PDF Oxu

Siyasət

  • 564

Türk dünyası yeni zirvələrə doğru inamla addımlayır

image

2025-ci il oktyabrın 7-də Azərbaycanın qədim diyarı Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının “Regional sülh və təhlükəsizlik” mövzusunda 12-ci Zirvə Görüşü keçirildi. Bu mühüm görüş təkcə türk dünyasının deyil, həm də beynəlxalq münasibətlərin gələcək istiqamətlərinə təsir edəcək əhəmiyyətli hadisə kimi tarixə düşdü. Zirvədə Prezident İlham Əliyevin çıxışı həm siyasi, həm strateji, həm də mənəvi baxımdan böyük rezonans doğurdu. Azərbaycan liderinin nitqi Türk dünyasının gələcək inkişaf xəttini, qlobal geosiyasi sistemdə bu birliyin tutduğu mövqeyi və qarşıya qoyulan məqsədləri aydın şəkildə ortaya qoydu. Qəbələdən səslənən bu çağırışlar bir daha təsdiq etdi ki, Türk Dövlətləri Təşkilatı artıq ideoloji bir platformadan çox, ciddi geosiyasi mərkəzə çevrilməkdədir.

TDT-nin yaranma tarixi 2009-cu ildə Naxçıvanda keçirilən Zirvə görüşünə dayanır. Həmin görüşdə qəbul edilən Naxçıvan Bəyannaməsi təşkilatın hüquqi əsasını formalaşdırdı. O vaxtdan bəri qurum mərhələli şəkildə inkişaf edib, 2021-ci ildə isə Azərbaycan və Türkiyə arasında imzalanan Şuşa Bəyannaməsi ilə Türk dövlətlərinin strateji tərəfdaşlığı yeni müstəviyə qalxdı. Bu gün Qəbələdə keçirilən Zirvə həmin prosesin məntiqi davamıdır — Türk dünyasının iqtisadi, siyasi və hərbi inteqrasiyasının növbəti mərhələsinə keçidi simvolizə edir.

Azərbaycanın TDT-dəki fəaliyyəti ölkəmizin çoxşaxəli diplomatiyasının tərkib hissəsidir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan həm İslam dünyasında, həm Qoşulmama Hərəkatında, həm də Türk Dövlətləri Təşkilatında və bir sıra təşkilatlarda mühüm nüfuza malikdir. Qəbələ Zirvəsində bu xəttin davamlılığı və prinsipiallığı bir daha təsdiqləndi. Azərbaycan Türk birliyini gücləndirən, onu gələcəyə yönəldən aparıcı qüvvədir.

Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Türk Dövlətləri Təşkilatı dünya siyasətinin aparıcı oyunçuları sırasında yer almağa doğru inamla irəliləyir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Cumhuriyyəti kimi üzv və müşahidəçi ölkələrin əməkdaşlığı təkcə ortaq etnik və tarixi bağlara deyil, həm də praqmatik maraqlara əsaslanır. Bu dövlətlər Avrasiyanın mühüm strateji xəritəsində enerji, nəqliyyat, təhlükəsizlik, humanitar və texnoloji sahələrdə birləşərək yeni bir güc mərkəzi formalaşdırırlar.

Azərbaycan TDT-nin fəaliyyətində hər zaman ön sıralarda dayanmış, onun güclənməsi üçün ardıcıl və prinsipial siyasət yürütmüşdür. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, ölkəmiz təşkilatın işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürmüşdür. Bu addım Azərbaycanın Türk birliyinə sarsılmaz sədaqətinin və təşkilatın institusional inkişafına verdiyi əməli dəstəyin bariz nümunəsidir. Bu, həm də Azərbaycanın qardaş ölkələr arasında həmrəyliyin və praktiki əməkdaşlığın dərinləşməsində oynadığı lider rolunu bir daha nümayiş etdirir.

Bu gün dünyada təhlükəsizlik məsələsi hər bir dövlətin siyasi və iqtisadi gələcəyinin əsasını təşkil edir. Prezident İlham Əliyev çıxışında bu həqiqəti xüsusi vurğulayaraq qeyd etdi ki, sülh və təhlükəsizlik olmadan inkişaf mümkün deyil. Qlobal miqyasda münaqişələr, silahlı qarşıdurmalar və qeyri-sabitlik tendensiyaları artarkən, Türk dünyası sabitlik, dialoq və əməkdaşlıq platforması kimi önə çıxır. Azərbaycanın son illərdə sülh gündəliyinə sadiq qalması, regionda yeni reallıqlar yaratması, xüsusilə Ermənistanla sülh müqaviləsi istiqamətində atdığı uğurlu addımlar bu baxımdan böyük strateji əhəmiyyət kəsb edir. Azərbaycan müharibədən sonra bərpa və quruculuq mərhələsinə qədəm qoyaraq, sülh və inkişafın bir-birindən ayrılmaz anlayışlar olduğunu sübut etdi. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən nəhəng infrastruktur layihələri, “Ağıllı kənd” və “Yaşıl enerji” konsepsiyaları, bərpaolunan enerji mənbələrinin inkişafı regionun gələcəyini müəyyən edən əsas amillərdən biridir.

Prezident İlham Əliyevin nitqində bu istiqamət ayrıca qeyd olundu: Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. Bu, yalnız iqtisadi modernləşmə deyil, həm də ekoloji təhlükəsizliyə töhfə, gələcək nəsillərə daha yaşıl bir planet miras qoymaq missiyasıdır. Xəzər dənizində inşa edilən külək parkları, Qarabağda günəş enerjisi layihələri və azad edilmiş ərazilərdə yaşıl iqtisadi zonaların yaradılması Azərbaycanın enerji strategiyasının dayanıqlı inkişafla birləşdiyini göstərir.

Əlbəttə, təhlükəsizlik və enerji sabitliyi hər bir dövlətin müstəqilliyinin mühüm dayaqlarıdır. Prezident İlham Əliyev çıxışında bu fikri açıq şəkildə ifadə etdi: bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. Azərbaycan bu prinsipin doğruluğunu öz təcrübəsində təsdiqlədi. 2020-ci ildə qazandığı tarixi Qələbə, 2023-cü ilin antiterror əməliyyatları və 2024-cü ildə dövlət suverenliyinin tam bərpası bunun parlaq nümunəsidir. Azərbaycanın Silahlı Qüvvələrinin peşəkarlığı, milli müdafiə sənayesinin inkişafı və müstəqil siyasət xətti bu gün regionda sabitliyin qarantına çevrilmişdir. Bu gün regionda və dünyada sülhün qorunması təkcə diplomatik bəyanatlarla deyil, güclü dövlət iradəsi və hərbi-texnoloji potensialla mümkündür. Məhz buna görə Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi istiqamətdə strateji balans yarada bilib. Türk Dövlətləri Təşkilatı çərçivəsində bu təcrübənin paylaşılması üzv ölkələr üçün də vacib örnəkdir.

Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan istiqamətlərdən biri də nəqliyyat və kommunikasiya məsələləri oldu. Dövlət başçısı qeyd etdi ki, nəqliyyat və kommunikasiya əlaqələri Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyətə malikdir. Bu, sadəcə iqtisadi mövzu deyil, eyni zamanda siyasi müstəqilliyin təminatı və inteqrasiyanın təməl sütunudur. Azərbaycan bu sahədə regionun aparıcı logistik mərkəzinə çevrilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişdiyi məkanda yerləşməsi ölkəmizi Avrasiya nəqliyyat xəritəsinin əsas oyunçusuna çevirib.

Prezident İlham Əliyev Vaşinqton görüşünün nəticələrinə toxunaraq bildirdi ki, həmin görüşün mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz təkcə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirməyəcək, həm də bütün türk dünyasını coğrafi və iqtisadi baxımdan birləşdirən qlobal yol kimi çıxış edəcək. Zəngəzur dəhlizi Orta Dəhlizin ayrılmaz hissəsidir və onun açılması ilə Türk Dövlətləri arasında birbaşa quru əlaqəsi yaranacaq. Bu, həm iqtisadi, həm siyasi, həm də mədəni inteqrasiyanın güclənməsi baxımından tarixi hadisə olacaq.

Prezident İlham Əliyev çıxışında Türk dünyasının birliyinin dərin köklərinə də toxunaraq bildirdi ki, ortaq tarixi və etnik köklərimiz, dillərimiz bizi bir ailə kimi birləşdirir. Bu, təkcə bir çağırış deyil, konkret siyasi və mənəvi konsepsiyadır. Türk xalqlarını birləşdirən amillər — ortaq dil, mədəniyyət, ədəbiyyat, dəyərlər və ən əsası, müstəqillik ruhu — bu gün yeni bir gücün yaranmasına təkan verir. Bu birliyin əsasında qarşılıqlı hörmət, bərabərlik və bir-birinin suverenliyinə sadiqlik dayanır. Azərbaycan bu prinsipləri daim müdafiə edir. Qəbələdə keçirilən Zirvə görüşü də bu mənada türk həmrəyliyinin yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Zirvə görüşünün nəticələri göstərdi ki, TDT artıq sadəcə mədəni inteqrasiya platforması deyil, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və enerji diplomatiyası baxımından strateji aktora çevrilib.

Prezident İlham Əliyevin çıxışı həm də Türk dövlətlərinə çağırış idi — gələcəyin qurulması üçün birlikdə, koordinasiyalı və qarşılıqlı dəstəyə əsaslanan siyasət yürütmək. Bu gün dünya yeni güc mərkəzləri uğrunda mübarizə meydanına çevrilib. Bu şəraitdə Türk Dövlətləri Təşkilatının formalaşan geosiyasi çəkisi yalnız region üçün deyil, qlobal sabitlik üçün də əhəmiyyətlidir.

Prezident İlham Əliyevin nitqi bu tarixi ardıcıllığın, milli maraqların və ümumtürk ideyasının vəhdətini əks etdirdi. Onun səsləndirdiyi fikirlər təkcə bugünkü çağırışlara cavab deyil, həm də gələcəyə yönəlmiş strateji yol xəritəsidir. Prezident İlham Əliyev bir daha göstərdi ki, Türk dünyasının birliyi yalnız emosional bağlılıqla deyil, konkret iqtisadi və siyasi reallıqlarla möhkəmlənməlidir. Bu zirvə ilə Türk Dövlətləri Təşkilatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Qəbələ bu dəfə tarixdə təkcə qədim mədəniyyət mərkəzi kimi deyil, həm də türk birliyinin güclənməsinin simvolu kimi yadda qalacaq. Prezident İlham Əliyevin çıxışı isə bu tarixi mərhələnin ideoloji manifestinə çevrildi.

Qəbələdən yüksələn bu səs, əslində, Türk dünyasının gələcəyinə inamın, birliyin və qardaşlığın səsidir. Bu səs göstərir ki, türk dövlətləri təkcə ortaq keçmişə deyil, həm də ortaq gələcəyə malikdir. Həmin gələcək isə güclü, müstəqil və bir-birinə bağlı türk dünyası modelində formalaşacaq.

Digər xəbərlər