PDF Oxu

Siyasət

  • 1 201

Şuşadan verilən mesajlar dünya gündəmini müəyyənləşdirir

image

Azərbaycanın informasiya diplomatiyası, beynəlxalq imic siyasəti və qlobal təşəbbüsləri son illərdə inkişafa doğru vüsət alıb. Bu baxımdan, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təşkil edilən və artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu təkcə regional deyil, həm də beynəlxalq əhəmiyyətli tədbirlər sırasına daxil olub. Dövlət başçısının forumda çıxışı isə ölkənin strateji vizionunu, regional sülh quruculuğu səylərini və qlobal çağırışlara cavab potensialını bir daha ortaya qoydu.

Prezident İlham Əliyevin sözləri ilə desək, Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Bu, Azərbaycanın informasiya siyasətinin qlobal müstəviyə çıxarıldığının sübutudur. Xüsusilə, forumun bu il yeni tikilmiş və böyük rəmzi mənası olan Xankəndi Konqres Mərkəzində keçirilməsi dövlətin suverenliyinin və ərazi bütövlüyünün qəti şəkildə bərqərar olduğunu göstərdi.
Buranın – keçmiş separatizmin mərkəzi olan ərazinin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Ermənistanın 30 illik işğal siyasətinə verilən ən tutarlı cavabdır. Prezidentin bu məqamda qeyd etdiyi kimi, “bu binada artıq separatçılar yox, dövlət başçıları toplaşır”. Bu, Azərbaycanın yalnız güc yolu ilə deyil, həm də sülh, əməkdaşlıq və inkişaf mesajları ilə regional liderə çevrildiyinin sübutudur.
Şuşa Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın COP29-a ev sahibliyini ilin əsas hadisəsi kimi qiymətləndirdi. Bu, təsadüfi deyil. Qlobal miqyasda iqlim dəyişmələri məsələsinin önə çıxdığı bir vaxtda Azərbaycanın bu mövzuda liderliyə iddialı çıxışı ölkənin qlobal məsuliyyət daşıyan, konstruktiv və etibarlı tərəfdaş imicini gücləndirdi.
Prezident vurğuladı ki, Azərbaycan elektrik enerjisini nə kömürdən, nə də mazutdan deyil, təbii qaz, su və artıq Günəş enerjisindən əldə edir. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 kiçik su elektrik stansiyası istismara verilib və 2030-cu ilə qədər 6 giqavatlıq yaşıl enerji layihələri nəzərdə tutulub. Bu, həm ekoloji, həm də iqtisadi baxımdan Azərbaycanın dayanıqlı inkişaf yolunu seçdiyini göstərir.
Ən əhəmiyyətlisi isə COP29-da Azərbaycanın qlobal iqlim maliyyələşdirilməsi sahəsində təşəbbüskar çıxış edərək, vəsaitlərin 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasına nail olmasıdır. Bu, dövlət başçısının liderlik və inandırıcılıq qabiliyyətinin parlaq nümunəsidir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən arteriya deyil, həm də Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yeni kəsişmə nöqtəsidir. Bu layihə Çin, Mərkəzi Asiya, İran, Türkiyə və Avropanı birləşdirən, regionu qlobal logistika mərkəzinə çevirən strateji xəttdir.
Lakin Ermənistanın bu layihədə iştirakdan yayınması, faktiki olaraq özünü həm nəqliyyat, həm də siyasi izolyasiyaya məhkum etməsi deməkdir. Prezidentin də dediyi kimi, Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır.
Azərbaycan isə qonşu dövlətdən fərqli olaraq alternativ marşrutlar quraraq nəqliyyat sistemini daha çevik və dayanıqlı şəkildə formalaşdırır. Bakı limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bu prosesin əsas sütunlarıdır: "Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək.
Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk. Biz demək olar ki, Ermənistan və İranla sərhədimizin qovuşuğuna qədər dəmir yolunun tikintisini başa çatdırırıq və yəqin ki, bir ildən az müddətdə, bəlkə də gələn ilin yazında bu dəmir yolunun Azərbaycan hissəsi hazır olacaq.
Bu dəmir yolunun Ermənistan hissəsinə gəlincə deməliyəm ki, sovet dövründə bu dəmir yolu Azərbaycan dəmir yolunun tərkib hissəsi olub. Ermənistanın dəmir yolu şəbəkəsinin qalan hissəsi ilə dəmir yolu əlaqəsi olmadığına görə ermənilərin dəmir yolu strukturuna daxil olmayıb. Bu yol Azərbaycanı Ermənistan ərazisindən keçərək Naxçıvan Muxtar Respublikası ilə birləşdirir və oradan Körfəzə çıxış yolu ilə İran ərazisinə keçir. Yəni, Zəngəzur dəhlizinin reallaşması ilə biz mahiyyət etibarilə Şimal-Cənub dəhlizinin başqa istiqamətini açacağıq. Təkcə hamının haqqında danışdığı bir istiqamətə - Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil, həm də Şərqi Zəngəzur və Zəngəzur bölgəsinin digər hissələrindən İrana, oradan da Türkiyəyə. Ona görə də yük axınının həcminin artırılması üçün böyük perspektivlər açılır.
Özbəkistan Prezidentinin səfəri zamanı biz müzakirə etdik ki, yükdaşımaların həcmini artırmalıyıq. Bu gün Çindən Azərbaycan ərazisi vasitəsilə yükdaşımaların həcmi sürətlə artır. Eyni zamanda, Xəzər dənizinə çıxacaq Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan dəmir yolu yenidən tikilir. Yəni, görürsünüz ki, artıq hansı böyük axınlar gedir və bu, bizim istiqamətimizdə davam edəcək. Ona görə də biz təkcə Bakı limanında yüklərin qəbuluna və onları işləməyə deyil, həm də Bakı-Tbilisi-Qars dəmir yolu ilə Gürcüstandan keçməklə Türkiyəyə və daha sonra Aralıq dənizi limanlarına Zəngəzur vasitəsilə göndərməyə hazır olmalıyıq ki, bu, eyni zamanda, əsas nəqliyyat marşrutu olacaq. Amma təəssüflər olsun ki, son beş ildə Ermənistan tərəfində heç bir iş aparılmayıb, bu məsələ qəsdən gündəmdən çıxarılıb. Amma belə olan halda Ermənistanın nə vaxtsa tranzit ölkəyə çevrilmək şansı sıfra yaxınlaşır. Bu prosesin qarşısını almaqda davam etsələr düşünürəm ki, özlərini nəinki bu gün düşdükləri nəqliyyat təcridində, həm də müəyyən dərəcədə siyasi təcriddə tapacaqlar".
Azərbaycan bu gün təkcə regional deyil, həm də qlobal dialoq platforması kimi çıxış edir. Prezident İlham Əliyev Azərbaycanın Qlobal Cənub və Qlobal Şimal arasında körpü rolunu oynadığını vurğulamaqla, ölkəmizin balanslı və ədalətli mövqeyini bir daha sərgilədi.
İqlim ədaləti məsələsində “kim daha çox çirkləndirirsə, o da daha çox məsuliyyət daşımalıdır” prinsipi Azərbaycanın ədalətli yanaşmasının ifadəsidir. İnkişaf etməkdə olan kiçik dövlətlərə ayrılmış 10 milyon dollarlıq yardım və onlara yönəlmiş xüsusi sessiyalar ölkəmizin beynəlxalq həmrəyliyə verdiyi töhfənin göstəricisidir.
Prezidentin çıxışında toxunduğu önəmli məsələlərdən biri də Füzulidə Özbəkistan tərəfindən tikilən məktəb və ümumilikdə iki ölkə arasında qardaşlıq münasibətləri oldu. Bu, Azərbaycanın müstəqil siyasətinin və türk dünyası ilə inteqrasiyasının bariz göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün Xankəndidə keçirilməsi isə həm rəmzi, həm də siyasi mesaj idi: “Azərbaycan artıq bu torpaqlarda sülh, dirçəliş və əməkdaşlıq mühitini bərqərar edib”.
Ölkə rəhbərinin çıxışında emosional və dərin mənalı bir məqam da yer aldı – Ulu Öndər Heydər Əliyevin vəsiyyətinin yerinə yetirilməsi. Dövlət başçısının dediyi kimi, bu onun üçün yalnız siyasi deyil, mənəvi məsuliyyətdir. Qarabağda suverenliyin bərpası, separatçılığın kökünün kəsilməsi, yeni həyatın başlanması məhz bu vəsiyyətin təntənəli nəticəsidir.
Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda etdiyi çıxış bir daha göstərdi ki, Azərbaycan öz inkişaf modelini uğurla təqdim etməyi, beynəlxalq müstəvidə təşəbbüskar olmağı və qlobal problemlərə real həllər təklif etməyi bacarır. Bütün bunlar dövlət başçısının uzaqgörən liderliyi, qətiyyətli siyasi iradəsi və milli maraqlara əsaslanan strategiyasının məhsuludur.
Bu gün Azərbaycan dünyaya nəinki enerji, nəqliyyat və resurslar təklif edir, həm də əməkdaşlıq, balans və ədalət mesajı verir. Prezident İlham Əliyevin sözləri ilə desək: “Biz bu məsuliyyəti daşımağa hazırıq və bunu ləyaqətlə edirik”.

Məşhur Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər