12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik günlərdən biridir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizdə müasir dövlət quruculuğunun, demokratik inkişafın və hüquqi dövlət prinsiplərinin möhkəm əsaslarını müəyyənləşdirmişdir.
Müstəqilliyin bərpasından sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yeni siyasi və hüquqi sistemin formalaşdırılması, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında qurulması idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, dövlətçiliyin qorunması zərurəti və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi Konstitusiyanın qəbulunu tarixi tələbə çevirmişdi. Bu məsuliyyətli prosesə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi istiqamət verdi.
Heydər Əliyevin dövlətçilik təcrübəsi, hüquqi düşüncəsi və uzaqgörən siyasəti müstəqil Azərbaycanın Əsas Qanununun hazırlanmasında həlledici rol oynadı. Konstitusiya layihəsinin hazırlanması üçün yaradılmış komissiyaya bilavasitə onun rəhbərlik etməsi sənədin məzmununa və dövlətçilik fəlsəfəsinə xüsusi təsir göstərdi. 1995-ci il noyabrın 12-də referendumla qəbul edilən Konstitusiya müstəqil Azərbaycanın hüquqi əsaslarını müəyyənləşdirməklə ölkənin demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının təməlini qoydu.
Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın mahiyyətini belə ifadə etmişdir: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Bu fikir Əsas Qanunun yalnız hüquqi sənəd deyil, eyni zamanda milli dövlətçilik ənənələrini müasir dövrün tələbləri ilə uzlaşdıran fundamental sənəd olduğunu aydın şəkildə göstərir.
Azərbaycanın konstitusiya quruculuğu tarixi müstəqillik dövrü ilə məhdudlaşmır. 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyası da ölkəmizin hüquqi tarixində müəyyən mərhələ təşkil etmişdir. Lakin müstəqil dövlətin yeni siyasi və hüquqi reallıqları fərqli məzmunlu, milli suverenliyə və ümumbəşəri prinsiplərə əsaslanan Konstitusiyanın hazırlanmasını zəruri edirdi. 1995-ci ildə qəbul olunan Əsas Qanun məhz bu tarixi ehtiyacdan irəli gələrək Azərbaycanın müstəqil dövlət kimi hüquqi statusunu təsbit etdi.
Prezident İlham Əliyev də Konstitusiyanın dövlət quruculuğundakı əhəmiyyətini yüksək qiymətləndirərək onun Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlandığını, müasir sivil dəyərlərə, qanunvericilik təcrübəsinə, çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə əsaslandığını vurğulamışdır. Dövlət başçısının qeyd etdiyi kimi, bu sənəd demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlidir. Prezident İlham Əliyev 1995-ci ildə referendumla qəbul edilən Konstitusiyanı müasir dövlət quruculuğuna keçidin mühüm mərhələsi kimi səciyyələndirərək onun müəllifinin Heydər Əliyev olduğunu xüsusi qeyd etmişdir.
Konstitusiyanın əsas prinsipləri dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi, qanunun aliliyi və dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivələrinin müəyyənləşdirilməsi ilə bağlıdır. Əsas Qanun hər bir vətəndaşın hüquq və azadlıqlarını dövlətin ali dəyəri kimi təsbit edir, insan ləyaqətinin qorunmasını və cəmiyyətdə hüquqi münasibətlərin qanun əsasında tənzimlənməsini təmin edən başlıca hüquqi mexanizmləri müəyyən edir.
Ötən dövr ərzində ölkənin inkişafından, dəyişən ictimai-siyasi və iqtisadi reallıqlardan irəli gələn zərurətlər Konstitusiyaya referendum yolu ilə əlavə və dəyişikliklərin edilməsini şərtləndirmişdir. Bu proseslər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquqi institutların inkişafına və idarəetmə sisteminin müasir tələblərə uyğunlaşdırılmasına xidmət etmişdir. Konstitusiya Məhkəməsi isə Əsas Qanunun aliliyinin qorunması, konstitusion nəzarətin həyata keçirilməsi və hüquqi dövlət prinsiplərinin təmin olunması baxımından mühüm yer tutur.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi Əsas Qanunun və dövlət suverenliyinin milli tariximizdəki əhəmiyyətini bir daha ön plana çıxardı. Konstitusiyanın qəbulunun 30 illiyinin qeyd olunması və bu münasibətlə yubiley medalının təsis edilməsi də ölkəmizin hüquqi dövlət quruculuğu sahəsində keçdiyi tarixi yolun qiymətləndirilməsinin ifadəsidir.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin, hüquqi sistemimizin və demokratik inkişafımızın əsas təminatlarından biridir. Onun müəyyən etdiyi prinsiplər dövlət idarəçiliyinin təkmilləşdirilməsi, vətəndaş hüquqlarının qorunması və cəmiyyətin davamlı inkişafı üçün etibarlı hüquqi baza yaradır. Konstitusiyaya hörmət və onun tələblərinə əməl olunması hər bir dövlət orqanının və vətəndaşın hüquqi məsuliyyətidir.
Müstəqil Azərbaycanın gələcək inkişafı, dövlət suverenliyinin qorunması və hüquqi institutların davamlı möhkəmləndirilməsi Konstitusiyanın müəyyən etdiyi prinsiplərə sadiqlikdən keçir. Bu baxımdan 12 Noyabr – Konstitusiya Günü yalnız tarixi hadisənin xatırlanması deyil, həm də dövlətçilik dəyərlərinə, qanunun aliliyinə və müstəqil Azərbaycanın hüquqi əsaslarına ehtiramın ifadəsidir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı