Azərbaycan istər coğrafi relyefi, istər təbiəti, istər tarixi, istər turizmi, istərsə də mədəniyyəti və adət-ənənələri ilə dünya üçün maraqlı, sirli bir ölkə kimi diqqətdə olub. Son illərin ictimai-siyasi hadisələrində də dünyanın nəzəri Azərbaycana yönəlmiş bu ölkədə baş verən proseslər daim izlənilmiş, müxtəlif fikirlər söylənilmişdir. 44 günlük Vətən müharibəsinə qədər Ermənistan tərəfindən Azərbaycana qarşı əsassız ərazi iddiasının irəli sürülməsi və zəbt etdikləri ərazilərdə maddi abidələrə qarşı talançılıq siyasətininin yeridilməsi diqqətdən kənarda qalmamış, bununla bağlı dünya mətbuatında kifayət qədər məqalələr, reportajlar dərc olunmuşdur. Bu və digər amillər, əlbəttə ki, beynəlxalq hüquq normalarının kobudcasına pozulması deməkdir. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə təbii ehtiyatların talanması, Qafqaz Albaniyasına məxsus abidələrin və digər milli abidələrimizin məhv edilməsi ətrafında məqalələrin qələmə alınması, deməyə əsas verir ki, dünya, beynəlxalq ictimaiyyəti Azərbaycana qarşı laqeyd münasibətdə olmayıb. Azərbaycanda olan əlverişli təbii şərait, onun sıx meşələri erməni təcavüzkarları tərəfindən talan edilmiş, ekoloji fəlakət yaşanılmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması "Arxeoloji irsin mühafizəsi haqqında" Avropa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" YUNESKO-nun konvensiyasına ziddir.
Bu gün Azərbaycan öz torpaqlarını işğaldan azad edib. 44 günlük Vətən müharibəsində Zəfər qazanan Azərbaycan artıq öz torpaqlarına sahibdir. Dünya ölkələrindən gələn nümayəndələr erməni xisləti, barbarlığı ilə yaxından tanış olur və real vəziyyət onların acı təəssüratlarını qələmə almağa, fikirlərini dünya ictmaiyyətinə çatdırmağa vadar edir. Bildiyimiz kimi, dünya ölkələrində olan KİV-lər müharibə dövründə hadisələrin gedişi ilə yaxından tanış oldudar və erməni təcavüzkarlığı ilə bağlı gördükləri bu vəhşiliklərlə bağlı olan düşüncələrini daha da dərinləşdirdi. Bərdə, Gəncə kimi şəhərlərə dinc əhaliyə qarşı vandallıqları hər kəsi hiddətləndirdi. Bu gün Qalib bir dövlətin işğaldan azad olunan torpaqlarına səfər edərək mövcud vəziyyətlə, dağıdılmış və viran qoyulmuş ərazilərimizlə yaxından tanış olurlar.
Əlbəttə ki. bu gün Böyük qələbədən sonra işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərinə başlanılıb. Böyük Qayıdış və görülən işlər, icra olunan layihələr də dünyaya Azərbaycanın iqtisadi gücünü, potensialını və həmrəyliyini bir daha nümayiş etdirir. Bu gün Qarabağ və Şərqi Zəngəzurumuzda azad nəfəs alır və qurub yaradırıq. İşğaldan azad olunan ərazilərimizdə yeni səhifələr açılıb, yeni işıqlı səhərlər yaşayırıq.
XOCALI RAYONUNUN XANYURDU KƏNDİNƏ 122 NƏFƏR, TƏZƏBİNƏ KƏNDİNƏ İSƏ 125 NƏFƏR KÖÇÜRÜLDÜ
Daha bir köç karanının sevincini yaşadıq. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə ilk köç karvanı yola salınıb. Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
İlk mərhələdə Xocalı rayonunun Xanyurdu kəndinə 33 ailə - 122 nəfər, Təzəbinə kəndinə isə 28 ailə - 125 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Xanyurdu və Təzəbinə kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.
"HƏM VƏTƏN MÜHARİBƏSİ, HƏM ANTİTERROR ƏMƏLİYYATI XALQIMIZIN GÜCÜNÜ, İRADƏSİNİ, ƏSGƏR VƏ ZABİTLƏRİMİZİN QƏHRƏMANLIĞINI BÜTÜN DÜNYAYA SÜBUT ETDİ"
İşğaldan azad olunuan digir ərazilərimiz kimi bir gecənin içində ermənilər tərəfindən məhv edilən və 32 ildən sonra əzəli sakinlərin qoynuna alan Xocalı şəhərində də böyük canlanma müşahidə olunmaqdadır. Bir gecənin içində məhv olan, sakinləri dərbədər düşən, qocası, uşağı zillətlə məhv edilən bir torpağa qayıtmışıq. Bəşəriyyət tarixinin insanlıq əleyhinə yönəlmiş ən dəhşətli cinayətlərdən biri olan, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi etnik zəmində soyqırımı siyasətini sübut edən Xocalı soyqırımı tarixdəən silinməyəcək. 1992-ci ilin 26 fevral tarixində erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətdilər. Bu soyqırımı erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Xocalı bir gecənin içərisində yerlə-yeksan olundu. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi.
İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən, imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq Xocalı şəhəri Rusiya Sülhməramlı kontingentinin nəzarəti altında olub. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində azad olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. "Xocalıda, Xankəndidə, o vaxt hələ ki, azad edilməmiş digər şəhər və kəndlərimizdə separatçılar at oynadırdılar. Onlar hesab edirdilər ki, burada separatçılıqla əbədi məşğul olacaqlar. Halbuki bunun heç bir hüquqi, tarixi əsası yox idi. Xocalı qədim Azərbaycan torpağıdır. Mənfur düşmən soyqırımı törədəndən sonra burada qanunsuz məskunlaşma da aparmışdır. Bu da hərbi cinayət sayılır. Xocalının adını da dəyişdirməyə, bir hərbi cinayətkarın adına rəsmiləşdirməyə çalışırdılar. Ancaq hər şeyin vaxtı var və biz qayıtmışıq, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!" – deyə Prezident İlham Əliyev çıxışlarının birində bildirib.
"BİRİNCİ NÖVBƏDƏ BİZ XOCALINI BƏRPA ETMƏLİYİK"
"Antiterror əməliyyatından dərhal sonra dedim ki, birinci növbədə biz Xocalını bərpa etməliyik", - deyə Prezidentimiz bildirmişdir. Birinci mərhələdə 20 ailə Xocalıya qayıtdı. Bu qayıdış Müstəqillik Günündə baş tutdu. Artıq Xocalının gələcək inkişafı ilə bağlı Baş planı da hazırlanıb. Baş Plana əsasən, ilk mərhələdə 12 min nəfərlik şəhər planlaşdırılır. Eyni zamanda, ehtiyat üçün də ərazilər saxlanılır.
Xocalı bir regional mərkəz kimi davamlı surətdə inkişaf etməlidir. Burada həm bütün zəruri sosial, inzibati xidmətlər, mədəni mühit yaradılır. Ticarət, ictimai iaşə fəaliyyətləri üçün geniş imkanlar, təbiətlə daim təmasa imkan verən rekreasiya əraziləri demək olar ki, bütün şəhər boyu, yaşıl məkanlarla əlaqələndirilmiş komfortlu yaşayış əraziləri nəzərdə tutulub. Əsasən 3-5 mərtəbəli yaşayış binaları, həyətyanı sahələrə malik fərdi evlər inşa olunacaqdır.
Bu gün Xocalı yenidən qurulur. Xocalı şəhərinin yenidən qurulması üzrə birinci mərhələ 167 hektar və 18 hektar olmaqla iki hissədən ibarətdir. Birinci mərhələdə 167 hektar ərazidə 140 fərdi ev, 48 kottec tipli ev və 9 binadan ibarət 110 evdə tikinti, təmir-bərpa və abadlıq işləri görülür. Bütün kommunikasiya xətləri yerin altına salınıb, ilk 50 evə birləşmələr verilib. Şəhər üzrə kommunikasiya işlərinin 90 faizi icra edilib. Həmçinin 18 hektar ərazidə yerləşən fin tipli 92 evdə isə tikinti, təmir-bərpa və abadlıq işləri həyata keçirilir. Bunlardan əlavə, Xocalı şəhərinin girişində - çay kənarında bulvarın salınması işləri davam edir. Xocalı şəhərində orta təhsil müəssisəsi və uşaq bağçası da inşa olunub. Məktəbin qarşısında park, onun yanında isə sənətkarlar məhəlləsi salınıb. Xocalının Baş planını hazırlayarkən ilk növbədə, onun regiondakı mövqeyi də nəzərə alınıb. Bura strateji mövqeyə malikdir. Beynəlxalq hava limanı, respublika əhəmiyyətli avtomobil yolu, hazırda layihələndirilən, tezliklə çəkiləcək dəmir yolu və s. bütün bunlar Xocalının gələcəyini artıq bir qovşaq kimi, nəqliyyat qovşağı və logistika mərkəzi kimi şərtləndirir.
Artıq Xocalıda ədalətin təntənəsi yaşanılır, yeni bir dövr başlanıb. Artıq Böyük Qayıdış proqramının Xocalı səhifəsinə yeni tarixi həqiqətlər həkk olunur.
Zümrüd BAYRAMOVA