PDF Oxu

Siyasət

  • 420

Azərbaycanın müasir gündəliyinin təqdimatı

image

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 23-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında Baş Assambleyanın 80-ci sessiyası çərçivəsində keçirilən yüksəksəviyyəli müzakirələrdə iştirakı və sistemli çıxışı ilə yaddaqalan oldu.

Qeyd edək ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən Baş Assambleyanın 80-ci sessiyasında 150-dən çox dövlət və hökumət başçısı iştirak etmişdir. “Birlikdə daha yaxşı: 80 il və daha çox sülh, inkişaf və insan hüquqları naminə” mövzusuna həsr olunmuş sessiyada Prezident cənab İlham Əliyev çıxışında bildirdi ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam. Otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

Dövlət Başçımız qeyd etdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar. Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Ölkə Başçısı vurğuladı ki, 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfər müharibəsindən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi. Biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik. Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi. Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi.

Dövlətimizin Başçısı Azərbaycanın təkbaşına iqtisadi iradəsi və maliyyə qüdrəti hesabına azad ərazilərdə aparılan “Böyük Qayıdış” Proqramı çərçivəsində nəhəng quruculuq missiyasına da nəzər salaraq bölgədə 50 mindən çox insanın yaşadığına da toxundu. Bu mesaj isə dünya birliyinə bölgənin geniş iqtisadi imkanlar və sərmayə zonasına çevrildiyini təqdim etməklə, yeni investisiya layihələrinə çağırış kimi səciyyələndirilə bilər.

Azərbaycan Prezidenti çıxışı zamanı beynəlxalq ictimaiyyətin ən həssas nöqtələrindən biri olan iqlim fəaliyyətlərinə də diqqət çəkərək ötən il keçirilən COP29-un bütün tərəflər üçün ədalətli, xüsusən də inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını təmin edən nəticəəsaslı konkret sazişlərin imzalanmasını tarixi nailiyyətlər kimi dəyərləndirdi. Uğurlu təşkilatçılığın nəticəsində iqlim fəaliyyəti, “yaşıl keçid” və maliyyəyə ədalətli çıxış məsələlərində mühüm nəticələr əldə edildiyini diqqətə çatdırdı.

Möhtərəm Prezidentimiz çıxışında son beş ildə Azərbaycan tamamilə yeni bir dövrə qədəm qoyduğunu, bütün sahələrdə möhtəşəm nailiyyətlər, uğurlar qazandığını, regionda yeni geosiyasi-iqtisadi çağırışlar yaratdığını, bölgədə təhlükəsizlik və sabitliyi möhkəmləndirdiyini diqqətə çatdırdı. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı səsləndirdiyi mühüm və vacid fikirlər beynəlxalq aləmdə etibarlı və layiqli tərəfdaş olan Azərbaycanın müasir gündəliyinin təqdimatıdır.

Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı

Digər xəbərlər