Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı bunu ölkəmizin həyatında əhəmiyyətli hadisə və əlamətdar bir gün kimi qiymətləndirib. Qeyd edib ki, enerji potensialımızı gücləndirəcək bu stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir.
“Son illər ərzində ölkəmizdə yeni generasiya güclərinin istismara verilməsi həm çox mürəkkəb, həm məsuliyyətli bir prosesdir. O cümlədən bərpaolunan enerji növlərinin böyük həcmdə ümumi enerji sistemimizə inteqrasiya etməsi də, əlbəttə ki, böyük peşəkarlıq tələb edir, böyük vəsait tələb edir. Nəzərə alsaq ki, bundan sonrakı illərdə bərpaolunan enerji stansiyalarının Azərbaycanda tikintisi çox geniş vüsət alacaq, əlbəttə, Azərbaycan energetiklərinin fəaliyyəti daim yüksək səviyyədə olmalıdır…
Bütövlükdə deyə bilərəm ki, Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi, inkişafı son illər ərzində əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Demək olar ki, son 20 il ərzində bizim enerji sistemimiz, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənmişdir.
Son 20 il ərzində ölkəmizdə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən 3 dəfə artmışdır. Bu gün bizim generasiya gücümüz təxminən 10 min meqavata bərabərdir. Bu, əgər belə demək mümkündürsə, tarixi rekorddur. Ancaq nəzərə alsaq ki, bundan sonra növbəti illər ərzində bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacaq, əlbəttə ki, bu rəqəm daha da artacaq və bizə imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin edək, həm də elektrik enerjisini daha böyük həcmdə ixrac edək”- dövlət başçısı bildirib.
Ölkə Prezidenti bu sahədə görülən və görüləcək digər işləri də təhlil edib: “Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır.
Bu gün ölkəmizin müxtəlif yerlərində bərpaolunan enerji növləri inkişaf edir. Növbəti böyük stansiyaların açılışı Biləsuvarda, Neftçalada, Naxçıvanda, işğaldan azad edilmiş ərazilərdə nəzərdə tutulur. Bu günə qədər Qaradağ rayonunda açılıb, bu gün Xızı, Abşeron rayonlarında. Yəni Azərbaycanın coğrafi vəziyyəti elədir ki, istənilən bölgədə bərpaolunan enerji növlərini istehsal etmək mümkündür. Mən hələ Xəzər dənizinin potensialını demirəm. Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı beynəlxalq qiymətləndirməyə görə, 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Mən buna şübhə etmirəm”.
Dövlət başçısı gələcək planlarla bağlı da fikirlərini bildirib: “Nəzərə alsaq ki, bizdə bərpaolunan enerji potensialı çox artacaq, əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaratmalıyıq. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə 250 meqavatlıqdır. Bunu “AzərEnerji” öz vəsaiti hesabına icra edir. Ancaq bizim artan potensialımız tələb edəcək ki, belə Batareya Enerji Saxlanc sistemlərinin sayı daha da çoxalsın və mən xarici investorları da bu işə dəvət edirəm.
Generasiya gücləri ilə bağlı isə təkcə bunu demək kifayətdir ki, imzalanmış kontraktlar əsasında 2030-cu ilə qədər 6, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər biz su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Biz son 5 il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa etmişik. Bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur”.

Açılış məraisimdən çıxış edən Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani bildirib: “Bərpaolunan enerji sahəsində bu aparıcı layihə Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan Respublikası arasında tərəfdaşlığın gücünü və dərinliyini nümayiş etdirir. Mövcud çərçivə sazişlərində əlavə külək gücləri, o cümlədən elektrik enerji şəbəkəsinin çevikliyini və etibarlığını artırmaq üçün batareyalarda enerji saxlanılması sistemləri əsasında quruda və dənizdə həyata keçiriləcək layihələri nəzərdə tutan uzunmüddətli inkişaf yolu əks olunur.
Biz, həmçinin gələcək təşəbbüsləri, o cümlədən planlaşdırılan 200 meqavatlıq külək enerjisinin genişləndirilməsi layihəsində enerjinin batareyada tam yığılmasında və nəhayət, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək Xəzərdə külək potensialının qiymətləndirilməsində əldə olunmuş irəliləyişi alqışlayırıq. Bu təşəbbüslər güclü tərəfdaşlıq və etibarlı texniki təməl əsasında Azərbaycanı regional təmiz enerji qovşağına çevirməkdə ümumi məqsədimizin təzahürüdür”.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey çıxışında maraqlı məqamlara toxunub və bildirib ki, bu, böyük nailiyyətdir və bərpaolunan enerji sektorunda Çin, Azərbaycan və Səudiyyə Ərəbistanının uğurlu əməkdaşlığının bariz nümunəsidir. “Yaşıl keçid və dayanıqlı inkişaf həm Çin, həm də Azərbaycan üçün prioritetdir. Hər iki tərəf məhz yaşıl və aşağıkarbonlu inkişaf, enerjinin inkişafı sahəsində Anlaşma Memorandumu imzalamışlar. Azərbaycan COP29 tədbirinə uğurla sədrlik etmişdir və o vaxtdan etibarən yaşıl enerji sahəsində inkişafa sadiq qalır. Bu, həmçinin aparıcı qlobal yaşıl enerjinin inkişafında Azərbaycanın çox mühüm rolunu göstərir”- səfir qeyd edib.
Xanım Lu həmçinin bildirib ki, Çin və Azərbaycan “Bir kəmər, bir yol” layihəsində də çox yüksək səviyyədə əməkdaşlıq edir. O cümlədən Çin-Avropa dəmir yolu bağlantısı və Trans-Xəzər dəhlizi istiqamətində işlər sürətlə davam edir və burada Azərbaycanın rolu güclənir.
Səfir qeyd edib ki, bu layihə, əslində, Azərbaycanda həyata keçirilən ilk və çox böyük külək elektrik enerjisi layihəsidir: “Bir halda ki, bu artıq istismara verilir, deməli, 300 minə yaxın ailə məhz bundan faydalanacaqdır. Bu, Azərbaycanın, həmçinin regionun səmərəli və davamlı inkişafına dəstək olacaqdır”.
"ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış edərək deyib: “Hörmətli cənab Prezident. COP29-da Siz çox mühüm bir çıxış etdiniz. Müxtəlif tərəflər müəyyən strategiyalar haqqında danışırdılar, fikirlərini bölüşürdülər. Amma Siz söylədiniz ki, dünya ən yaxşı formada necə inkişaf etməlidir, hansı istiqamətdə getməlidir. Siz qeyd etdiniz ki, bu, məhz müxtəlif enerjilərin ümumi kombinasiyası sayəsində mümkündür… Siz ölkənizdə həmin bu ekosistemi yaradırsınız. Cənab Prezident, bu yaşıl enerji layihəsi məhz Sizin planınız əsasında həyata keçirildi və gördüyünüz kimi, biz bunu yerlərdə işləyərək reallığa çevirdik. Əlbəttə ki, bu, həmçinin yaşıl enerjinin gələcək inkişafı ilə bağlı məsələdir”.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.
Qeyd edək ki, bu stansiyanın tikintisi üçün Abşeron rayonunda 14,2, Xızı rayonunda isə 22,6 hektar olmaqla ümumilikdə 37 hektara yaxın torpaq sahəsi bərpaolunan enerji mənbələrinin ərazisi müəyyən edilib. Layihə üzrə burada hər biri 6,5 MVt olan ümumilikdə 37, o cümlədən Abşeronda 12, Xızıda 25 turbin, həmçinin ölçü-müşahidə stansiyaları, quşların mühafizəsi sistemləri quraşdırılıb. Layihənin icrasına təxminən 340 milyon ABŞ dolları xarici investisiya yönəldilib. Stansiyanın illik enerji istehsalı həcmi təqribən 1 milyard kilovat-saat nəzərdə tutulur ki, bunun da nəticəsində 220 milyon kubmetr təbii qaza qənaət olunacaq və 400 min tondan çox karbon qazının atmosferə atılmasının qarşısı alınacaq. Layihənin baş podratçısı Çinin “Power China Group”un törəmə şirkəti olan “Power China Huadong Engineering Co., Ltd.”dir.
Ümumiyyətlə, son illərdə Azərbaycan yaşıl enerji sahəsində innovativ layihələr həyata keçirir və ölkəmizin enerji sektorunda alternative enerjinin payı sürətlə artır. Bu isə həm karbohidrogen resurslarının istifadəsini azaldır, həm ekologiyanın qorunmasını təmin edir, həm də daha ucuz, daha təhlükəsiz və daha davamlı enerji təchizatı sisteminin yaradılmasını təmin edir.
Elçin Bayramlı