PDF Oxu

Siyasət

  • 518

Canlarını fəda etmiş əsgər və zabitlərimiz

image

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan silahlı qüvvələri ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atdı. Bu, sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat oldu. Ermənistanın növbəti təxribatı qarşısında Azərbaycan dövlətinin cavabı qətiyyətli oldu. Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu əks-hücuma keçdi. Ədalətli və haqq mübarizəsinə qalxan xalqımız 44 gün ərzində şanlı bir tarix yazdı. Azərbaycan Ordusu düşmənin onilliklər boyu qurduğu istehkamları darmadağın etdi, strateji yüksəklikləri ələ keçirdi, kəndlərimizi, şəhərlərimizi işğaldan azad etdi. Oktyabr ayında Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonunun əraziləri Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Bu müharibənin rəmzinə çevrilmiş Şuşa şəhəri 8 noyabr 2020-ci ildə qəhrəman Azərbaycan əsgərlərinin igidliyi nəticəsində azad olundu. Şuşanın azadlığı bütün xalqımız üçün dönüş nöqtəsi oldu, zəfərimizin müjdəçisi kimi tarixə düşdü. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti tərəfindən imzalanmış bəyanatla müharibəyə son qoyuldu. Müzəffər Azərbaycan Ordusu tərəfindən icra edilmiş “Dəmir Yumruq” əməliyyatı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı, işğalçılığı, nasizmin şöhrətləndirilməsini dövlət siyasətinə çevirən Ermənistanın təslim olması ilə nəticələndi. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi. Bu qələbə yalnız hərbi uğur deyildi. Bu həm də ədalətin, beynəlxalq hüququn və tarixi həqiqətin zəfəri idi. Şəhidlərimizin qanı yerdə qalmadı, Vətən torpaqları işğaldan azad edildi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Azərbaycan xalqı şəhidlərinin müqəddəs xatirəsini daim ehtiramla yad edir, onların qoyduğu müqəddəs irsi davam etdirir.

Səyyad MİRZƏYEV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər