PDF Oxu

Siyasət

  • 845

Dövlət Bayrağımızın şanlı tarixi və əbədi yüksəlişi

Dövlət Bayrağımızın şanlı tarixi və əbədi yüksəlişi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə əks etdirən müqəddəs dövlət rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü xalqımızın şanlı tarixinə, milli-mənəvi dəyərlərinə və müstəqillik yoluna ehtiramın ifadəsidir. Üçrəngli bayrağımız Azərbaycan xalqının milli birliyinin, suverenliyinin və azadlıq iradəsinin rəmzidir.

Bayrağımızın şanlı tarixi 1918-ci il noyabrın 9-dan başlayır. Həmin gün Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayraq dövlət bayrağı kimi qəbul edilmişdir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Bayrağımızın üzərindəki aypara və səkkizguşəli ulduz da milli rəmzimizin ayrılmaz elementləridir.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, xalqımızın qəlbindəki yerini qoruyub saxlamışdır. Bu müqəddəs rəmzin yenidən dövlətçilik həyatımıza qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri olmuşdur.

1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın yenidən qaldırılması və Naxçıvanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul edilmişdir. Həmin qərarla, eyni zamanda, Azərbaycan Respublikasının ali hakimiyyət orqanı qarşısında üçrəngli bayrağımızın dövlət rəmzi kimi tanınması məsələsi qaldırılmışdır.

Ulu Öndər Heydər Əliyev bu qərarın tarixi əhəmiyyətini dəyərləndirərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsinə mühüm təsir göstərmişdir. Beləliklə, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etmişdir. Bu hadisə milli dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yadda qalmışdır.

Ulu Öndərin müəyyən etdiyi dövlətçilik siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2007-ci ildə Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalanmış, 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı keçirilmişdir. Dövlət başçısı həmin mərasimdə çıxış edərək üçrəngli bayrağımızın xalqımızın milli qürur mənbəyi və müstəqilliyimizin əsas rəmzlərindən biri olduğunu vurğulamışdır.

Cənab Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edilmişdir. Bu qərar dövlət rəmzlərimizə ehtiramın artırılması və milli dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Üçrəngli bayrağımızın şanlı tarixində ən qürurverici səhifələrdən biri 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərlə bağlıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda Dövlət Bayrağımız yenidən ucaldılmışdır. 2023-cü ildə ölkəmizin bütün ərazisində suverenliyin bərpası ilə üçrəngli bayrağımız Azərbaycanın hər bir guşəsində dalğalanmağa başlamışdır. Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda və Qubadlıda dalğalanan bayrağımız tarixi ədalətin, milli birliyin və dövlət suverenliyimizin təcəssümüdür. O, Vətən uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini özündə yaşadır.

9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur və vətənpərvərlik günüdür. 1918-ci ildə qəbul edilən, 1990-cı ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yenidən ucaldılan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə suveren Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımız xalqımızın şərəfli tarixinin, müstəqilliyinin və milli birliyinin əbədi rəmzidir. Bayrağımız daim yüksəklərdə dalğalansın!

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər