PDF Oxu

Siyasət

  • 689

Şuşa – Zəfərimizin rəmzi, milli qürurumuzun ünvanıdır

Şuşa – Zəfərimizin rəmzi, milli qürurumuzun ünvanıdır

“Qarabağın tacı olan Şuşa şəhəri Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi, zəngin musiqi ənənələrimizi yaşadan Şuşa tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib. Onun sözlərinə görə, Şuşa 28 il erməni işğalı altında qalsa da, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində azad olundu. Qəhrəman əsgər və zabitlərimiz mürəkkəb relyef şəraitində uzun məsafə qət edərək, sıldırım qayaları və dərin dərələri aşaraq düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” deyə bəyan etdi. Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük qazandırdı. Bunun nəticəsi olaraq, noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistan məğlubiyyəti qəbul etdi. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbənin tarixi əhəmiyyəti dövlət səviyyəsində əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin müstəsna əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Deputat bildirib ki, Şuşa tarixən Azərbaycanın mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Şəhərin tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyəri ona xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu.
Pərvin Kərimzadə qeyd edib ki, erməni işğalı nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına da başlanılıb. Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır.
“Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması qorunub saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün Şuşada güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qaytarılıb. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib. Modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərində yerləşən Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir”, – deyə o söyləyib.
Millət vəkilinin sözlərinə görə, hazırda dövlətimiz tərəfindən Şuşanın bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşaya səfər ediblər. Dövlətimizin başçısı 28 ildən sonra, 2021-ci ilin mart ayında Şuşada, Cıdır düzündə Novruz tonqalı alovlandırdı. Azad Şuşada “Xarıbülbül” Musiqi Festivalının və “Vaqif” Poeziya Günlərinin keçirilməsi artıq ənənə halını alıb. Təsadüfi deyil ki, Şuşa “Şərqin konservatoriyası” adlandırılır. Molla Pənah Vaqifin ermənilər tərəfindən dağıdılmış məqbərəsi və büstü bərpa edilib. Bir sıra məscidlərimiz və dini abidələrimiz isə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub, hazırda bu istiqamətdə işlər davam etdirilir. Bütövlükdə, Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb.
Deputat deyib ki, Şuşaya doğma sakinlərin qayıdışı davam edir. Bu il oktyabrın 23-dək Şuşa şəhərində 377 ailə olmaqla, 1 411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla, 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla, 90 nəfər – ümumilikdə 420 ailə, 1 579 nəfər məskunlaşıb. Doğma sakinlərin qayıdışı ilə Şuşaya yeni ruh, yeni nəfəs gəlib. Azadlığına qovuşmuş qədim şəhər artıq genişmiqyaslı quruculuq, təmir-bərpa işlərinin və möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb.
“Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən, 8 Noyabr – Şuşa Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhərlərin günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır. Qarabağın incisi olan qədim Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir”, – deyə Pərvin Kərimzadə vurğulayıb.

Digər xəbərlər