PDF Oxu

Siyasət

  • 415

Azərbaycana böyük iqtisadi dividendlər gətirən elit yarışma - Formula 1

image

Dövlət başçısının Sərəncamı ilə ölkəmizə gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilib

Azərbaycanın inkişafı, möhtəşəm nailiyyətlər ölkəmizin beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara və konfranslara ev sahibliyi etməsinə səbəb olub. Paytaxt Bakıda müxtəlif məzmunlu mühüm əhəmiyyət kəsb edən tədbirlərin təşkil olunmasında Azərbaycanın qazandığı mövqeyi, ölkəmizin beynəlxalq çəkisi və yüksək imici səbəbdir.

Son illərdə Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunub. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Bədii gimnastika, qılıncoynatma, taekvondo, güləş, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya Çempionatı, "Baku World Challenge" avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən, Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırıb. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan "Bakı-2015" Avropa Oyunlarını layiqincə təşkil etməklə, tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurmuşdu.

Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycan müxtəlif idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib.

Ölkəmizdə keçirilən və dünyanın diqqətini cəlb edən ən əhəmiyyətli idman tədbirlərindən biri də Formula 1 yarışmasıdır. Azərbaycanın idman tarixində yeni bir səhifə olan elit yarışmalar sırasında yer alan Formula 1 yarım əsrdən artıq tarixində yaddaqalan zamanını yaşayır. 2016-cı ildən başlayaraq, paytaxtımızda keçirilən Formula 1 yarışlarının yüksək səviyyədə keçirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Azərbaycan növbəti dəfə Formula 1 yarışmasına ev sahibliyi edəcək.

ƏCNƏBİLƏR VƏ VƏTƏNDAŞLIĞI OLMAYAN ŞƏXSLƏR AVQUSTUN 25-DƏN SENTYABRIN 30-DƏK VİZA ALA BİLƏCƏKLƏR

2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2025-ci il avqustun 25-dən sentyabrın 30-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. 2-ci hissədə qeyd olunur: Formula 1 yarışlarının beynəlxalq təşkilatçıları olan "Formula One Management Limited" Şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya akkreditasiyadan keçməni təsdiq edən digər sənəd; Bakı Şəhər Halqası Əməliyyat Şirkətində akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı; 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışına bilet, o cümlədən elektron bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Sərəncamın 3-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə "Formula One Management Limited" Şirkətinə, Beynəlxalq Avtomobil Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin. Eləcə də 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin "ASAN Viza" sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin. Sənəddə o da qeyd olunur ki, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə 2025-ci ildə Bakı şəhərində keçiriləcək Formula 1 yarışı ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat versin.

PAYTAXT NÖVBƏTİ AZƏRBAYCAN QRAN PRİSİNƏ SENTYABRIN 19-DAN 21-DƏK EV SAHİBLİYİ EDƏCƏK

Qeyd edək ki, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Avtoidman üzrə Ümumdünya Şurası 2025-ci il Formula 1 Dünya Çempionatının təqviminə əsasən, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2025-ci ilin sentyabrın 19-dən 21-dək ev sahibliyi edəcək.

Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74 faizi Formula 1 Azərbaycan Qran-Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı şəhər halqasının F-1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi isə onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib. Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb. Beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malik olduğundan, təşkilatçılıq, təhlükəsizlik və iqtisadi imkanların mövcudluğu da həlledici rola malikdir ki, ölkəmizdə bütün bu və ya digər tədbirlər yüksək səviyyədədir.

Təbii ki, keçirilən bu və ya digər tədbirlər turistlərin ölkəmizə axınını daha da gücləndirib. Bakıda keçirilən Formula-1 Avropa Qran-Prisi yarışlarını dünyanın 200-yə yaxın ölkəsində 500 milyondan çox azarkeşin televiziya vasitəsilə izləməsi, təbii ki, ölkəmiz ətrafında olan münasibətləri formalaşdırır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində Formula 1 yarışın ölkəmiz üçün çox böyük faydası olduğunu bildirib: "Birincisi, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir. Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir. İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə". Əlbəttə ki, Formula 1 üzrə dünya çempionatının tamaşaçı auditoriyası bütün qitələri əhatə edir. Amerika, Avropa, Avstraliya, Asiya və Afrika ölkələrinin televiziya kanallarında yarışlar müntəzəm yayımlanır. Beş yüz milyon televiziya tamaşaçısının Avropa Qran-Prisində ən güclü pilotlarının mübarizəsini izləməklə yanaşı, şəhərimizin gözəlliyi ilə tanış olur, müasirliklə qədimliyin simvollarını özündə birləşdirən Bakı haqqında geniş məlumat əldə edə bilirlər. ABŞ-ın, Böyük Britaniyanın, Kanadanın, Fransanın, İspaniyanın, Avstraliyanın, Braziliyanın, Portuqaliyanın, Almaniyanın, İtaliyanın, Cənubi Afrika Respublikasının, Rusiyanın, Yaponiyanın və Polşanın, Hindistanın məşhur televiziya kanalları Bakı Qran-Prisini yayımlamaqla yanaşı, paytaxtımıza həsr olunan reportaj və materiallar hazırlayırlar. Azərbaycanın beynəlxalq nüfuzlu yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi, qədim tarixi abidələrimiz diqqətdən kənarda qalmır.

MÜASİR İNFRASTRUKTUR VƏ TƏHLÜKƏSİZ ÖLKƏ

Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. 2015-ci ildə istifadəyə verilən Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir. Bu nəhəng idman qurğusu müasir memarlıq üslubu, xüsusi gözəlliyi və funksional baxımdan, əlverişliliyi ilə seçilir. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin, mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VIP, CIP və media bölmələri mövcuddur. Bakı Tennis Akademiyası da Azərbaycanda bu tipdə inşa edilmiş ilk idman qurğusudur. İlin bütün fəsillərində yerli və beynəlxalq yarış və məşqlərin keçirilməsi üçün müasir tələblərə cavab verən istilik və havalandırma sistemi quraşdırılıb. Bundan başqa 3 min tamaşaçı tutan mərkəzi universal stadion inşa olunub. Stadionda tennislə yanaşı, voleybol, mini-futbol, basketbol, həndbol, çimərlik voleybolu, güləş, boks və idmanın digər növləri üzrə ən mötəbər çempionatlar və turnirlər keçirmək mümkündür. Bu və ya digər idman qurğularının paytaxtımızda mövcudluğu yarışların möhtəşəm keçirilməsinə əsas verir. İdman qurğuları ilə yanaşı, ölkəmizin idman sahəsində qazandıqları nəticələr də, çox vacib amillər sırasındadır. Sevindirici haldır ki, idmançılarımız həmişə onlara göstərilən etimadı doğruldublar. Bu kimi tarixi nailiyyətlər gənclərimizin idmana maraq və həvəsini daha da artırdı. Azərbaycana 56 medal qazandıran Birinci Avropa Oyunları, bir daha təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin, idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər