Nə xoş millət olaraq bizim halımıza ki, Allah bizlərə bəhrələnmək, qidalanmaq üçün axar sularla bol olan çaylar, göllər, dənizlər, yaşıl meşələr, böyük gəlirlər, qazanclar gətirən yeraltı-yerüstü sərvətlər bəxş edib. Buna görə, təbii ki, Allahımıza şükürlər edirik. Ancaq razılaşaq ki, tariximizin elə bir dövrləri olub ki, işğalçılar və ya hakimiyyəti zəbt etmiş müəyyən qüvvələr Allahın bizlərə bəxş etdiyi sərvətlərin xalqa çatmasına, xalqında bəhrələnməsinə imkan verməyiblər. Xüsusilə də, xalqın neftin əsl sahibi olmağına əngəllər yaradılıb. Neftimiz talan edilib, xaricə daşınıb, millətə isə gəlirlərdən pay düşməyib. Yalnız bu cür ədalətsiz davranışa 1993-cü il də Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra son qoyuldu. Məhz dahi Öndərimiz Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan xalqı neftinin və qazının əsl sahibi ola bildi, digər sərvətləri ilə yanaşı neftinin də taleyini həll etmək imkanı qazandı.
Azərbaycanda neft necə və nə zaman aşkar edilib?
Azərbaycanda neftin aşkar edilməsinin tarixi qədim dövrlərə gedib çıxır. Hələ ikinci-üşüncü əsrlərdə Sabuncuda, Balaxanıda, Binəqədi ərazilərində neft gölməçələri mövcud olmuşdur. Hətta bəzən yayın günəşli havası neft gölməçələrində yanğınlar törətmişdir. Belə yanğınları söndürmək mümkün olmadığından uzun müddət yanğınlar davam etmişdir. Yalnız payızın davamlı yağışları və yaxud da qışın qar –çovğunu həmin yanğınların qarşısını ala bilirdi. Ona görə də, insanlar neft gölməçələrinin yaxınlığında yayış məskənləri qurmaqdan çəkinirdilər.
İlkin dövrlərdən başlayaraq insanlar neftdən yanacaq vasitəsi olaraq istifadə edirdilər. Xüsusilə də, qış fəslində evlərdə neftdən odunların yandırılmasında istifadə olunurdu. Sonralar azərbaycanlı tacirlər neft məhsullarını dəvələr və ya atlarla Bakıya yaxım kəndlərə, qəsəbə və şəhərlərə aparıb satırdılar. Hətta tacirlər karvanlarla nefti xarici ölkələrə aparıb satır və oradan Azərbaycan üçün vacib olan qida və ya parça məmulatlarını gətirib burada satışını təşkil edirdilər. Sonralar isə iri şirkətlər yaranmış və onlar neftlə zəngin olan əraziləri icarəyə götürür və ya satın alıb, orada neftin istismarını həyata keçirmişlər. Məlumatlara istinadən demək olar ki, 8-12-ci əsrlərdə Azərbaycanda neft çıxarıb, onun satışını həyata keçirən 10-a qədər tacir şirkətləri olmuşdur.
IX əsr də yaşamış ərəb tarixçisi və səyyahı Əhməd Əl-Bəlaruri Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, XI-X əsrlərin tanınmış səyyahı Əbu-İshaq İstəxri, X əsrsə yaşamış və üç dəfə Azərbaycana səsfər etmiş ərəb tarixçisi Əbu-d-Həsən Əli Məsudi Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. XVI əsrdə yaşamış tarixçi Əmin Əhməd ər-Razin Bakıda olmuş və neft mədənlərinə baxış keçirmişdir. Onun yazdığına görə, o dövrdə Bakı ətrafında 500-ə qədər neft çalası və quyu mövcud olmuş və onlardan ağ və qara neft hasil edilmişdir. 1647-ci ildə Türk səyyahı Övliya Çələbi Bakıda olmuş, buradakı neft mədənləri, çıxarılan neftin müxtəlif rənglərdə olması, neftin indiki fars-molla rejimin mövcud olduğu şəhərlərə, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və gətirdiyi illik gəlir haqqında məlumat vermiş, Bakıda fəaliyyət göstərən neft şirkətlərini müfəssəl təsvir etmişdir
İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından Təbrizə, Tehrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir.
Sonrakı illərdə Azərbaycanda neft istehsalı daha da artmışdır. Nəticədə iri şirkətlər, bürolar yaranmışdır. Bakı sakini Qasımbəy Mənsurbəyov 1803-cü ildə Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.
1803-cü ildə dünyada ilk dəfə olaraq bakılı Hacı Qasımbəy Mənsurbəyov Bibiheybət körfəzində, sahildən 18 və 30 metr aralıda iki quyudan neft çıxarmağa başlamışdır. Ancaq 1825-ci ilin payızında dənizdə baş verən güclü fırtına həmin quyuları məhv etmişdir. 1846-cı ildə Bibiheybətdə Zaqafqaziya diyarı Baş İdarəsinin təklifi ilə sənaye üsulu ilə 21 metr dərinlikdə kəşfiyyat quyusu qazılmış və müsbət nəticə vermişdir. Bu hal Azərbaycanın neft sənayesinin inkişafının əsasını qoymuşdur. Dünyada ilk dəfə olaraq 1847-ci ildə Bibiheybətdə, sonra isə Balaxanıda texnikanın tətbiqi ilə ilk neft quyuları qazılmışdır.1859-cu ildə Bakıda Dubinin qardaşlarının iri neftayırma zavodu istifadəyə verilmişdir. Zavodda əsasən ağ neft istehsal olunurdu. 1872–1873-cü illərdə Xəzər dənizində taxta barjlarla neft nəql edilmişdir.
1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır.
1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir
Dünyada neftə olan maraq Azərbaycanda yeni istehsal müəssisələrinin yaranmasına və istehsalın artırılmasına gətirib çıxarmışdır. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Bununla yanaşı neft kəmərlərinin tikintisi də həyata keçirilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi.
1883-cü ildə Bakı-Batum dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 km, d.-200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-ci ildə başa çatdırılır.
Hitlerin hazırladığı "Edelveys" planı
1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu. 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş, beləliklə, onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı əmək bayrağı" ordeni ilə təltif etməyi qərara aldı
İkinci dünya müharibəsi dövründə Azərbaycan nefti sovet tanklarının, təyarələrinin, avtomobillərinin əsas gücü olur. Bunu anlayan A.Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1942-ci ilin iyulun 23-də Hitler Qafqazla bağlı "Edelveys" kod adı altında strateji bir əməliyyatın həyata keçirilməsinə dair 45 nömrəli direktiv imzaladı. "Edelveys" planına görə, Qafqazın əsas neft rayonları (Bakı, Maykop, Qroznı) işğal edilməli, vermaxt həmin ərazilərin nefti hesabına şiddətli ehtiyac duyduğu yanacaq ilə təmin olunmalı idi. Almanların son dərəcə strateji məqsədləri hədəfləyən "Edelveys" planına görə Bakı 25 sentyabr 1942-ci ildə işğal olunmalı idi. Alman hərbi komandanlığı sovet orqanlarının neft mədənlərini sıradan çıxarmağa macal tapmaması üçün Bakıya gözlənilmədən, qəfil desant ordusu çıxarmağı planlaşdırırdı.Hitler Bakı neftini ələ keçirmək üçün bir neçə əməliyyat hazırlayır , lakin əməliyyatlar iflasa uğrayır. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Sovetlərin İkinci dünya müharibəsində qələbəsinin təmin olunmasında Azərbaycan nefti xüsusi rol oynamışdır
İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. 1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur. İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən SSRİ neft və qaz naziri Nikolay Baybakov demişdir: “Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü”.
Nikolay Baybakov onu da bildirmişdir ki, o dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı: “Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Marşal Konstantin Rokossovski demişdi: “Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı böyükdür”.
“Pravda” qəzeti 28 iyul 1941-ci il tarixli "Azərbaycan bu gün" başlıqlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.
Diqqətçəkən məqam ondan ibarətdir ki, İkinci dünya müharibəsində Sovet İttifaqının qələbəsinin təmin olunmasında Azərbaycan nefti xüsusi rol oynasa da Moskva bunu lazımınca qiymətləndirmədi. Yəni Rusiyanın, Ukraynanın, Belarusiyanın bir sıra şəhərlərinə “Qəhrəman şəhər” adı verilsə də Bakıya bu ad verilmədi. Belə demək olarsa, Bakıya qarşı ən böyük haqsızlıq edildi. Sonrakı illərdədə səhvlər düzəldilmədi.
Təəssüflər olsun ki, Sovetlər ittifaqı dövründə Moskva Azərbaycan neftindən əldə olunan gəlirlərin böyük hissəsini Rusiya və digər respublikalara ayırırdı. Qara qızılın çıxarıldığı Azərbaycan xalqına isə cüzi vəsaitlər çatırdı. Təbii ki, bu ədalətsiz və haqsız bölgü hesab olunurdu. Belə bir anormal bölgünün aradan qaldırılmasına Azərbaycan dövlət müstəqilliyini təmin etdikdən sonra nail ola bildi. 1993-cü il də xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Əliyevin rəhbərliyi ilə mükəmməl neft strategiyası işlənilib hazırlandı. Az sonra, yəni 1994-cü ilin sentyabrın 20-də əfsanə kimi görünən “Əsrin müqaviləsi” imzalandı. Bununla da Azərbaycanın iqtisadi, sosial inkişafının əsası qoyuldu. Neftdən əldə olunan gəlirlərin ədalətli şəkildə bölünməsi əhalinin sosial – məişət problemlərinin köklü şəkildə həll olunmasına və sosial rifah halının yaxşılaşmasına təkan oldu. Məhz neftdən əldə olunan gəlirlərin müsbət nəticəsi olaraq qısa müddətdə ölkəmizin bütün şəhərlərində, kənd və qəsəbələrində geniş miqyaslı quruculuq, abadlıq, tikinti işləri həyata keçirildi.
Neft-qaz hasilatında yeni texnologiyaların tətbiqi
Ölkə Prezidenti İlham Əliyev 2006-cı il iyulun 13-də Azərbaycan neftinin Türkiyənin Ceyhan terminalına çatdırılması mərasimində çıxışı zamanı “Əsrin müqaviləsi” haqqında demişdir: “Hamımız xatırlayırıq ki, bu nəhəng transmilli layihənin təməli 1994-cü ildə Bakıda - "Əsrin müqaviləsi"nin imzalanması ilə başlanmışdır. Məhz o ağır, çətin dövrdə Azərbaycan rəhbərliyinin qətiyyəti və uzaqgörənliyi nəticəsində "Əsrin müqaviləsi" imzalandı və bundan sonra bütün məsələlər öz həllini tapdı. Yeni kəmərlər tikildi, yeni neft infrastrukturu yaradıldı. O illər Azərbaycanda çox böyük təlatüm müşahidə olunurdu, Azərbaycana ciddi təzyiqlər edilirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yaranmasını istəməyən qüvvələr müxtəlif təzyiqlər göstərirdi. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan rəhbərliyinin, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, cəsarəti, Azərbaycan xalqının dəstəyi bizə imkan verdi ki, ölkəmiz öz zəngin neft, qaz yataqlarını işə sala bilsin və bu gün bizim təbii ehtiyatlarımız dünya bazarlarına çıxarılır".
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır
14 sentyabr 2017-ci ildə Bakıda, Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilib, yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Yeni Sazişlə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıl. Yeni Saziş Azərbaycana mərhələli şəkildə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsini, SOCAR-ın payının 11,6 faizdən 25 faizə yüksəldilməsini ehtiva edir. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz həcmində olması nəzərdə tutulur. Bu sazişlə Azərbaycanda neft sənayesinin inkişafında yeni bir mərhələnin əsası qoyulur.
Bu gün artıq Azərbaycan neft sənayesi özünün ən unukal inkişaf dövrünü yaşayır. Yeni texnologiyaların tətbiqi ilə neft-qaz sənayesində möhtəşəm uğurlara imza atılır. Məhz yeniliklərin tətbiqinin nəticəsi olaraq neft hasilatının da həcmi artır. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 19 ölkəyə 14 milyon 470 min 571,55 ton həcmində neft ixrac olunub. Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Portuqaliya və Rumıniya daxil olub.
Bu ilin 7 ayında Azərbaycan İtaliyaya 4 milyard 424 milyon 208,27 min ABŞ dolları dəyərində 8 milyon 431 min 427,82 ton, Çexiyaya 547 milyon 91,18 min ABŞ dolları dəyərində 1 milyon 27 min 599,56 ton, Xorvatiyaya 450 milyon 838,01 min ABŞ dolları dəyərində 827 min 707,93 ton xam neft ixrac edib. Portuqaliyaya 385 milyon 76,01 min ABŞ dolları dəyərində 714 min 269,12 ton və Rumıniyaya 378 milyon 39,37 min ABŞ dolları məbləğində 685 min 972,26 ton neft tədarük edilib.
Bir sözlə, Azərbaycanda neftin çıxarılması qədim dövrləri əhatə edir. O dövrdən bu günə qədər dəyişilməyən bir prinsip var: Neft amilini sosial həyatın yaxşılaşmasına, ərazilərin inkişafına yönəltmək. Bu qayda bu gündə davam edir. Demək olar bu gün daha planlı və uğurlu layihələrin icrası ilə həyata keçirilir. Bu gün neftdən gələn gəlirlər ölkəmizin iqtisadi qüdrətinin artırılmasına xidmət edir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır.
İLHAM ƏLİYEV