1990-cı illərin əvvəllərində Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinin təxminən 20 faizini işğal etdi. Bu işğalın əsas səbəblərindən biri ermənilərin xarici havadarlar tərəfindən silahlandırılması və maliyyələşdirilməsi idi. İşğal yalnız regional etnik qarşıdurmanın məhsulu deyildi, həm də xarici siyasət oyunçularının geosiyasi maraqlarının nəticəsi kimi meydana çıxmışdır. Erməni silahlı qüvvələrinin xarici havadarlar vasitəsilə silahlandırılması bir neçə istiqamətdə həyata keçirildi. Ermənistana edilən dəstək işğal siyasətini yalnız hərbi baxımdan gücləndirmədi, həm də beynəlxalq səviyyədə siyasi təzyiq mexanizmlərinə qarşı müqavimət yaratdı. Geosiyasi baxımdan xarici dəstək Ermənistanın diplomatik və ideoloji müstəvidə öz ərazi iddialarını genişləndirməsinə imkan verdi. İşğal uzunmüddətli etnik və hərbi qarşıdurma yaratdı. Minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü, sosial və humanitar böhran baş vermis, BMT Təhlükəsizlik Şurasının qətnamələri işğalın qanunsuzluğunu təsdiqləsə də ancaq xarici dəstəyin təsiri nəticəsində işğal uzun müddət davam etdi. Buna görə də Azərbaycan milli strategiyalarını yenidən qiymətləndirməyə və müdafiə qabiliyyətini gücləndirməyə məcbur oldu.
27 sentyabr 2020-ci il Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün dönüm nöqtəsi oldu. Bu tarix siyasi və hərbi təhlil baxımından bir neçə aspektdə qiymətləndirilir. Azərbaycan Ordusu yüksək hazırlıq və müasir texnika ilə düşmən mövqelərinə qarşı hücuma keçdi. Bu, 30 illik işğal siyasətinə qarşı ilk qəti addım idi. 27 sentyabr hücumu göstərdi ki, xarici havadarların dəstəyi işğalçı qüvvələri qorumaq üçün yetərli deyil. Azərbaycanın strateji planlaması və operativ qərarları düşmənin hərbi üstünlüyünü neytrallaşdırdı. Hücum, həm dövlətin, həm də xalqın birliyini nümayiş etdirdi. 27 sentyabr ideoloji baxımdan da Azərbaycan xalqının iradəsinin simvoluna çevrildi. Azərbaycan müharibə boyunca işğalın qanunsuzluğunu beynəlxalq ictimaiyyətə çatdırdı, xarici dəstəyin yaratdığı siyasi üstünlüyü neytrallaşdırmaq üçün diplomatik addımlar atdı.
44 gün davam edən müharibə Azərbaycan Ordusunun ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Xarici havadarların dəstəyi işğalçı qüvvələr üçün kritik olsa da, milli güc, strateji hazırlıq və xalq birliyi bu üstünlüyü neytrallaşdırdı. Artıq 5-ci il dönümüdür ki, Azərbaycanda rəsmi olaraq 2020-ci il Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsinə həsr olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 27 sentyabr – Anım günü elan edilib. Hər il həmin tarixdə ölkə üzrə şəhidlərimizin ruhu yad olunur, dövlət qurumlarında, müəssisələrdə və şəhər meydanlarında onların xatirəsinə ehtiram göstərilir, saat 12:00-da ümummilli bir dəqiqəlik sükut keçirilir.
Azərbaycan torpaqlarının 20 faizinin xarici dəstəkli işğalı uzun illər regionda sabitliyi pozan, xalqın hüquq və təhlükəsizliyini təhdid edən amil olmuşdur. Lakin 27 sentyabr 2020-ci il bu uzunmüddətli prosesə qətiyyətli dönüş gətirdi və Azərbaycanın strateji hazırlığının, milli birliyinin və diplomatik çevikliyinin sınaqdan çıxdığı bir tarixə çevrildi. 27 sentyabr yalnız Azərbaycan üçün deyil, həm də bütün region üçün strateji mesajdır: ərazi bütövlüyünü pozmağa yönəlmiş xarici müdaxilələr yalnız hazırlıqlı və strateji planlı dövlətlər qarşısında sınaqdan keçirilə bilər. Bu, regional güc balansına birbaşa təsir edir və geosiyasi öyrəncələr təqdim edir. Nəticə etibarilə, 27 sentyabr 2020-ci il Azərbaycan üçün yalnız hərbi qələbə tarixi deyil, həm də milli güc, strateji düşüncə və xalq birliyinin beynəlxalq siyasətdə real nəticə verə biləcəyini göstərən kritik siyasi-analitik dərsdir. Gələcək nəsillər üçün dövlət təhlükəsizliyi, suverenlik və milli maraqların qorunmasının real nümunəsi olaraq qalacaq.
Bu gün biz həm tariximizi yad edir, həm də gələcəyə baxırıq - 27 sentyabr Azərbaycanın gücünü, xalqın iradəsini və milli birliyin əvəzsiz dəyərini dünyaya göstərən bir simvoldur.
Nigar Abdullayeva
YAP Yasamal rayonu AMEA Folklor İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini