Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin son illərdə keçdiyi mürəkkəb və əlamətdar tarixi mərhələnin siyasi yekunlarının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qurultayın keçirildiyi dövr Azərbaycanın siyasi tarixində yeni reallıqların formalaşması ilə səciyyələnir. Bu reallıqlar isə yalnız ölkənin əldə etdiyi tarixi Zəfərlə deyil, ərazi bütövlüyünün və suverenliyin tam bərpası, dövlət idarəçiliyinin bütün ölkə ərazisində təmin edilməsi və qarşıda dayanan yeni inkişaf məqsədləri ilə müəyyən olunur.
Qurultayda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı məhz bu baxımdan mühüm siyasi məzmun kəsb etdi. Dövlət başçısının nitqində YAP-ın keçdiyi tarixi yol, son illərdə görülən işlər, Azərbaycanın qarşılaşdığı siyasi təzyiqlər, əldə olunan nailiyyətlər və qarşıdakı mərhələnin əsas prioritetləri geniş şəkildə əksini tapdı. Prezident İlham Əliyev qurultayın yalnız partiyadaxili məsələ olmadığını, YAP-ın fəaliyyətinin Azərbaycanın ictimai-siyasi həyatında, eləcə də regionda gedən proseslərdə mühüm rol oynadığını diqqətə çatdırdı.
Yeni Azərbaycan Partiyasının ötən əsrin sonlarında formalaşması Azərbaycanın müasir siyasi tarixinin mühüm hadisələrindən biri hesab olunur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan partiya qısa müddət ərzində ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi və 30 ildən artıqdır ki, Azərbaycanda hakim siyasi qüvvə kimi fəaliyyət göstərir.
Bu müddət ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında böyük dəyişikliklər baş verib. Dövlət quruculuğunun möhkəmləndirilməsi, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin gücləndirilməsi və milli maraqların qorunması istiqamətində həyata keçirilən siyasət ölkənin inkişaf modelinin əsasını təşkil edib.
Bu gün YAP Cənubi Qafqazın ən böyük siyasi təşkilatı kimi geniş üzvlük bazasına malikdir. Bu göstərici təkcə təşkilati imkanları deyil, partiyanın cəmiyyətdəki siyasi çəkisini də nümayiş etdirir.
Prezident İlham Əliyevin VIII Qurultayda çıxışının mühüm məqamlarından biri də məhz qurultayın əvvəlki toplantılardan fərqli siyasi və tarixi şəraitdə keçirilməsinə diqqət yetirilməsi oldu. Çünki Azərbaycanın qarşısında artıq yeni vəzifələr dayanır. Ölkə 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdikdən sonra daha böyük siyasi və strateji məqsədlərə doğru irəlilədi. Bu proses 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni mərhələyə qədəm qoydu.
2021-ci ildə keçirilən VII Qurultay Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən cəmi bir neçə ay sonra baş tutmuşdu. Həmin dövrdə əsas siyasi gündəlik işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq prosesinin başlanması, yeni regional reallıqların möhkəmləndirilməsi və Azərbaycanın əldə etdiyi hərbi-siyasi üstünlüyün diplomatik müstəvidə təsbit olunması ilə bağlı idi.
VIII Qurultay isə tamamilə fərqli mərhələyə təsadüf edir. Artıq Azərbaycan yalnız Zəfər qazanmış ölkə deyil, ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş dövlətdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, söhbət artıq yalnız Zəfərdən deyil, həmin Zəfərin yaratdığı yeni siyasi reallıqlardan və suverenliyin tam bərpasından sonrakı inkişaf mərhələsindən gedir.
Bu fərq olduqca mühümdür. Çünki dövlətçilik tarixində hər bir böyük siyasi nailiyyət yeni vəzifələrin başlanğıcını yaradır. Azərbaycan üçün də Zəfər son deyil, yeni mərhələnin başlanğıcı oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, yeni yaşayış məntəqələri salınır, infrastruktur layihələri reallaşdırılır. Bununla paralel olaraq azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyası həyata keçirilir.
Deməli, bugünkü siyasi gündəliyin əsas istiqamətləri də dəyişib. Dövlətin qarşısında dayanan vəzifələr artıq daha geniş spektri əhatə edir. Güclü dövlət institutlarının formalaşdırılması, iqtisadi dayanıqlığın artırılması, sosial rifahın yüksəldilməsi, milli təhlükəsizliyin təmin olunması və Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi bu mərhələnin əsas hədəfləri sırasında yer alır.
VII və VIII qurultaylar arasındakı dövr YAP üçün həm siyasi, həm də təşkilati baxımdan mühüm yeniliklərlə yadda qalıb. Partiyanın daha çevik, müasir və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə onun hüquqi və təşkilati bazasının təkmilləşdirilməsi istiqamətində ardıcıl addımlar atılıb.
Yeni Proqramın qəbul edilməsi, Veteranlar Şurasının və Gənclər Birliyinin, Mərkəzi Aparatın və yerli təşkilatların fəaliyyətini tənzimləyən əsasnamələrin hazırlanması, Təftiş Komissiyasının reqlamentinin müəyyənləşdirilməsi partiyanın idarəetmə mexanizmlərinin daha sistemli əsaslar üzərində qurulmasına xidmət edib.
Üzvlük haqları, mühasibat uçotu və maliyyə hesabatlarının təqdim olunması ilə bağlı qaydaların müəyyənləşdirilməsi də təşkilati fəaliyyətin şəffaflığının və institusional əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Hesabat dövründə 392 yeni ərazi partiya təşkilatının yaradılması isə YAP-ın təşkilati şəbəkəsinin daha da genişləndirildiyini göstərir. 2026-cı il oktyabrın 1-nə olan məlumata əsasən, partiyanın 769 811 üzvü uçota alınıb. Onların 43 379 nəfərinin 18–29 yaşlı gənclər olması xüsusi diqqət çəkir.
Bu rəqəmlər YAP-ın yalnız tarixi ənənələrə söykənən siyasi təşkilat olmadığını, eyni zamanda yeni nəslin siyasi proseslərdə iştirakına imkan yaradan geniş təşkilati platformaya malik olduğunu göstərir. Gənclərin partiyanın üzvlük strukturunda mühüm yer tutması siyasi varislik baxımından da əhəmiyyətlidir.
Müasir dövrdə siyasi partiyaların fəaliyyəti yalnız milli çərçivə ilə məhdudlaşmır. Qlobal siyasi proseslərin sürətlə dəyişdiyi bir şəraitdə partiyalar arasında beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi və siyasi dialoq xüsusi əhəmiyyət daşıyır.
YAP-ın VIII Qurultaya qədərki fəaliyyətində beynəlxalq siyasi əlaqələrin genişləndirilməsi də mühüm istiqamətlərdən biri olub. Hesabat dövründə 10 xarici siyasi partiya və onların gənclər təşkilatları ilə əməkdaşlıq sazişlərinin imzalanması bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Bununla yanaşı, YAP-ın ev sahibliyi və tərəfdaş siyasi partiyaların iştirakı ilə 11 beynəlxalq konfransın keçirilməsi Azərbaycanın siyasi dialoq imkanlarının genişləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirilə bilər.
Bu fəaliyyət Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemində artan rolunun partiya diplomatiyası müstəvisində də əksini tapdığını göstərir.
Prezident İlham Əliyevin VIII Qurultayda çıxışında Azərbaycanın son illərdə üzləşdiyi siyasi təzyiqlərə xüsusi diqqət yetirməsi də təsadüfi deyildi. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi dövrdə müxtəlif siyasi dairələrin ciddi təzyiqləri ilə üzləşib. Dövlət başçısının ifadə etdiyi kimi, ölkəmizə qarşı yalan və iftira üzərində qurulmuş kampaniyalar aparılıb, bəzi ölkələrdə Azərbaycana qarşı sanksiyaların tətbiqi belə müzakirə olunub.
Bu faktlar Azərbaycanın son illərdə həyata keçirdiyi müstəqil siyasətin asan başa gəlmədiyini göstərir. Lakin Azərbaycan bütün bu proseslər fonunda milli maraqlarını qorumaq və müstəqil siyasi kursunu davam etdirmək xəttindən geri çəkilməyib.
Burada əsas məsələ ondan ibarətdir ki, beynəlxalq münasibətlər sistemində müxtəlif təzyiq və çağırışların mövcudluğuna baxmayaraq, Azərbaycanın dövlətçilik prinsipləri dəyişməz olaraq qalır. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas istiqamətlərinin müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilməsi də bu siyasi ardıcıllığın mühüm göstəricisidir.
Zaman dəyişir, geosiyasi reallıqlar yenilənir, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzləri meydana çıxır. Lakin dövlət müstəqilliyi, milli maraqların qorunması və Azərbaycanın təhlükəsizliyinin təmin olunması kimi fundamental prinsiplər dəyişməz olaraq qalır.
VIII Qurultayın əsas siyasi əhəmiyyəti ondan ibarətdir ki, burada yalnız görülmüş işlərə nəzər salınmadı, eyni zamanda Azərbaycanın qarşıdakı inkişaf mərhələsinin siyasi çərçivəsi müəyyənləşdirildi.
Ərazi bütövlüyünün və suverenliyin tam bərpası dövlətin imkanlarını genişləndirməklə yanaşı, yeni məsuliyyətlər də yaradır. Qarabağ və Şərqi Zəngəzurun sürətli inkişafı, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının davam etdirilməsi, həmin ərazilərin iqtisadi potensialının üzə çıxarılması və yeni regional nəqliyyat imkanlarının formalaşdırılması bu məsuliyyətlərin mühüm hissəsidir.
Bununla yanaşı, Azərbaycanın regional proseslərdə fəal rolunun daha da artırılması qarşıdakı dövrdə mühüm siyasi prioritetlərdən biri olacaq. Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, daha geniş coğrafiyada nəqliyyat, enerji, iqtisadi və siyasi layihələrin fəal iştirakçısı kimi çıxış edir.
Belə bir mərhələdə YAP-ın siyasi fəaliyyəti də ölkənin qarşısında duran strateji məqsədlərlə sıx bağlıdır. Partiyanın əsas vəzifələrindən biri cəmiyyətin müxtəlif təbəqələrini dövlətin inkişaf məqsədləri ətrafında birləşdirmək, siyasi sabitliyin və ictimai həmrəyliyin möhkəmləndirilməsinə töhfə verməkdir.
VIII Qurultayın tarixi əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilməsidir. Bu amil qurultayın siyasi mahiyyətinə xüsusi məzmun verir.
Artıq Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Bu mərhələdə əsas məqsəd əldə edilmiş tarixi nəticələrin qorunması ilə yanaşı, onları dayanıqlı inkişaf modelinə çevirməkdir. Güclü dövlət, inkişaf edən iqtisadiyyat, sabit cəmiyyət, yüksək beynəlxalq nüfuz və təhlükəsiz gələcək bu modelin əsas sütunlarını təşkil edir.
Bu baxımdan YAP-ın qarşısında dayanan vəzifələr də yalnız təşkilati fəaliyyətlə məhdudlaşmır. Partiyanın siyasi məsuliyyəti ölkənin inkişaf strategiyasının cəmiyyətə düzgün çatdırılması, ictimai-siyasi sabitliyin qorunması, gənclərin siyasi proseslərə cəlb olunması və milli dövlətçilik ideyalarının yeni nəsillərə ötürülməsi kimi mühüm istiqamətləri əhatə edir.
Nəticə etibarilə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm keçilmiş siyasi yolun qiymətləndirilməsi, həm də gələcək üçün yeni baxışların müəyyənləşdirilməsi baxımından əlamətdar hadisədir. Qurultay bir daha göstərdi ki, Azərbaycanın siyasi həyatında əsas məsələ yalnız əldə olunmuş nailiyyətlərin qorunması deyil, həmin nailiyyətlər əsasında daha güclü və dayanıqlı gələcəyin qurulmasıdır.
Zəfərdən sonra suverenliyin tam bərpası ilə Azərbaycan yeni siyasi mərhələyə daxil olub. Bu mərhələnin əsas çağırışı isə əldə edilmiş tarixi nəticələri uzunmüddətli inkişaf, sabitlik və milli tərəqqi ilə möhkəmləndirməkdir. VIII Qurultay da məhz bu baxımdan YAP-ın və bütövlükdə Azərbaycanın qarşıdakı dövr üçün siyasi gündəliyinin mühüm konturlarını ortaya qoydu.
Bu gün qarşıda duran məqsəd aydındır: müstəqil dövlətçilik kursunu davam etdirmək, milli maraqları qətiyyətlə qorumaq, əldə edilmiş Zəfəri dayanıqlı inkişafın möhkəm təməl daşına çevirmək və Azərbaycanın regionda, eləcə də beynəlxalq müstəvidə artan rolunu daha da gücləndirmək. VIII Qurultayın siyasi mesajlarının əsas mahiyyəti də məhz bundan ibarətdir.
İlahə Qurbanova
YAP Samux rayon təşkilatının əməkdaşı