işlərin sürətini artırmaqla yanaşı, keyfiyyətinin də yüksək olmasından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, abadlıq-quruculuq işləri sırasında yollarının yenidən qurulması, müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdiyi kimi, "İndi Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. "Böyük Qayıdış" Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır".

Azərbaycan Prezidenti çıxışında Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasına da diqqət yetirib. "Keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndiririk", - deyən Prezident qeyd edib ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair "İstanbul Bəyannaməsi"ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır: "Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylər bundan sonra da davam etdiriləcək".

Otuz il ərzində işğal altına qalan, vandalizmin qurbanı olan Qarabağ və Şərqi Zəngəzur bu gün nəinki Azərbaycanın, artıq regionun inkişaf etmiş bölgələrindən birinə çevrilməkdədir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa prosesi nəticəsində tarixi torpaqlarımız artıq mötəbər tədbirlərə uğurla ev sahibliyi edir.

Azərbaycan dövləti tərəfindən dialoqun və əməkdaşlığın təşviqinə yönələn beynəlxalq miqyaslı tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi, sülh və əminamanlığa, birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər