PDF Oxu

Siyasət

  • 506

Milli jurnalistikamızın inkişafına misilsiz töhfələr ənənəsi uğurla davam etdirilir - ŞƏRH

image

Təməli 150 il bundan əvvəl, 1875-ci il 22 iyulda ilk anadilli mətbu orqanımız olan "Əkinçi" qəzetinin nəşri ilə qoyulan Azərbaycan milli mətbuatının keçdiyi tarixi yol müdrik xalqımızın şərəf salnaməsidir. Məhz buna görədir ki, bütün Azərbaycan xalqı Azərbaycan milli mətbuatının yarandığı günü hər il xüsusi təntənə ilə qeyd edir. Azərbaycan milli mətbuatının yubileylərinin böyük təntənə ilə qeyd edilməsi ənənəsinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər tərəfindən əsası qoyulan bu ənənə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilir.

Ümummilli Lideriz Heydər Əliyev respublikada hakimiyyətinin hər iki dövründə mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik meydan yaratmış, özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdir. Ulu Öndərimiz deyirdi: “Ölkəmizdə siyasi plüralizmin tələblərinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbaycanın dövlət rəhbəri kimi mənim qarşımda duran mühüm vəzifələrdəndir”.

Dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının yeni inkişaf tarixidir. Azərbaycanda azad və müstəqil mətbuatın yaradılması Dahi Şəxsiyyətin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx şəkildə bağlıdır. Ulu Öndərimiz kütləvi informasiya vasitələrinin roluna böyük əhəmiyyət vermiş, ölkəmizdə jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır.

Dahi Şəxsiyyətin demokratik dövlət quruculuğunun mühüm amili kimi ölkəmizdə senzuranın rəsmən ləğv edilməsi ilə bağlı imzaladığı fərman cəsarətli, prinsipial addım idi. Böyük uzaqgörənliklə qəbul edilmiş bu qərar kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilməyə başladı. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunmasını və onlardan istifadə qaydalarını asanlaşdırdı.

Jurnalistlərlə sıx təmasda olan, kütləvi informasiya vasitələrinin mövcud problemləri ilə yaxından maraqlanan Ulu Öndər Heydər Əliyevin adı mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə, iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi qayğı göstərməsi ilə də böyük siyasi xadim kimi tarixə həkk olunmuşdur. 2001-ci il dekabrın 18-də aparıcı KİV rəhbərləri ilə görüşən Ulu Öndər jurnalistikanın üzləşdiyi bir sıra çətinliklərin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırılması haqqında fərman və sərəncamlar imzaladı.

2001-ci ildə Azərbaycan jurnalistlərinin I Qurultayının keçirilməsi və Cənubi Qafqazda ilk dəfə Azərbaycanda Mətbuat Şurası adlanan özünütənzimləmə təsisatı yaradılması da milli mətbuat tarixindəki mühüm hadisələrdəndir.

2001-ci il mayın 11-də Ulu Öndərin “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” imzaladığı fərman da müstəqil mətbuatın inkişafında əhəmiyyətli rol oynayan tarixi sənəddir.

Görkəmli dövlət xadiminin bir sıra KİV-lərə dövlət tərəfindən güzəştli kreditlər verilməsi, qəzetlərin əlavə dəyər vergisindən azad edilmələri, onların maddi-texniki bazasının daha da gücləndirilməsi, ölkəyə gətirilən qəzet kağızı üçün dövlət rüsumunun ləğvi, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının 2005-ci ilədək dondurulması ilə bağlı qəbul etdiyi qərarlar mətbuatla bağlı müasir tələblərə cavab verən qanunvericilik aktlarıdır.

Azərbaycan milli mətbuatının daha da inkişaf etdirilməsi sahəsindəki bütün bu xidmətlərinə görə Dahi Şəxsiyyət Heydər Əliyev 2002-ci ilin martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jurnalistlərin dostu” mükafatına layiq görülür. Müdrik dövlət rəhbəri Heydər Əliyev fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlərini, mövcud nöqsanlarını da göstərir, dəyərli tövsiyələr verirdi.

Ümummilli Lider Heydər Əliyev siyasi irsinə varisliyi şərəf və ləyaqətlə üzərinə götürən Prezident cənab İlham Əliyev Ulu Öndərimizin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasəti də uğurla davam etdirir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaqla, xalqımızın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın əsası hesab edir: “Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur”.

Ölkədə aparılan düzgün media siyasətinin nəticəsidir ki, yeni dövrün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini zərurətə çevirməsi daim nəzərə alınır, media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsinin zamanın tələbi olduğunu nəzərə alan Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında ölkəmizdə media sahəsində islahatların daha sürətlə aparılması məqsədilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı.

Ölkəmizdə mətbuata dövlət qayğısının nümunələri çoxdur . Ötən dövr ərzində Mətbuat Şurası yeni bina ilə təmin edilmiş, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilmiş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına jurnalistlər üçün 156 mənzildən ibarət 17 mərtəbəli bina inşa olunaraq istifadəyə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013 - cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün tikilən növbəti - 3 bloklu, 17 mərtəbəli binada media sahəsində çalışanlara 255 mənzil hədiyyə edilmişdir. Həmin binanın tikintisi üçün 22 milyon manatdan çox vəsait sərf olunmuşdur.

Dövlətimizin Başçısı 20 iyul 2017-ci il tarixdə həmin binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində şəxsən iştirak və çıxış etmişdir. Media reyestrinin yaradılması, jurnalistlərə vahid vəsiqələrin verilməsi, güzəştli ipoteka şərtlərindən media nümayəndələrinin yararlanmasının təmin olunması və digər üstünlüklər jurnalistlərə göstərilən diqqət və qayğının əməli təzahürüdür. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010 və 2017-ci illərdə “Jurnalistlərin dostu” seçilmişdir.

Milli mətbuata çoxsaylı diqqət və qayğı nümunələri bir daha təsdiq edir ki, Ümummilli Liderimiz Heydər Əliyev milli jurnalistikamızın inkişafına misilsiz töhfələr vermişdir və bu ənənə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Paşa Hadıyev
YAP Qazax rayon təşkilatının sədr müavini

Digər xəbərlər