PDF Oxu

Siyasət

  • 607

Konstitusiya – hüquqi dövlətimizin və ədalətin təməli - ŞƏRH

Konstitusiya – hüquqi dövlətimizin və ədalətin təməli - ŞƏRH

“1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur.”
Hər bir müstəqil dövlətin gücü onun iqtisadi və siyasi imkanları ilə yanaşı, möhkəm hüquqi əsasları, dövlətçilik ənənələri və vətəndaşlarının hüquq və azadlıqlarının qorunması ilə də müəyyən olunur. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin hüquqi təminatı, milli suverenliyimizin ifadəsi və demokratik inkişafımızın əsasını təşkil edən ali qanundur.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə mürəkkəb siyasi, iqtisadi və hərbi çətinliklərlə üzləşmişdi. Belə bir şəraitdə dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və müstəqil dövlətin hüquqi əsaslarının yaradılması həyati əhəmiyyət daşıyırdı.
1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etmək, dövlət institutlarını möhkəmləndirmək və hüquqi dövlət quruculuğuna başlamaq istiqamətində mühüm addımlar atdı. Onun rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarıldı və 1995-ci il noyabrın 12-də keçirilən referendum nəticəsində müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Bu tarixi hadisə ölkəmizdə yeni dövlətçilik mərhələsinin başlanğıcı oldu. Konstitusiya Azərbaycanı demokratik, hüquqi, dünyəvi və unitar dövlət kimi müəyyənləşdirdi, hakimiyyət bölgüsü prinsipini təsbit etdi, insan və vətəndaş hüquq və azadlıqlarını dövlətin ali məqsədi səviyyəsinə yüksəltdi.
Konstitusiyanın əsas prinsiplərindən biri dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olmasıdır. Həmçinin hər kəsin qanun qarşısında bərabərliyi, yaşamaq, azadlıq, təhsil, əmək, mülkiyyət və sosial təminat hüquqları bu fundamental sənəddə öz əksini tapmışdır. Bu müddəalar hər bir vətəndaşın hüquqlarının qorunmasına, cəmiyyətdə ədalət və bərabərlik prinsiplərinin möhkəmlənməsinə xidmət edir.
Hüquqi dövlətin əsas göstəricisi qanunun aliliyinin təmin olunmasıdır. Qanun qarşısında hər kəsin bərabərliyi, insan hüquqlarına hörmət və ədalətli cəmiyyətin formalaşdırılması dövlətin əsas vəzifələrindəndir. Eyni zamanda, vətəndaşların Konstitusiyada müəyyən edilmiş vəzifələrini dərk etməsi, qanunlara riayət etməsi və dövlətçilik dəyərlərinə hörmətlə yanaşması mühüm əhəmiyyət daşıyır.
Zamanın tələblərinə uyğun olaraq Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklər ölkənin hüquqi sisteminin və dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət etmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi potensialını gücləndirmiş, beynəlxalq nüfuzunu artırmış və dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmişdir. Bu siyasət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının müasir dövrün tələblərinə uyğun davamıdır.
2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün suveren ərazilərində dövlət hakimiyyəti bərpa edildi. Bu tarixi hadisələr Azərbaycanın dövlət suverenliyinin və konstitusion quruluşunun təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, Böyük Qayıdış Proqramının həyata keçirilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlətimizin öz vətəndaşları qarşısında daşıdığı məsuliyyətin bariz nümunəsidir. Məqsəd ölkənin bütün ərazilərində vətəndaşların təhlükəsiz, layiqli və firavan həyat şəraitinin təmin edilməsidir.
Konstitusiyaya hörmət və onun prinsiplərinin qorunması yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın borcudur. Xüsusilə gənc nəslin dövlətçilik tariximizi, milli müstəqilliyimizin əhəmiyyətini və konstitusion hüquqlarını dərindən öyrənməsi vacibdir. Bu istiqamətdə təhsil və mədəniyyət müəssisələrinin, kitabxanaların üzərinə mühüm vəzifələr düşür. Hüquqi maarifləndirmənin genişləndirilməsi və milli dəyərlərin təbliği vətəndaş məsuliyyətinin güclənməsinə töhfə verir.
12 Noyabr – Konstitusiya Günü xalqımızın müstəqillik iradəsinin, milli dövlətçilik düşüncəsinin və hüquqi dövlət quruculuğuna bağlılığının rəmzidir. Bu əlamətdar gün hər birimizə qanunun aliliyinə hörmət etməyi, hüquq və vəzifələrimizi dərk etməyi, dövlətimizin inkişafına töhfə verməyi xatırladır.
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi dayağı, dövlətçiliyimizin möhkəm təməli və gələcək inkişafımızın əsas təminatıdır. Onun prinsiplərini qorumaq, qanunun aliliyinə hörmət etmək və ədalətli cəmiyyətin formalaşmasına töhfə vermək hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcudur.
Güclü Konstitusiya, güclü dövlət və ədalətli cəmiyyət – Azərbaycanın davamlı inkişafının əsas təminatıdır!

Turanə Baxşəliyeva
Şahbuz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz Rayon Sektoru ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər