Şuşa Qlobal Media Forumu həm ölkəmiz, həm də Azərbaycanla yaxından əməkdaşlıq edən və etmək istəyən subyektlər üçün olduqca əhəmiyyətli və unikal bir platformadır. Hər şeydən öncə beynəlxalq informasiya məkanında ölkəmizin mövqelərinin möhkəmlənməsi və müdafiə imkanlarımızın genişlənməsi baxımından media forumu təsirli amil rolunda çıxış edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, informasiya məkanında hələ də müdafiə olunmağa ehtiyac var. Həqiqətən də, xüsusilə də, Azərbaycan dövləti özünün ərazi bütövlüyünü təmin edən zaman ölkəmizə qarşı əsassız, qərəzli siyasi hücumların şahidi olduq. Müxtəlif siyasi dairələrdə, platformalarda Azərbaycana qarşı aşkar qərəzli müzakirələrin aparılması, qətnamələrin qəbul edilməsi istiqamətində ardıcıl cəhdlər edilirdi. Həqiqətlərin dünya ictimaiətinin diqqətinə sistemli şəkildə çatdırılmasında diplomatiya ilə yanaşı media resurslarının da rolu həlledici idi. Bu proses çərçivəsində Azərbaycan informasiya mübarizəsinin müdafiə və hücum komponentlərini çox uğurla uzlaşdıraraq nəticəyə yönəlik tətbiq edirdi. Bu mübarizənin önündə Azərbaycan Prezidenti gedirdi. Vətən müharibəsi dövründə dünyanın otuzdan artıq möhtəbər media orqanlarına müsahibələr verən ölkə Prezidenti olduqca ciddi arqumentləşdirərək ölkəmizin haqlı mövqelərini uğurla müdafiə edirdi. Yəni, cəbhə ilə yanaşı, informasiya məkanında da əsl döyüş gedirdi. Bu baxımdan, hazırda da ölkəmizə qarşı qərəzli mövqelərin formalaşdırılması cəhdlərinin qarşısının alınmasında istifadə etdiyimiz ən təsirli resurslardan biri məhz informasiya resursudur. Qalib ölkənin Prezidenti İlham Əliyevin həm regional, həm də qlobal səviyyədə cərəyan edən proseslərlə bağlı fikirləri, mövqeyi bütün dünya üçün olduqca maraqlı və əhəmiyyətlidir. Bunu sübut edən əsas məqamlardan biri də frouma dünyanın 52 ölkəsindən 140-a qədər media təmsilçilərinin qatılmasından ibarət idi. Bundan başqa, forumun keçirildiyi zaman və sonra müxtəlif ölkələrdə mətbuatın gündəliyini məhz Azərbaycan Prezidentinin bu və ya digər məsələlərlə bağlı səsləndirdiyi fikirlər təşkil etmişdi. Prezident həm keçmiş münaqişə vəziyyəti, həm də hazırkı mərhələdə sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha çox aydın və dəqiq şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Baxmayaraq ki, münaqişə amili artıq aradan qalxıb, bu məsələlər ətrafında həqiqətlərin davamlı olaraq beynəlxalq səviyyədə ictimailəşdirilməsi informasiya mübarizəsi prosesində mövqelərimizin ciddi şəkildə güclənməsini şərtləndirir. Məsələn, ölkə Prezidenti qeyd etdi ki, biz yeni reallıqlar yaratdıq və onunla barışmalı oldular. Biz torpaqlarımızı Ermənistanın işğalından azad edəndək, bizi işğal faktı ilə barışmağa çağırırdılar. Yəni, əslində münaqişənin dinc vasitələrlə tənzimlənməsi imkanları mövcud deyildi. Çünki, nə Ermənistan, nə də münaqişənin tənzimlənməsi prosesində iştirak edən subyektlər bunda maraqlı deyildilər. Hərbi yolla torpaqların işğaldan azad edilməsinin yeganə yol olduğunu həm həmin dövrün reallıqları, həm də sonrakı proseslər dəqiqliklə sübut etirdi. Yəni, Prezidentin vurğuladığı kimi, Azərbaycan yeni reallıqlar yaratmasa idi, bizə Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış reallığı qəbul etdirmək istəyirdilər. Bununla da, Şuşa Media Forumu çərçivəsində Azərbaycan Prezidenti bir daha əsaslandırdı və dünyanın diqqətinə çatdırdı ki, ölkəmiz özünün bütün addımlarında tam haqlı idi. Bu, hazırkı mərhələdə informasiya mübarizəsində olduqca əhəmiyyətli məqamdır. Belə ki, Azərbaycanın sülhyaradıcı obrazı daha da güclənmiş olur. Bununla bərabər, Azərbaycan Prezidenti Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı da mövqeyini sərgilədi və sülhün çox da uzaqda olmadığına işarə etdi. Sülh mətninin bu ilin martında tərəflər arasında razılaşdırıldığını vurğulayan Azərbaycan Prezidenti yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın iki haqlı və beynəlxalq hüquqla tam uzlaşan şərtinin yerinə yetirilməsinin prinsipial olduğunu bir daha qeyd etdi. Prezident dayanıqlı, etibarlı sülh üçün bu şərtlərinin yerinə yetirilməsinin vacibliyini əsaslandırdı. Yəni, Ermənistanın gələcəkdə revanş imkanlarının qalmaması regionda gələcək sülh və təhlükəsizlik üçün vacibdir. Ermənistan konstitusiyasının preambulasında müstəqillik haqqında bəyannaməyə istinad edilir ki, orada da Azərbaycana qarşı aşkar ərazi iddiaları yer almaqdadır. Konstitusiyada dəyişiklik edilmədən Ermənistanla sülh müqaviləsinin imzalanması əhəmiyyətsizdir. Bundan başqa, artıq mövcud olmayan münaqişəsnin tənzimlənməsi məqsədi ilə yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac yoxdur. Minsk qrupunun de-yure fəaliyyət göstərməsi münaqişə vəziyyətinin sanki hələ də qaldığı təsəvvürlərinin saxlanılmasına xidmət edir ki, bu da mövcud reallıqlarla heç cür uzlaşmır. Ermənistan özünün sülh ritorikasında səmimi olduğunu sübut etmək üçün zaman itirmədən həm konstitusiyasında dəyişiklik etməlidir, həm də ATƏT-in Minsk qrupunun buraxılması üçün Azərbaycanla birgə müracət ünvanlamalıdır. Beləliklə, Azərbaycan Prezidenti ölkəmizin irəli sürdüyü bu iki şərtin regionda gələcək etibarlı sülh və təhlükəsizlik mühiti üçün həyati əhəmiyyət kəsb etdiyini bir daha beynəlxalq media təmsilçilərinin diqqətinə çatdırmış oldu. Ölkə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı vermiş olduğu mesajlar da məsələ ətrafında aydın təsəvvürlərin formalaşdırılması baxımından olduqca əhəmiyyətlidir. Prezident müvafiq suala cavab verərkən Zəngəzur dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyətini xüsusi vurğuladı. Bu dəhlizin əhəmiyyətinin təkcə Azərbaycanın bir hissəsi ilə digrə bir hissəsinin əlaqələndirilməsindən ibarət olmadığını deyən ölkə Prezidenti onun həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin digər bir istiqamətdə davamı kimi qiymətləndirdi. Azərbaycan vətəndaşlarının gələcək dəhlizdən istifadə edərkən erməni simasını görməli olmadığını xüsusi vurğulamaqla, Prezident məsələyə dövlətimizin yanaşmasını bir daha qətiyyətlə və dəqiq sərgiləmiş oldu. Yəni, gələcək dəhlizin fəaliyyəti elə qurulmalıdır ki, Ermənistanın vətəndaşlarımıza qarşı hər hansı bir xarakterli maneə törətmək imkanları olmasın. Prezident hələ SSRİ-nin mövcudluğu dönəmində azərbaycanlıların həmin yoldan istifadə edərkən ermənilərin hücumlarına məruz qalmaları faktını xatırlatdı. Yəni, o, ermənilərin nəzarətinin olmayacağı dəhliz ideyasını bir daha təsdiqlədi və əsaslandırdı. Zəngəzur dəhlizinin Ermənistan üçün də yaxşı imkanlar yaradacağına işarə edən Azərbaycan Prezidenti Ermənistan ərazisində(tarixi Azərbaycan torpaqlarında) yolun qurulması istiqamətində bu günə qədər heç bir işin görülməməsini Erməistan tərəfindən növbəti dəfə özünütəcrid kimi qiymətləndirdi. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev bu kimi və digər çoxsaylı suallara cavablarında ölkəmizin regionda sülhə, təhlükəsizliyin təmin olunmasına, konstruktiv dialoqa və əməkdaşlığı xidmət edən bütün məsələlərdə iradə nümayiş etdirdiyini və praqmatik mövqe tutduğunu əsaslandırılmış şəkildə dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Ən əsası isə, ölkəmizin bu kimi məsələlərdə hər zaman təşəbbüskar rolunda çıxış etdiyini təkrar göstərmiş oldu.
Elşad Mirbəşir oğlu
YAP İH-nin üzvü, siyasi elmlər doktoru, professor