Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik tarixini, milli-mənəvi dəyərlərini, azadlıq arzusunu və müstəqil yaşamaq əzmini özündə birləşdirən müqəddəs dövlət rəmzidir. O, sadəcə üç rəngdən ibarət parça deyil, Azərbaycanın keçdiyi mürəkkəb tarixi yolun, milli birliyin, siyasi iradənin və gələcəyə inamın ifadəsidir. Bayrağımızın hər dalğalanışı müstəqilliyimizin qorunması naminə göstərilən fədakarlıqları, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini və xalqımızın azadlıq düşüncəsini yaşadır. Bu baxımdan 9 Noyabr – Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, dövlətə sədaqətini və Vətənə bağlılığını nümayiş etdirən əlamətdar tarixlərdən biridir.
Azərbaycanın üçrəngli bayrağının yaranması milli dövlətçilik tariximizin mühüm mərhələsi ilə bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız Şərqdə ilk parlamentli demokratik respublikalardan birini qurmaqla özünün müstəqil dövlətçilik ənənələrini yeni siyasi şəraitdə davam etdirdi. Həmin dövrdə dövlət atributlarının müəyyənləşdirilməsi müstəqilliyin hüquqi və siyasi əsaslarının formalaşdırılmasının mühüm istiqamətlərindən biri idi. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üzərində ağ aypara və səkkizguşəli ulduz təsvir edilmiş mavi, qırmızı və yaşıl rəngli üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olundu. Beləliklə, bu gün milyonlarla azərbaycanlının qürur mənbəyi olan müqəddəs bayrağımızın dövlətçilik tarixindəki yeri rəsmiləşdirildi.
Üçrəngli bayrağımızın hər bir rəngi dərin məna və ideoloji məzmun daşıyır. Mavi rəng türk mənşəyimizi, milli kimliyimizi və tarixi köklərimizi ifadə edir. Qırmızı rəng müasirliyi, inkişafı, demokratik cəmiyyət quruculuğunu və tərəqqi istəyini simvolizə edir. Yaşıl rəng isə İslam sivilizasiyasına, mənəvi dəyərlərimizə və mədəni irsimizə bağlılığımızı əks etdirir. Bayrağın üzərindəki ağ aypara və səkkizguşəli ulduz da dövlət rəmzinin bütövlüyünü tamamlayan mühüm elementlərdir. Bu rənglərin və simvolların bir kompozisiyada birləşməsi Azərbaycanın tarixi keçmişi, müasir inkişaf istiqaməti və mənəvi dünyası arasında möhkəm bağlılığın ifadəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlətçilik atributu kimi rəsmi statusunu itirsə də, xalqımızın yaddaşından heç vaxt silinmədi. Sovet hakimiyyəti illərində milli istiqlal düşüncəsinin yaşadılması, tarixi həqiqətlərin qorunması və müstəqillik ideyasının gələcək nəsillərə ötürülməsi baxımından bu bayrağın xüsusi əhəmiyyəti var idi. O dövrdə üçrəngli bayraq milli azadlıq hərəkatının, müstəqillik arzularının və xalqın öz tarixi kimliyinə qayıdış istəyinin rəmzinə çevrildi. Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq qalaraq milli atributlarını yenidən bərpa etmək əzmini qoruyub saxladı.
Üçrəngli bayrağımızın yenidən siyasi səhnəyə qayıdışında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri xüsusi qeyd edilməlidir. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması məsələsi qaldırıldı. Bu qərar milli dövlətçilik tariximizin bərpası istiqamətində mühüm siyasi hadisə olmaqla yanaşı, müstəqilliyə aparan yolun ideoloji əsaslarını da möhkəmləndirdi. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi barədə qərar verdi. Həmin il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz suverenliyini yenidən elan etdi.
Müstəqilliyin ilk illərində ölkənin üzləşdiyi mürəkkəb siyasi, iqtisadi və hərbi vəziyyət dövlət atributlarının qorunmasını və dövlətçilik ənənələrinin möhkəmləndirilməsini daha da vacib edirdi. Belə bir şəraitdə dövlət bayrağı cəmiyyətin müxtəlif təbəqələrini vahid milli məqsəd ətrafında birləşdirən mənəvi dayaqlardan biri oldu. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik əsaslarının möhkəmləndirilməsi, milli rəmzlərə hörmətin yüksəldilməsi və müstəqilliyin dönməz xarakter alması istiqamətində ardıcıl siyasət həyata keçirildi. Dövlət bayrağına münasibət də bu siyasətin mühüm tərkib hissəsinə çevrildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni ölkəmizin əsas dövlət rəmzləri kimi təsbit olundu.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağının ucaldılması və onun təcəssüm etdirdiyi dəyərlərin qorunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. Həmin tarixdən etibarən bu əlamətdar gün milli təqvimimizdə xüsusi yer tutur. 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncamın imzalanması, 2010-cu il sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının açılışının keçirilməsi dövlət rəmzlərinə göstərilən diqqətin parlaq nümunəsidir. Bu meydan Azərbaycanın dövlətçilik tarixini, milli birliyini və müstəqillik iradəsini nümayiş etdirən mühüm məkanlardan birinə çevrilib.
Dövlət bayrağının əhəmiyyəti yalnız tarixi hadisələrin xatırlanması ilə məhdudlaşmır. O, müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi təmsil olunmasının, suveren hüquqlarının və siyasi mövqeyinin rəmzidir. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə, diplomatik görüşlərdə, idman yarışlarında və rəsmi mərasimlərdə Azərbaycan bayrağının ucaldılması xalqımız üçün böyük qürur mənbəyidir. Hər dəfə üçrəngli bayrağımız xarici ölkələrdə dalğalananda Azərbaycanın adı, tarixi, mədəniyyəti və müstəqil dövlət kimi qazandığı nailiyyətlər də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Bu mənada bayrağımız ölkəmizin dünyaya təqdim olunan dövlətçilik imzasıdır.
Dövlət bayrağımızın tarixi əhəmiyyətini daha da artıran mühüm hadisələrdən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlıdır. Uzun illər işğal altında qalan torpaqlarımızın azad edilməsi xalqımızın milli iradəsinin, ordumuzun gücünün və dövlətimizin siyasi qətiyyətinin təntənəsi oldu. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər üçrəngli bayrağımızın yenidən doğma torpaqlarımızda dalğalanmasına şərait yaratdı. Xüsusilə Şuşa şəhərinin noyabrın 8-də işğaldan azad edilməsi Azərbaycanın hərb və diplomatiya tarixində yeni mərhələnin başlanğıcı oldu. Bu Zəfər yalnız hərbi qələbə deyildi, eyni zamanda, milli qürurumuzun, tarixi ədalətin və dövlət suverenliyimizin bərpasının təcəssümü idi.
İşğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın ucaldılması hər bir azərbaycanlı üçün xüsusi mənəvi məna daşıyır. Uzun illər həsrətlə gözlənilən bu mənzərə xalqımızın tarixi yaddaşında silinməz iz qoydu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı dövlət bayrağımızın ucaldılması Azərbaycanın öz torpaqlarına qayıdışının və suverenliyinin real ifadəsinə çevrildi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal antiterror tədbirlərindən sonra ölkəmizin bütün ərazisində dövlət suverenliyinin tam bərpası bu tarixi prosesin mühüm yekunu oldu. Xankəndidə, Xocalıda, Xocavənddə və digər yaşayış məntəqələrində Azərbaycan bayrağının dalğalanması dövlətçilik tariximizin yeni səhifəsini açdı.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, yeni yaşayış məntəqələri salınır, infrastruktur layihələri həyata keçirilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Yenidən qurulan şəhər və kəndlərdə dövlət bayrağının ucaldılması Böyük Qayıdışın mənəvi mahiyyətini tamamlayır. Çünki bayrağın dalğalandığı hər bir yaşayış məntəqəsi həmin ərazidə dövlət hakimiyyətinin, milli suverenliyin və təhlükəsiz gələcəyin mövcudluğunu ifadə edir. Bu baxımdan üçrəngli bayrağımız azad edilmiş torpaqlarda həyata keçirilən quruculuq prosesinin də mənəvi simvollarından biridir.
Dövlət bayrağına hörmət yalnız rəsmi mərasimlərdə onun qarşısında ehtiram göstərməklə ölçülmür. Bu hörmət, ilk növbədə, dövlətin qanunlarına riayət etməkdə, milli maraqları qorumaqda, cəmiyyətin inkişafına töhfə verməkdə və Vətən qarşısında məsuliyyəti dərk etməkdə özünü göstərir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinə hörmət ruhunda yetişdirilməsi mühüm əhəmiyyət daşıyır. Təhsil müəssisələrində bayrağımızın tarixi və mənası haqqında biliklərin artırılması, milli bayramların qeyd olunması və vətənpərvərlik ənənələrinin yaşadılması gələcək nəsillərin dövlətçilik şüurunun formalaşmasına xidmət edir. Hər bir gənc anlamalıdır ki, bayraq yalnız keçmişin yadigarı deyil, həm də onun gələcək qarşısında daşıdığı məsuliyyətin rəmzidir.
9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın tarixə ehtiramını, müstəqilliyə sədaqətini və milli birliyini nümayiş etdirən əlamətdar gündür. Bu tarix bizə xatırladır ki, dövlətçilik yalnız siyasi müstəqilliyin elan olunması ilə məhdudlaşmır; onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə etibarlı şəkildə ötürmək hər bir vətəndaşın mənəvi borcudur. Üçrəngli bayrağımızın hər dalğalanışı bu məsuliyyəti bir daha göz önünə gətirir. Onun altında birləşən xalqımız tarixinin ən çətin sınaqlarından keçərək öz milli iradəsini və dövlətçilik əzmini sübut edib.
Bu gün Azərbaycan bayrağı müstəqil dövlətimizin gücünü, xalqımızın birliyini, ordumuzun qəhrəmanlığını və ölkəmizin gələcəyə yönəlmiş inkişaf strategiyasını özündə ehtiva edir. Bayrağımızın ucalığı Azərbaycanın siyasi müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin ucalığıdır. Onun hər dalğalanışı şəhidlərimizin müqəddəs xatirəsinə ehtiram, qazilərimizin qəhrəmanlığına minnətdarlıq və gələcək nəsillərə ötürülən milli əmanətdir. Azərbaycan xalqı bu müqəddəs rəmzə sahib çıxaraq dövlət müstəqilliyini qorumağa, milli dəyərlərini yaşatmağa və daha güclü Azərbaycan naminə çalışmağa davam edir. Çünki üçrəngli bayrağımız yalnız bu günümüzün deyil, gələcək nəsillərimizin də qürurla daşıyacağı əbədi dövlətçilik nişanəsidir.
Nazimə Şamıyeva
YAP Füzuli rayon təşkilatının sədri