PDF Oxu

Siyasət

  • 555

Ali məclis yeni fəaliyyət kompasımız oldu - ŞƏRH

image

Ötən əsrin sonunda Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis edilərək fəaliyyətə başlayan Yeni Azərbaycan Partiyası (YAP) müstəqillik dövründə dövlətimizin tarixi uğurlarının bayraqdarıdır. Partiyanın hazırkı sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin oktyabrın 2-də keçirilmiş YAP-ın VIII qurultayındakı nitqi aparıcı siyasi təşkilatın keçdiyi tarixi yolu, qazanılan nailiyyətləri, qarşıda duran vəzifələri dəyərləndirmək baxımından mühüm siyasi məna daşıyır. Eyni zamanda, bu ali məclis yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələnin başlanğıcı sayılır.

Yeni əsrin əvvəllərindən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkənin hərtərəfli inkişafı iqtidar partiyasının xalq qarşısında böyük tarixi xidmətləridir. Növbəti qurultay göstərdi ki, YAP-ın sədri cənab İlham Əliyevin yüksək vətənpərvərlik səyləri sayəsində Azərbaycan daha işıqlı sabahlara üz tutub. Ölkəmiz özünün sivil mühiti, ictimai-siyasi sabitliyi, mədəni-iqtisadi inkişafı ilə dünyanın söz sahibi olan dövlətləri sırasına qoşulub. İqtidar partiyası isə regionun və dünyanın nüfuzlu siyasi partiyalarından biridir.
Partiya nizamnaməsinin qaydalarına görə, qurultaydan öncə yerli təşkilatlarda, o cümlədən də bizim Masallı rayon təşkilatında hesabat konfransları düzənləndi, hesabat dövründəki fəaliyyətlər sərf-nəzər edildi və ali məclisə nümayəndələr seçildi. 11 minə qədər üzvü olan rayon təşkilatımızı təmsil etdiyimiz üçün böyük qürur hissi ilə qurultaya qatıldıq.
Partiyamızın sədri İlham Əliyev qurultaydakı nitqində qazanılan uğurları göstərməklə bərabər, diqqəti ideoloji təhlükəsizlik amilinə cəlb edərək bildirib ki, artıq daha düzgün ideoloji iş qurmaq, şablonlardan əl çəkmək, formal xarakterli tədbirlərdən əl çəkmək vaxtıdır. Yəni yeni, müasir ideoloji yönüm formalaşdırılmalıdır ki, faydalı iş əmsalı daha da yüksək olsun.
Zamanın çağırışlarına reaksiya baxımından aktual olan bu fikirlər özlüyündə bir böyük həqiqəti ehtiva edir ki, vətənpərvər insanlar, xüsusilə də kreativ düşüncəli gənclərimiz xoşbəxt gələcəyin qurucularıdır. Bizim ideoloji məkanımızda yad ünsürlərə, yad təsirlərə yer olmamalıdır. Bu, eyni zamanda, xarici siyasət strategiyamızdır. Dövlətimizin başçısı vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”.
Bu iqtibas da cənab İlham Əliyevin qurultaydakı nitqindəndir: “Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil... Biz hamımız, əminəm ki, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına”.
Əlbəttə, möhtəşəm uğurlarımızın əsas “lokomotiv”i hər birimizin vətənpərvərliyidir. Tarixən bu yolda ən çətin sınaqlardan alnıaçıq çıxmışıq. Zəfər təntənələrimiz tariximizi daha da zənginləşdirib.
Tükənməz iftixar hissi ilə xatırlayırıq ki, 2020-ci il sentyabrın 27-də Qarabağda ermənilərin növbəti silahlı təxribatı səbəbi ilə Ali Baş Komandan Azərbaycan ordusuna əks-hücum əməliyyatlarına başlamaq əmrini verdi və 44 gün ərzində torpaqlarımız işğalçılardan təmizləndi. Prezidentin dediyi kimi, tarixə yazılan Zəfərimiz, ilk növbədə, dövlət-xalq-ordu birliyinin monolitliyi sayəsində qazanıldı. Azərbaycan xalqı öz böyüklüyünü və yüksək mənəvi ruhunu göstərdi.
Bildiyimiz kimi, VIII qurultay Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilirdi. Əvvəlki ali məclis Böyük Zəfərdən cəmi bir neçə ay sonraya təsadüf etmişdi və onda hələ Qarabağda separatçı ünsürlər qalırdı. İndi isə əzəli torpaqlarımız düşmən tör-töküntülərindən tamamilə təmizlənib. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa, abadlıq və quruculuq işləri aparılır. Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bu bölgələrin inkişafına bu günə qədər 28 milyard manat vəsaitin ayrıldığını qeyd edən dövlətimizin başçısı deyib: “Onların böyük əksəriyyəti infrastruktur layihələrinə istiqamətləndirilib. Onların böyük hissəsi başa çatıb və eyni zamanda, bu gün 48 yaşayış məntəqəsində keçmiş köçkünlər artıq məskunlaşıb. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək”.
Möhtərəm partiya sədrimizin – Prezidentimiz İlham Əliyevin yeni dövrün strateji hədəfləri baxımından genişəhatəli nitqi bizi daha fəal olmağa və Vətənimizin rifahı naminə üstün fədakarlığa səfərbər edir. İrəliləyiş stimulumuz olan zəfərlərimiz təkcə keçmişə aid deyil, həm də gələcəyə daha böyük məsuliyyətlə yanaşmağı tələb edən yeni mərhələnin başlanğıcıdır. Bu həqiqəti VIII Qurultayda səslənən fikirlər də təsdiqlədi: dövlətçilik xəttinin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, ideoloji təhlükəsizliyin təmin edilməsi və müstəqil siyasətin davam etdirilməsi qarşıdakı dövr üçün əsas öhdəliyimiz olmalıdır.

Seyfəddin ƏLİYEV,
YAP Masallı Rayon Təşkilatının sədri

Digər xəbərlər