PDF Oxu

Siyasət

  • 528

İstiqlaldan Zəfərə: Üçrəngli Bayrağımızın tarixi salnaməsi - ŞƏRH

İstiqlaldan Zəfərə: Üçrəngli Bayrağımızın tarixi salnaməsi - ŞƏRH

Hər bir müstəqil dövlətin varlığını,suverenliyini,siyasi-hüquqi statusunu və dövlətçilik ənənələrini təcəssüm etdirən ali rəmzləri vardır. Bu rəmzlər arasında ən müqəddəsi, ən ucası şübhəsiz ki, dövlət bayrağıdır. Bayraq bir millətin tarixinin salnaməsi, azadlıq uğrunda apardığı mübarizənin canlı şahididir. Azərbaycan Respublikasının Dövlət Bayrağı da xalqımızın keçdiyi keşməkeşli, lakin şərəfli tarixi yolun təcəssümüdür. Bayrağımız Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti dövründən günümüzə qədər böyük bir tarixi inkişaf yolu keçmişdir. Bu yol təkcə müstəqilliyin elan olunması ilə bitməmiş, imperiya təzyiqlərinə müqavimət göstərmiş, Naxçıvan torpağında yenidən dirçəlmiş, müstəqil dövlətimizin rəsmi rəmzinə çevrilmiş və nəhayət Vətən müharibəsində qazanılan Böyük Zəfərlə öz əzəmətinin zirvəsinə çatmışdır.

Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Görkəmli mütəfəkkirlərin ideyalarından bəhrələnən bayraq müasir Azərbaycan ideologiyasının əsasını qoymuşdur. Bayraqdakı mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi, demokratiyanı və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu tərənnüm edir. Ay-ulduzlu simvol isə milli birliyin və ucalığın rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli -mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Milli bayrağımızın yenidən siyasi səhnəyə qayıtması və dövlətçilik rəmzi kimi bərpası Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ Sovet İttifaqının mövcud olduğu, Kommunist Partiyasının sərt siyasi nəzarətinin hökm sürdüyü dövrdə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Ulu Öndərin siyasi cəsarəti, uzaqgörənliyi və milli təəssübkeşliyi sayəsində üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olundu. Eyni zamanda, Naxçıvan Ali Soveti Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və xalqın tələbi və tarixi zərurət qarşısında geri çəkilməyə məcbur olan Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul etmişdir. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Sovetinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbul edilməsi ilə ölkəmiz öz müstəqilliyini bərpa etdi və üçrəngli dövlət bayrağımız respublikamızın bütün ərazisində rəsmi dövlət rəmzi olmaqla yanaşı ölkəmizin üzv olduğu BMT-nin mənzil-qərargahının qarşısında və digər beynəlxalq təşkilatların platformalarında, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində suverenliyimizin rəsmi simvolu kimi ucaldıldı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlət atributlarına hörmət və ehtiramın gücləndirilməsinə, bayrağımızın milli həmrəyliyin və azərbaycançılıq ideologiyasının əsas rəmzlərindən birinə çevrilməsinə xüsusi diqqət yetirdi.

Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev dövlət atributlarına ehtiramın daha da yüksəldilməsini təmin etdi və Dövlət Bayrağımızın ümumxalq qürurunun rəmzinə çevrilməsi üçün mühim addımlar atıldı. Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımıza göstərilən yüksək ehtiramın və onun milli dövlətçilik tariximizdəki əhəmiyyətinin yüksək təzahürü idi. Sərəncama əsasən, 1918-ci il noyabrın 9-da üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edildiyi gün nəzərə alınaraq, hər il noyabr ayının 9-u ölkəmizdə "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd olunmağa başlandı. Eyni zamanda dövlət atributumuza göstərilən yüksək ehtiramın əyani təzahürü olaraq, Prezident İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı digər sərəncamla paytaxt Bakı şəhərində möhtəşəm Dövlət Bayrağı Meydanının yaradılması qərara alınmış və bu kompleks ölkəmizin müstəqilliyinin əbədi simvoluna çevrilmişdir. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz özünün şanlı zəfər dövrünü isə 2020-ci ildə yaşadı. 44 günlük Vətən müharibəsi zamanı Ali Baş Komandanın dəmir iradəsi və qətiyyətli sərkərdəliyi sayəsində otuz ilə yaxın düşmən tapdağında qalan torpaqlarımız işğaldan azad edildi. Hər bir rayonun azad olunması xəbəri xalqımıza elan edilərkən Cənab Prezident İlham Əliyevin "Azərbaycan bayrağı azad edilmiş torpaqlarda dalğalanacaq”! ifadəsi reallığa çevrildi. Şuşada, Xankəndidə, Xocalıda, Ağdərədə, Laçında, Kəlbəcərdə və digər işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan tariximizə əbədi yazılacaq qələbə imzasını atdı. 2023-cü ilin sentyabrında lokal xarakterli anti-terror tədbirlərindən sonra suverenliyimiz bütün ölkə ərazisində tam bərqərar oldu. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradı xalqımızın yaddaşına əbədi həkk olundu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş rəşadətli əsgər və zabitlərimizin keçid etdiyi bu təntənəli mərasimin əsas simvolu şanlı Azərbaycan bayrağı oldu. Döyüş meydanlarından zəfərlə daşınan o müqəddəs bayraq Azərbaycan əsgərinin əlində Zəfər meydanında dalğalandı. Zəfər Paradındakı bayraq Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanın əbədi suverenliyinin təntənəsi idi.

Bu gün üçrəngli Azərbaycan bayrağı təkcə dövlət müəssisələrində deyil, azad olunmuş ərazilərimizdə də qürurla dalğalanır. Bayrağımız şəhidlərimizin əziz xatirəsi, qazilərimizin qəhrəmanlığı, əsgərlərimizin şücaəti və xalqımızın birliyinin əsas rəmzidir. 1918-ci ildə qaldırılan, 1990-cı ildə Naxçıvanda yenidən dirçəldilən, 1991-ci ildə müstəqilliklə möhkəmlənən və 2020–2023-cü illərdə Zəfərlə zirvələrə ucalan, dövlətimizin suverenliyi və milli qürurumuzun əbədi təcəssümü olan üçrəngli bayrağımız əbədi olaraq zirvələrdə dalğalanacaqdır.

Aygül Xəlilova

YAP Naxçıvan şəhər təşkilatı “Heydər Əliyev prospekti 25” ünvanında yerləşən ərazi partiya təşkilatının fəal üzvü,

Naxçıvan Heydər Əliyev Muzeyinin əməkdaşı

Digər xəbərlər