Tarix boyu hər bir xalqın yaddaşında onun milli kimliyini, qürurunu və əzəmətini əbədiləşdirən şanlı səhifələr var. Azərbaycan xalqı üçün 8 Noyabr – Zəfər Günü məhz belə müqəddəs bir zirvədir. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfər, ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etmiş qalib dövlət kimi yaşayır.
2020-ci ilin payızında baş verənlər sadəcə hərbi əməliyyatlar deyil, otuzillik işgəncəyə, haqsızlığa və beynəlxalq ikili standartlara qarşı qaldırılan haqq səsimizin zəfəri idi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan xalqı "Dəmir yumruq" kimi birləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm döyüş meydanında, həm də informasiya cəbhəsində nümayiş etdirdiyi dəmir iradə və qətiyyət qələbənin təməlini qoydu. Dövlət başçımızın müharibə dövründə xarici KİV-ə verdiyi müsahibələr, sərgilədiyi prinsipial mövqe və qətiyyətli bəyanatları hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmişdi. Cənab Prezidenet öz çıxış və müsahibələrində bu fikirləri xüsusi vurğulayırdı: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz öz torpağımızda vuruşuruq, başqasının torpağında yox. Biz ərazi bütövlüyümüzü bərpa edirik və bərpa edəcəyik!". Bu qətiyyət xalqımızın hər bir nümayəndəsinə əminlik aşılayır, hər kəsi Ali Baş Komandanın ətrafında sıx birləşdirirdi.
44 günlük müharibədə qazanılan qələbənin arxasında dayanan ən böyük qüvvə daxili həmrəylik idi. Arxa cəbhədə xalq ilə ön cəbhədə vuruşan rəşadətli Azərbaycan Ordusu arasında olan sarsılmaz bağ düşmənin bütün planlarını alt-üst etdi. Siyasi baxışından, yaşından, sosial statusundan asılı olmayaraq, bütün Azərbaycan cəmiyyəti yumruq kimi birləşdi. Gənclərimiz könüllü olaraq hərbi komissarlıqlara axın edir, hər kəs əlindən gələni əsirgəmirdi. Bu birlik hakimiyyət və xalq arasındakı inamın nə qədər dərin olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgərinin qəhrəmanlığı, döyüş meydanında göstərdiyi misilsiz şücaət bütün dünyanı təəccübləndirdi. Müzəffər Ordumuz səngərləri, sıldırım qayaları keçərək, düşmənin illərlə qurduğu möhkəmləndirilmiş istehkamları darmadağın etdi. Bu qələbə heç də asanlıqla əldə olunmadı. Azərbaycan həm döyüş meydanında düşmənlə, həm də beynəlxalq müstəvidə güclü siyasi təzyiqlərlə üz-üzə qalmışdı. Təəssüf ki, bəzi böyük dövlətlər və regiondakı müəyyən dairələr bu haqlı mübarizədə tərəfsizliyini qoruya bilmədi.
Fransa kimi ölkələrin açıq-aşkar ermənipərəst mövqeyi, İrəvanın havadarlığını edən bəzi qonşu dövlətlərin və beynəlxalq güclərin – o cümlədən Rusiyanın müxtəlif vasitələrlə proseslərə təsir göstərmə cəhdləri Azərbaycanın haqlı davasına qarşı yönəlmişdi. Lakin dövlətimizin yürütdüyü müstəqil xarici siyasət, qətiyyətli addımlar və Türkiyə başda olmaqla qardaş və dost ölkələrin mənəvi-siyasi dəstəyi bütün bu təzyiqlərin qarşısını aldı. Azərbaycan sübut etdi ki, heç bir xarici qüvvə onu haqq yolundan döndərə bilməz.
2020-ci ildə Zəfər qazansaq da, Azərbaycanın bütün sərhədləri boyunca suverenliyi tam bərqərar olunmamışdı. Bu proses 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror əməliyyatı ilə tamamlandı. Ermənistanın və qondarma rejimin hələ də təxribatları davam etdirməsi, bölgədə sülhə mane olması Azərbaycanı zəruri addım atmağa məcbur etdi. Cəmi 24 saatdan az çəkən uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının suverenliyi ölkənin bütün ərazisində, o cümlədən Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə tam təmin olundu.
Bu gün işğaldan azad olunan bütün ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır. Bu qalibiyyət şəhidlərimizin qanı, qazilərimizin canı bahasına qazanılıb. Vətən torpaqlarının azadlığı uğrunda canından keçən hər bir şəhidimiz milli qürurumuzdur. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinə və qazilərə dövlət qayğısınıən yüksək prioritet elan edib: "Şəhidlərimizin qanı yerdə qalmadı. Biz onların intiqamını döyüş meydanında aldıq. Dövlət hər zaman şəhid ailələrinin, qazilərin yanındadır və yanında olacaqdır."
Bu gün işğaldan azad edilmiş torpaqlarımızda “Böyük Qayıdış” Proqramı uğurla icra olunur. Dağıdılmış şəhərlər, kəndlər külündən yenidən doğulur, müasir infrastruktur yaradılır. Qürurla deyə bilərik ki, Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyi ilə öz taleyinin sahibidir, güclü, qüdrətli və heç kimdən asılı olmayan müstəqil siyasət yürüdən dövlətdir. 8 Noyabr – Zəfər Günü isə xalqımızın əbədi qürur simvolu, gələcək nəsillərə miras qalacaq ən uca zirvədir.
Tofiq Cahangirov
YAP İdarə Heyətinin üzvü