“Tarixi Qələbəmizi siyasi müstəvidə, beynəlxalq münasibətlər sistemində daha da möhkəmləndirən, öz milli maraqlarını layiqincə təmin edən Azərbaycan idman ölkəsi kimi öz statusunu qoruyub, inkişaf etdirib”. Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib. Deputat bildirib ki, mühüm siyasi, iqtisadi və humanitar forumlara, konfranslara, idman və musiqi yarışmalarına evsahibliyi etməklə beynəlxalq tədbirlər məkanına çevrilən, idman ölkəsi kimi özünü təsdiq edən ölkəmiz bu günlərdə “Hər qəlbdə bir qələbə” şüarı altında III MDB Oyunlarına evsahibliyi edir. 2021-ci ildə Rusiyanın Kazan şəhərində, 2023-cü ildə Belarusun paytaxtı Minskdə start götürən MDB Oyunları bu il Azərbaycanda həyata keçirilir.
2015-ci il birinci Avropa Oyunlarına, 2017-ci il IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu il Avropa Gənclər Olimpiya Festivalına, 2019-cu il UEFA Avropa Liqasının finalına, 2020-ci il futbol üzrə Avropa çempionatının dörd matçına, 2016-cı ildən Bakıda hər il keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə ölkəmizin yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın dünyada idman mərkəzlərindən biri kimi imicinin formalaşdığını təsdiq edir.
Azərbaycanın idman həyatı üçün çox əlamətdar olan III MDB Oyunlarının bölgələrimizdə keçirilməsi bu təşkilata üzv ölkələrin Azərbaycana böyük etimadının açıq göstəricisidir.
Millət vəkilinin sözlərinə görə, sentyabrın 28-də qədim Gəncə şəhərində 12 ölkədən 1619 idmançının və 2313 nümayəndə heyətinin iştirak etdiyi III MDB Oyunlarının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etməsi idmansevərlər üçün əsl bayrama çevrildi. Açılış mərasimindən əvvəl dövlət başçısının və birincixanımın 44 günlük Vətən müharibəsi zamanı Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin xəsarət almış uşaqlarla görüşü, təntənəli açılış mərasimini uşaqlarla birlikdə izləmələri xüsusi rəmzi məna daşıyırdı.
Qalib ölkəmizin hərtərəfli, dinamik inkişafı, ictimai-siyasi sabitlik, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan zəngin təcrübə, müasir idman infrastrukturunun yaradılması, eləcə də idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlar, paytaxtla yanaşı bölgələrimizin daha böyükmiqyaslı yarışlara evsahibliyi etmək imkanları MDB məkanının ən böyük idman tədbirinin Azərbaycanın 7 şəhərində – Gəncə, Qəbələ, Şəki, Yevlax, Xankəndi, Göygöl və Mingəçevirdə keçirilməsinə şərait yaratdı. Belə mötəbər idman yarışlarına evsahibliyi etmənin arxasında məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Sentyabrın 28-də qədim mədəniyyəti və zəngin tarixi olan Gəncənin şəhər stadionunda keçiriləcək III MDB Oyunlarının açılış mərasimində təqdim edilən bədii hissədə ölkəmizin haqq, ədalət uğrunda apardığı mübarizə tarixinə nəzər salındı. Hazırda Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı Gəncədən Azərbaycanın dünyada sülhün, əmin-amanlığın bərqərar olmasının tərəfdarı olduğu bir daha diqqətə çatdırıldı.
“Azərbaycan təkcə MDB aləmində deyil, bütün dünyada həmrəyliyin və əmin-amanlığın təntənəsinə xidmət edən bu idman tədbirinə evsahibliyi edir. Qalib ölkəmizdə yüksək bayram ovqatında keçən mötəbər idman oyunları dost ölkələr arasında əməkdaşlığın genişlənməsinə, münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verəcək”, - deyə Pərvin Kərimzadə bildirib.