PDF Oxu

Siyasət

  • 572

Tarixə yazılan Zəfər - ŞƏRH

Tarixə yazılan Zəfər - ŞƏRH

Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillər üçün də böyük məna daşıyır. 2023-cü il sentyabrın 19-da başlanan və bir gündən az davam edən lokal xarakterli antiterror tədbirləri də belə hadisələrdən biridir.

Uzun illər ərzində Azərbaycan torpaqlarının bir hissəsinin ölkəmizin nəzarətindən kənarda qalması xalqımızın ən böyük narahatlıqlarından biri idi. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlara baxmayaraq, Qarabağda separatçı qüvvələrin mövcudluğu ölkəmizin suverenliyi və ərazi bütövlüyü baxımından ciddi problem olaraq qalırdı.

2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu tərəfindən lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat sentyabrın 20-də dayandırıldı. Nəticədə qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi və separatçı strukturların fəaliyyətinə son qoyulması istiqamətində mühüm nəticə əldə olundu. Bununla da Azərbaycan öz ərazisində dövlət suverenliyini tam bərpa etdi.

Bu hadisə bir daha göstərdi ki, Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün bütün zəruri imkanlara malikdir. Ordumuzun peşəkarlığı, hərbçilərimizin hazırlığı və dövlətin qətiyyətli mövqeyi əməliyyatın qısa müddətdə başa çatmasında mühüm rol oynadı.

Mən hesab edirəm ki, bu hadisənin ən mühüm tərəflərindən biri Azərbaycanın öz ərazisində konstitusiya quruluşunu bərpa etməsi idi. Çünki müstəqil dövlət üçün suverenlik yalnız bir anlayış deyil, həm də milli iradənin, müstəqilliyin və gələcək inkişafın əsas təminatıdır.

Bu tarixi hadisədə şəhidlərimizin və qazilərimizin fədakarlığını da xüsusi qeyd etmək lazımdır. Bu gün əldə etdiyimiz nəticələrin arxasında illərlə davam edən mübarizə, xalqımızın səbir və iradəsi, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın qanı dayanır. Onların xatirəsini yaşatmaq hər birimizin mənəvi borcudur.

Azərbaycanın dövlət suverenliyinin tam bərpası ölkəmizin tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə Azərbaycan bayrağının dalğalanması bu tarixi reallığın rəmzinə çevrildi.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri həmin ərazilərdə həyatın yenidən qurulması, doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtması və bölgədə davamlı sülhün təmin olunmasıdır. Çünki torpaqların bərpası ilə yanaşı, orada həyatın bərpası da böyük əhəmiyyət daşıyır.

Nəticə etibarilə, bir gündən az davam edən antiterror əməliyyatı Azərbaycanın müasir tarixində mühüm hadisə kimi yadda qaldı. Bu hadisə bir daha sübut etdi ki, dövlətin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi hər zaman qorunmalıdır. Azərbaycanın qazandığı bu tarixi nəticə gələcək nəsillərə dövlətçilik, vətənpərvərlik və milli birlik nümunəsi olaraq qalacaq.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər