Yeni Azərbaycan Partiyası yarandığı gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayan siyasi təşkilatlardan biri kimi fəaliyyət göstərib. Ölkəmizin müstəqilliyinin ilk illərində mürəkkəb ictimai-siyasi şəraitdə formalaşan partiyanın qarşısında əsas vəzifələrdən biri dövlətçilik prinsiplərinin möhkəmləndirilməsinə, cəmiyyətdə siyasi sabitliyin və milli həmrəyliyin təmin olunmasına töhfə vermək idi. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasının yaradılması xalqın tələbi idi və Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı da məhz xalqın istəyinin nəticəsi kimi baş vermişdi.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının keçdiyi yol yalnız siyasi təşkilatın tarixindən ibarət deyil. Partiyanın fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinin mühüm mərhələləri ilə sıx bağlıdır. Ötən 30 ildən artıq müddətdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı dövlət siyasətinin, sosial-iqtisadi inkişaf proseslərinin və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinin şahidi olmuşuq. Prezident İlham Əliyev VIII Qurultayda partiyanın ölkənin son illərdə keçdiyi uğurlu və şərəfli yolda fəallarının böyük payının və töhfəsinin olduğunu xüsusi qeyd edib.
Yeni Azərbaycan Partiyasının fəaliyyətində mühüm mərhələlərdən biri də qurultaylarla bağlıdır. Qurultaylar partiyanın qarşısında dayanan vəzifələrin müəyyənləşdirildiyi, qarşıdakı dövr üçün əsas fəaliyyət istiqamətlərinin nəzərdən keçirildiyi mühüm siyasi platformadır. Hər bir qurultay ölkədə və regionda baş verən proseslərin yeni reallıqlar fonunda qiymətləndirilməsi, partiyanın fəaliyyətinin qarşıdakı mərhələyə uyğunlaşdırılması və qarşıya yeni hədəflərin qoyulması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mənada qurultayların əhəmiyyəti yalnız partiyadaxili məsələlərlə məhdudlaşmır, Azərbaycanın ictimai-siyasi həyatında baş verən mühüm dəyişikliklərlə də sıx bağlı olur.
Oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı isə xüsusilə mühüm tarixi mərhələyə təsadüf edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Əgər VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş şanlı Zəfərdən cəmi bir neçə ay sonra keçirilmişdisə, VIII Qurultay artıq həmin Zəfərin yaratdığı yeni reallıqların daha da möhkəmləndiyi bir dövrdə baş tutur.
VII Qurultay zamanı Azərbaycanın qarşısında yeni imkanlar açılmışdı. 2020-ci ilin Zəfəri ilə ölkəmiz öz ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə etmiş, bölgədə yeni reallıqlar formalaşdırmışdı. Sonrakı dövrdə isə Azərbaycan həmin reallıqların möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərdən sonra yaranan reallıqlar artıq beynəlxalq səviyyədə də qəbul edilir.
Bu nəticəyə gəlib çatmaq asan olmayıb. Azərbaycan Zəfərdən sonrakı illərdə də müxtəlif siyasi təzyiqlərlə, ölkəmizə qarşı yönəlmiş kampaniyalarla və fərqli xarici çağırışlarla üzləşib. Buna baxmayaraq, dövlətimiz öz milli maraqlarına əsaslanan siyasətini ardıcıl şəkildə davam etdirib. Bu gün isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması ölkəmizin qarşısında yeni inkişaf imkanları açıb.
VIII Qurultayın əsas xüsusiyyətlərindən biri də məhz budur: partiya yeni ictimai-siyasi və geosiyasi şəraitdə fəaliyyətinin növbəti mərhələsinə qədəm qoyur. Artıq Azərbaycanın qarşısında əvvəlki dövrlərdən fərqli olaraq yeni vəzifələr dayanır. Dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin gücləndirilməsi, ölkənin təhlükəsizlik imkanlarının artırılması, beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi və yeni inkişaf mərhələsinin tələblərinə uyğun fəaliyyətin qurulması bu mərhələnin əsas istiqamətləri sırasındadır.
Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər göstərir ki, zamanın və şəraitin dəyişməsinə baxmayaraq, dövlət siyasətinin əsas prinsipləri öz mahiyyətini qoruyur. Dövlətimizin başçısı Ulu Öndərin siyasi xəttinin ana xəttinin dəyişməz qaldığını, bunun müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin öz imkanlarından maksimum istifadə etməsi kimi mühüm prinsiplərə söykəndiyini bildirib.
Bu baxımdan VIII Qurultay həm də keçilmiş yolun nəzərdən keçirilməsi ilə yanaşı, qarşıdakı dövrün vəzifələrinin müəyyənləşdirilməsi baxımından əlamətdardır. Yeni Azərbaycan Partiyası artıq uzun illərdir ki, ölkənin siyasi həyatında aparıcı rol oynayan təşkilat kimi qarşıdakı mərhələdə də dövlətçilik prinsiplərinin, milli maraqların və inkişaf strategiyasının həyata keçirilməsində fəal iştirak etməlidir. Partiyanın çoxsaylı üzvləri və fəalları bu prosesdə üzərlərinə düşən məsuliyyəti düzgün dərk etməli, cəmiyyətlə daha sıx əlaqələr qurmalı və yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərməlidirlər.
Beləliklə, VIII Qurultay Yeni Azərbaycan Partiyasının tarixində növbəti mühüm mərhələ olmaqla yanaşı, Azərbaycanın yeni ictimai-siyasi və geosiyasi reallıqlar şəraitində qarşısına qoyduğu məqsədlərin müzakirə edildiyi mühüm siyasi hadisə kimi yadda qalır. Qurultayın əhəmiyyəti həm partiyanın keçdiyi 30 ildən artıq tarixi yolun nəticələri, həm də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlət kimi yeni mərhələyə daxil olması ilə müəyyənləşir. Bu yeni mərhələdə əsas məsələ əldə edilmiş nailiyyətlərin qorunması ilə yanaşı, ölkənin qarşısında duran yeni vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsidir.
Allahverdi Piriyev
Salyan rayon Ziyalılar birliyinin sədri, Əməkdar müəllim, YAP fəalı