Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsinə, iqtisadiyyatımıza da ağır zərbə vurmuşdur. Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini acınacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasətinə son qoydu, düşmənə unutmayacağı tarixi dərs verdi. Qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan xalqı cəmi 44 gün davam edən hərbi əməliyyatlar zamanı qazandığı parlaq Zəfərlə torpaqlarımızın otuz illik işğalına son qoymuş, iki əsrə qədər davam edən Qarabağ münaqişəsinin həllinə nail olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev isə əsrlər boyu hissə-hissə itirilən torpaqlarımızı geri qaytarmağı bacararaq regionda yeni siyasi reallığın əsasını qoyan Lider kimi adını ən müasir tariximizə yazmışdır.
44 günlük Vətən Müharibəsinin başlanma tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz bu hərbi əməliyyatların nəticəsi olaraq düşməni döyüş meydanında məğlubiyyətə uğratmış və ərazi bütövlüyünü güc yolu ilə bərpa etmişdir. Zəbt edilmiş torpaqlarının azad olunması naminə sonadək mübarizə aparmaq, haqqın və ədalətin bərpası naminə sonadək döyüşmək, “Öldü var, döndü yoxdur” prinsipi ilə irəliləmək əzmini bütün dünyaya nümayiş etdirmişdir.
Bu gün işğaldan azad edilmiş müqəddəs torpaqlarımız dövlətimiz tərəfindən cənnətə çevrilir. Dövlətimiz var olsun!
Yaşasın Müzəffər Ali Baş Komandan !
Yaşasın Rəşadətli Azərbaycan Ordusu!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Elvin Məhərli
“Laçının azad olunmasına görə” və “Vətən Müharbəsi iştirakçısı” medalı ilə təltif edilmiş , leytenant