1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövrün ictimai-siyasi həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabr ayınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapması və inkişafında əvəzsiz rolu olmuşdur. Əsasən maarifçilik missiyasını öz üzərinə götürən “Əkinçi” qısa müddətdə həm ziyalılar, həm də sadə xalq arasında böyük nüfuz qazanmışdı. Lakin qəzetin fəaliyyəti uzun çəkmədi. Çar Rusiyası “Əkinçi”nin cəmiyyətin maariflənməsi və ictimai-siyasi proseslərə daha yaxından bələd olması baxımından oynadığı roldan ehtiyatlanaraq, qəzetin fəaliyyətinə son qoydu. Buna baxmayaraq, dövrün görkəmli maarifçiləri “Əkinçi”nin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra ölkədə müxtəlif nəşrlərin yaranması ilə milli mətbuatımız zənginləşdi. Bu nəşrlər Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına töhfə verdi, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində mühüm rol oynadı. Zərdabi işığını görən, milli mətbuatın inkişaf zərurətini dərk edən dahi şəxsiyyət – Ulu Öndər Heydər Əliyev hakimiyyəti dövründə bu sahədə ciddi islahatlar həyata keçirmişdir. “Əkinçi” günəşinin sönməməsi üçün əlindən gələni edən əbədiyaşar lider 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildikdən sonra mətbuat siyasətində də mühüm dəyişikliklərə imza atdı. Bu dövrdə mətbuat azadlığının və müstəqilliyinin təmin edilməsi üçün əhəmiyyətli addımlar atıldı. Heydər Əliyev öz çıxışlarında daim demokratik prinsiplərə sadiq qalaraq, mətbuatın cəmiyyət üçün əhəmiyyətli güc olduğunu və onun müstəqil fəaliyyət göstərməsinin vacibliyini vurğulayırdı. Ulu Öndər həmçinin jurnalistlərin peşəkarlığının artırılması və onların sosial müdafiəsinin təmin olunması istiqamətində də mühüm tədbirlər görmüşdür. Jurnalistlərin təhsil səviyyəsinin yüksəldilməsi, peşəkar fəaliyyətlərinin stimullaşdırılması və sosial təminatlarının yaxşılaşdırılması üçün müxtəlif layihə və proqramların təməli məhz onun dövründə qoyulmuşdur. Ən önəmli məqamlardan biri də İkinci Qarabağ Müharibəsində Azərbaycan mediasının oynadığı roldur. Müharibə zamanı milli media informasiya cəbhəsində mühüm fəaliyyət göstərdi. Televiziya kanalları, xəbər agentlikləri və onlayn platformalar mütəmadi olaraq cəbhədən məlumatlar yaydılar. Sosial media vasitəsilə hərbi uğurlar, erməni qüvvələrinin törətdiyi dağıntılar və ziyanlar geniş auditoriyaya çatdırıldı. Rəsmi dövlət kanalları və digər media qurumları milli birlik və vətənpərvərlik ruhunu gücləndirmək məqsədilə xüsusi proqramlar təqdim etdilər. Media orqanları qəhrəman əsgərlərin hekayələrini, xalqın dəstək aksiyalarını, ön cəbhədən canlı yayımları işıqlandıraraq, informasiya blokadasını yarmağa və beynəlxalq ictimaiyyətə real məlumatlar çatdırmağa çalışdı. Dezinformasiya və təxribatla mübarizə aparmaq üçün sürətli və dəqiq informasiya təminatı həyata keçirildi. Bu fəaliyyətlər Azərbaycan mediasının yalnız xəbərləri çatdırmaqla kifayətlənmədiyini, həm də psixoloji dəstək verərək xalqın ruh yüksəkliyini qorumaqda önəmli rol oynadığını göstərdi. Azərbaycan mətbuatı bu dövrdə qələmin gücü ilə haqq savaşının sədasını bütün dünyaya çatdırdı. Cəsur jurnalistlər çətin şəraitdə belə həqiqəti axtarmaqdan və işıqlandırmaqdan çəkinmədilər. Onların hər yazısı, bir millətin qürurunu və mübarizəsini əks etdirən güzgü oldu. Sözlərin cəbhəsində vuruşan bu jurnalistlər xalqın səsinə çevrildilər və tarix yazdılar. Bu mübarizənin hər sətiri gələcək nəsillər üçün qəhrəmanlıq dastanı olaraq yadda qalacaq.
Ayşən Soltanlı
YAP Laçın rayon təşkilatının 33 saylı ƏPT-nin sədr müavini
Laçın rayon 6 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini