"İsraildə oktyabrın 27-də keçirilən seçkilərdən sonra siyasi vəziyyət kifayət qədər mürəkkəbdir. Baxmayaraq ki, hazırkı Baş nazir Benyamin Netanyahunun partiyası seçkilərdə birinci yeri tutub, onun hökuməti qurmaq, yəni Nazirlər Kabinetini formalaşdırmaq imkanı yaranmayıb. Çünki İsrail parlamentində 120 deputat var və hökuməti formalaşdırmaq üçün ən azı 61 deputatın dəstəyini qazanmaq lazımdır. Bu dəstək ya bir partiyanın, ya da bir siyasi blokun hesabına təmin edilməlidir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.Siyasi şərhçi sözlərinə belə davam edir:"Müxalifət blokunun da hökumət qurmaq üçün kifayət qədər səsi yoxdur. Onların əldə etdiyi səs faizi, görünür, 47-48 faiz civarındadır. Ərəb partiyalarının 19 deputatlıq dəstəyi isə ayrıca bir məsələdir. Onların Netanyahunun rəhbərlik etdiyi hər hansı koalisiyaya qoşulacağını düşünmürəm. Eyni zamanda, müxalifətlə də koalisiya quracaqlarına inanmıram. Çünki istər Netanyahu, istərsə də müxalifət blokunda təmsil olunan qüvvələrin İran və xüsusilə Qəzza məsələsində mövqeləri müəyyən dərəcədə üst-üstə düşür.İsraildə parlamentin hökuməti formalaşdırması qaydaları belədir: müəyyən müddət ərzində hökumətin qurulması üçün imkan yaradılır. Əgər bu müddətdə razılıq əldə olunmasa, əlavə vaxt verilir və danışıqların davam etdirilməsi üçün şərait yaradılır. Əks təqdirdə, dörd ay ərzində yeni seçkilər keçirilir.Güman edirəm ki, bu müddət ərzində Netanyahu Yaxın Şərqdə, istər İrana, istər Suriyaya, istərsə də Türkiyəyə qarşı hərbi və aqressiv siyasətini daha da intensivləşdirə bilər. Çünki bununla növbəti seçkilərdə daha çox səs qazanmağa çalışacaq. Lakin onun bu məqsədinə nail olacağını düşünmürəm.Çünki Netanyahunun əsas dostu və müttəfiqi olan ABŞ Prezidenti Donald Trampın partiyası Amerikada keçirilən aralıq seçkilərində məğlub olub. Respublikaçılar Partiyası uduzub, demokratlar isə qalib gəliblər. Demokratların İsrail və İran məsələlərinə yanaşması isə tamamilə fərqlidir. Onlar İranla danışıqlar aparılmasına üstünlük verir, eyni zamanda, İsrailə yardımın dayandırılmasını müdafiə edirlər.Bütün bunlar regionda müəyyən qeyri-müəyyənlik yaradıb. Ancaq bir məqamı nəzərə almaq lazımdır: Netanyahu hələ dörd ay müddətində hakimiyyətdə qala bilər. Bu müddət ərzində bir sıra hərbi addımlar ata bilər. Trampın da yanvarın 3-dək Konqresin hazırkı tərkibi ilə işləmək imkanı var. Çünki yeni Konqres və Senat yanvarın 3-də fəaliyyətə başlayacaq.Ona görə də hazırda belə bir qeyri-müəyyənlik hökm sürür. Düşünürəm ki, vəziyyət hələlik qeyri-müəyyənlik və eskalasiyanın güclənməsi şəraitində davam edəcək".
Müəllif: Günel Fərzəliyeva