Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 56-cı ildönümü münasibətilə “14 iyul 1969-cu il: Milli intibahımızın təməli” mövzusunda tədbir keçirilib.Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.Tədbirdə çıxış edən YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə bildirib ki, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə respublikamızın tarixində, xalqımızın taleyində ciddi dönüşün əsası qoyuldu: “Həmin dövrdə respublikada bərqərar edilən əsl işgüzarlıq mühiti, sosial ədalətə əsaslanan sağlam mənəvi-psixoloji ab-hava iqtisadi tərəqqinin yüksək həddə çatmasına, Azərbaycanın keçmiş ittifaq miqyasında nüfuz qazanmasına, hətta beynəlxalq səviyyədə tanınmasına imkan verdi. Bu gün müstəqil dövlətimizin mövcudluğu və inkişafı, məhz o illərdə, 14 iyulda təməli qoyulan sistemli idarəçilik, planlı inkişaf və milli düşüncə sayəsində mümkün oldu.
Tədbirdə həmçinin, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, partiya veteranı Həsən Ələkbərov, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon üzrə baş məsləhətçisi Mehman Nəsirov, sahibkar Emin Əliyev, partiya fəalı Ceyhun Qəniyev çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, dahi şəxsiyyətin hər zaman qürur və iftixar hissi ilə xatırlandığını, ehtiramla yad edildiyini bildiriblər.
Sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.