PDF Oxu

Siyasət

  • 548

8 noyabr: Azərbaycan tarixinin şanlı səhifəsi - ŞƏRH

8 noyabr: Azərbaycan tarixinin şanlı səhifəsi - ŞƏRH

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün deyil, bütöv bir xalqın taleyini dəyişir, milli yaddaşda əbədi iz qoyur. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə də məhz belə hadisələrdəndir. Bu Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, milli iradəmizin, dövlətçilik əzmimizin və xalqımızın sarsılmaz birliyinin dünyaya nümayişi oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir mərhələnin əsasını qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, döyüş əzmi və misilsiz qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızı azad etməyə başladı. Cəmi 44 gün ərzində əldə olunan hərbi nailiyyətlər Azərbaycan dövlətinin gücünü, ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya göstərdi.

Bu müharibənin ən mühüm xüsusiyyətlərindən biri xalqımızın vahid amal ətrafında sıx birləşməsi idi. Cəbhədə döyüşən əsgər və zabitlərimizin arxasında bütöv bir xalq dayanmışdı. Hər bir Azərbaycan vətəndaşı özünü bu mübarizənin iştirakçısı hesab edir, qələbəyə inamını və Vətənə sədaqətini əməli ilə nümayiş etdirirdi. Məhz xalq-hakimiyyət-ordu birliyi qələbəmizin əsas mənəvi dayaqlarından birinə çevrildi.

Noyabrın 8-də Şuşanın azad edilməsi isə Vətən müharibəsinin həlledici məqamı olmaqla yanaşı, hərb tariximizə qızıl hərflərlə yazılan hadisəyə çevrildi. Mürəkkəb relyefə və çətin döyüş şəraitinə baxmayaraq, Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq dünya hərb tarixində özünəməxsus yer tutdu. Qarabağın tacı olan Şuşanın azad edilməsi düşmənin müqavimət iradəsini sarsıtdı və Zəfərimizin müjdəçisi oldu. Bu tarixi hadisə Azərbaycanın hərbi strategiyasının, ordumuzun hazırlıq səviyyəsinin və milli ruhunun təntənəsi idi.

44 günlük Vətən müharibəsində qazanılan Qələbə təsadüfi uğur deyil, uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və qətiyyətli siyasi iradənin məntiqi nəticəsi idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm beynəlxalq müstəvidə öz haqlı mövqeyini müdafiə etdi, həm də ərazi bütövlüyünün bərpası istiqamətində tarixi missiyasını uğurla həyata keçirdi. Beləliklə, uzun illər davam edən işğala son qoyuldu, tarixi ədalət bərpa edildi.

Bu böyük Qələbənin arxasında Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs qanı, qazilərimizin fədakarlığı və hər bir əsgərimizin qəhrəmanlığı dayanır. Onların göstərdiyi şücaət Azərbaycan xalqının milli qürur salnaməsinə əbədi həkk olunub. Şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etmək, qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.

Bu gün Zəfər yalnız keçmişdə qazandığımız tarixi nailiyyət deyil, həm də gələcəyə istiqamət verən milli güc və birlik rəmzidir. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların həyatında baş verən yeniliklər Qələbənin real nəticələrini nümayiş etdirir. Azərbaycan artıq öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş, yeni inkişaf mərhələsinə qədəm qoymuş güclü dövlətdir.

44 günlük Vətən müharibəsində qazanılan Zəfər xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillərə Vətən sevgisinin, milli birliyin və qətiyyətin ən parlaq nümunəsi kimi ötürüləcəkdir. Çünki bu Qələbə yalnız torpaqlarımızın azadlığı deyil, həm də milli ləyaqətimizin, tarixi ədalətin və dövlətçilik iradəmizin təntənəsidir. Azərbaycan xalqı bu Zəfərlə öz gücünü bütün dünyaya sübut etdi. Bu gün zirvələrdə dalğalanan üçrəngli bayrağımız isə müstəqilliyimizin, birliyimizin və əbədi Zəfərimizin rəmzidir.

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Digər xəbərlər