5 Yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi geniş müsahibə təkcə informativ xarakter daşımır, bu müsahibə dövlətin siyasi iradəsinin, milli mövqeyinin və gələcəyə hesablanmış strateji xəttinin açıq və qəti ifadəsidir.
Bir Azərbaycan vətəndaşı olaraq bəyan edirəm ki, bu müsahibədə səsləndirilən fikirlər ölkəmizin müstəqil siyasət yürütmək əzmini, heç bir xarici təzyiq qarşısında geri çəkilməyən dövlət iradəsini və milli maraqlara söykənən prinsipial mövqeyini bir daha ortaya qoydu. Prezidentin açıq və konkret mesajları onu göstərdi ki, Azərbaycan artıq hadisələrin obyektinə çevrilən deyil, regionda prosesləri formalaşdıran əsas subyektlərdən biridir.
Xüsusilə postmünaqişə dövründə aparılan bərpa və quruculuq siyasəti, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məqsədyönlü dövlət proqramları və bu proseslərə qarşı aparılan qarayaxma kampaniyalarına verilən tutarlı cavablar dövlət başçısının siyasi qətiyyətinin bariz nümunəsidir. Bu, populizm deyil, real gücə və hüquqa əsaslanan idarəetmə modelidir.
Müsahibədə sosisal siyasət, iqtisadi müstəqillik və daxili sabitlik məsələlərinə verilən önəm göstərdi ki, dövlətin prioriteti süni şüarlar deyil, vətəndaşın rifahı və ölkənin dayanıqlı inkişafıdır. Prezident açıq şəkildə bəyan etdi ki, Azərbaycan öz yolunu özü müəyyən edir və bu yoldan kənar heç bir diktə qəbul edilmir.
Xarici siyasət məsələlərində səsləndirilən fikirlər isə açıq mesajdır: Azərbaycan beynəlxalq hüquqa söykənən mövqeyindən geri çəkilməyəcək, regionda sülh yalnız qarşılıqlı hörmət və reallıqların qəbul edilməsi əsasında mümkündür. Bu mövqe, xüsusilə ikili standartlara alışmış bəzi beynəlxalq dairələr üçün aydın və sərt xəbərdarlıq xarakteri daşıyır.
Bir vətəndaş olaraq hesab edirəm ki, bu müsahibə cəmiyyət üçün sadəcə izahat deyil, eyni zamanda çağırışdır: Bu gün ölkənin qazandığı nailiyyətlət təsadüfi deyil, ardıcıl siyasi xəttin və güclü liderliyin nəticəsidir.
Nəticə olaraq bir mənalı şəkildə bildirirəm ki, 05.01.2026-cı il tarixli müsahibə Azərbaycan dövlətinin zəif olmadığını, tərəddüd etmədiyini və gələcək hədəflərinə doğru inamla irəlilədiyini nümayiş etdirdi. Bu mövqesizliyə yer qoymayan, açıq, prinsipial və milli maraqlara xidmət edən siyasi bəyanatdır və bir Azərbaycan vətəndaşı kimi bu mövqeni dəstəklədiyimi açıq şəkildə ifadə edirəm.
Həqiqət Hacıyeva
Azərbaycan Dillər UniversitetininTəhsildə Xarici dillər kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent