PDF Oxu

Siyasət

  • 552

Heydər Əliyev Konstitusiyası: hüquqi təməldən tam suverenliyə - ŞƏRH

Heydər Əliyev Konstitusiyası: hüquqi təməldən tam suverenliyə - ŞƏRH

Hər bir müstəqil dövlətin varlığını, onun hüquqi və siyasi sütunlarını təyin edən ən ali sənəd onun Konstitusiyasıdır. Əsas Qanun sadəcə hüquqi normalar məcmuəsi deyil, millətin dövlətçilik təfəkkürünün, azadlıq iradəsinin və gələcək inkişaf modelinin rəsmi bəyannaməsidir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsi ölkəmizin müasir tarixində yeni bir erasının – demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu mərhələsinin təməlini qoydu. Bu tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin 6 fevral 1996-cı il tarixli Sərəncamı ilə noyabrın 12-si Azərbaycan Respublikasında Konstitusiya Günü elan edildi və həmin vaxtdan etibarən bu gün milli dövlətçiliyimizin təntənəsi kimi rəsmi şəkildə qeyd olunur.

Azərbaycanın konstitusiya quruluşunun formalaşması mürəkkəb və şərəfli bir inkişaf yolu keçmişdir. XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də qəbul etdiyi 6 bəndlik İstiqlaliyyət Bəyannaməsi və qısaömürlü, lakin zəngin parlamentarizm təcrübəsi, sonrakı sovet hakimiyyəti dövründə qəbul edilmiş konstitusiyalar xalqımızın hüquqi yaddaşında müəyyən izlər qoymuşdu. Lakin müstəqilliyin bərpasından sonra suveren dövlətimizin milli maraqlarına, azad cəmiyyət ideallarına cavab verən tam müstəqil Əsas Qanunun yaradılması həyati zərurətə çevrilmişdi.

Bu tarixi missiyanı müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyev öz cəsarətli və uzaqgörən rəhbərliyi ilə həyata keçirdi. Məhz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa olundu və bundan sonra hadisələrin inkişafı yeni Konstitusiyanın hazırlanmasını sürətləndirdi. Yaranmış münasib vəziyyət və tarixi zərurət nəzərə alınaraq suveren və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə 33 nəfərlik tərkibinə respublikanın görkəmli dövlət xadimləri, hüquqşünasları, ictimai təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri daxil Konstitusiya Komissiyası yaradıldı. Yeni Konstitusiyanı son dərəcə mükəmməl bir sənəd kimi hazırlamağı tövsiyə edən Ulu Öndər deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”.

Konstitusiya layihəsi referendumdan əvvəl, 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edilərək geniş ümumxalq müzakirəsinə çıxarıldı. Nəticədə beynəlxalq prinsip və standartlara tam cavab verən, bazar iqtisadiyyatının inkişafına hər vasitə ilə rəvac verən, demokratik, dünyəvi dəyərləri özündə əks etdirən Konstitusiya layihəsi hazırlandı və 1995-ci il noyabrın 12-də xalqın mütləq dəstəyi ilə qəbul olundu. Ümummilli Liderimiz bu tarixi sənədin mahiyyətini böyük uzaqgörənliklə belə səciyyələndirirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir”.

1995-ci il Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi elan etməklə, hakimiyyətlərin bölgüsü prinsipini bərqərar etdi. Bu Əsas Qanun özündən sonrakı dövrdə Azərbaycanın dünya birliyinə inteqrasiyası, hüquq sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması üçün sarsılmaz baza rolu oynadı. Konstitusiya Komissiyasının Sədri, görkəmli dövlət xadimi Heydər Əliyev yeni, milli Konstitusiya layihəsinin son dərəcə mükəmməl bir sənəd olduğunu vurğulayaraq demişdir: “Konstitusiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var, deyəm ki, cox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələçək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün cox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”. Məhz buna görə, tədqiqatçılar tərəfindən milli Konstitusiyamız, adətən, “Heydər Əliyev Konstitusiyası” adlandırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz növbəsində Ulu Öndərin müəllifi olduğu bu tarixi sənədin əhəmiyyətini yüksək qiymətləndirərək vurğulayır: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır”.

Azərbaycan Respublikasında hakimiyyətin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu, Azərbaycan xalqının isə Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan Azərbaycan Respublikasının vətəndaşlarından ibarət olması Konstitusiyada öz əksini tapmış, ilk dəfə olaraq Azərbaycanın demokratik, hüquqi, dünyəvi, unitar respublika olduğu bəyan edilmişdir. Azərbaycan Respublikasının demokratik dövlət olması dövlətin quruluşunda və onun fəaliyyətinin xalqın iradəsinə əsaslanmasında, insan və vətəndaş hüquq və azadlıqlarına xidmət etməsində təzahür edir. Azərbaycan Respublikasının hüquqi dövlət xarakteri ölkədə qanunun aliliyinin, ictimai həyatın bütün sahələrində qanunçuluğun təmin edilməsinin dövlətin başlıca məqsədi hesab olunmasında təcəssüm edir. Azərbaycan Respublikasının dünyəvi dövlət kimi səciyyəsi isə, Azərbaycanda dövlətin, onun təhsil sisteminin dindən ayrılmasında, heç bir dinə üstünlük verilməməsində özünü göstərir. Azərbaycan Respublikası vahid əraziyə malik olmaqla fərqli statuslu hissələrə bölünmədiyi üçün ərazzi-siyasi quruluşuna görə unitar dövlətdir. Bu mənada ölkəmizin tərkibində bir muxtar ərazinin olması isə beynəlxalq təcrübədə unitar dövlətlərdə kifayət qədər rast gəlinən haldır və bu da Azərbaycanın sadə yox, mürəkkəb quruluşlu unitar dövlət kimi təsnifaatlandırılmasına imkan verir. Yeri gəlmişkən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təşkili müvafiq beynəlxalq təcrübədən fərqli olaraq heç bir halda milli-etnik amilə istinad etmir və bu muxtariyyətin mövcudluğunun yeganə səbəbi ermənilərin Azərbaycanın tarixi Zəngəzur vilayətinin qərb hissəsini işğal etməsi nəticəsində Naxçıvan ərazisinin ölkənin əsas hissəsindən aralı düşməsi ilə əlaqədardır.

Azərbaycan Respublikası Konstitusiyasının mütərəqqi cəhətlərindən biri də insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edilməsidir. Belə ki, Konstitusiyanın üçdə bir hissəsi ( 24-71-ci maddələri) insan hüquq və azadlıqlarına həsr olunmuşdur. Məhz konstitusion müddəalar nəzərə alınaraq, ölkəmizdə insan və vətəndaşın hüquqq və azadlıqlarının qorunması və təminatının təkmil qanunvericilik bazası yaradılmışdır.

Demokratik və hüquqi dövlətin əsas əlamətlərindən biri dövlət hakimiyyətinin bölünməsidir. Konstitusiyanın 7-ci maddəsinə əsasən, qanunvericilik hakimiyyətinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilməsi, icra hakimiyyətinin Azərbaycan Respublikasının Prezidentinə mənsub olması, məhkəmə hakimiyyətinin isə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən həyata keçirilməsi, onların qarşılıqlı fəaliyyət göstərməsi və səlahiyyətləri çərçivəsində müstəqil olması öz əksini tapmışdır.

Ölkədə Konstitusiyanın aliliyinin təmin olunması, onun normalarının dürüst tətbiq edilməsi və vətəndaşların hüquqlarının müdafiəsi məqsədilə müstəqil Azərbaycanın hüquq sistemində mühüm bir təsisat – Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradıldı. 1998-ci ildən fəaliyyətə başlayan Konstitusiya Məhkəməsi konstitusiya nəzarəti orqanı kimi Əsas Qanunun müddəalarının şərh olunmasında, qanunvericiliyin Konstitusiyaya uyğunluğunun təmin edilməsində və insan hüquqlarının qorunmasında müstəsna rol oynayır.

Milli Konstitusiya qəbul olunarkən onun ana xəttini Azərbaycan Respublikasının dövlət suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı təşkil edirdi. Lakin otuz ilə yaxın bir dövr ərzində torpaqlarımızın işğal altında qalması Konstitusiyamızın hüquqi qüvvəsinin bütün ölkə ərazisində bərqərar olunmasına mane olurdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçılığın kökü kəsildi, ölkəmizin dövlət suverenliyi tam bərpa olundu. Bununla da, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi və aliliyi onun qüvvədə olduğu dövr ərzində ilk dəfə olaraq Cəbrayılda, Şuşada, Zəngilanda, Xankəndidə, Xocalıda, Laçında Kəlbəcərdə – bir sözlə, ölkəmizin hər bir qarışında tam təmin edildi.

Bu baxımdan, məhz Konstitusiyamızın 30 illik yubileyi və tam suverenliyimizin bərqərar olunması fonunda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunması tarixi məntiqin təzahürü idi. Bu əlamətdar il Konstitusiyamızın insan hüquqlarına verdiyi ali dəyərlə dövlətimizin ərazi bütövlüyünün, mütləq suverenliyinin sarsılmaz vəhdətini bir daha nümayiş etdirdi.

12 Noyabr – Konstitusiya Günü təkcə ali hüquqi sənədin qəbul edildiyi gün deyil, həm də xalqımızın öz taleyinə sahib çıxmaq, müstəqil, güclü və suveren bir dövlətdə yaşamaq iradəsinin rəmzidir. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu bu hüquqi çətir Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bu gün tam suveren, inkişaf etmiş və dünya miqyasında öz sözünü deyən modern Azərbaycanın əbədi qarantıdır. Dövlət müstəqilliyimizin tarixi ilə bağlı bir çox hadisələrdə olduğu kimi, qədirbilən xalqımız, cəmiyyətimiz Konstitusiya Günün qeyd edərkən onun müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir daha böyük minnətdarlıq hissi ilə anır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 1995-ci ildə qəbul olunmuş Konstitusiya cəmiyyətimizin siyasi, iqtisadi və sosial inkişaf dinamikasına uyğun olaraq keçirilən referendumlar vasitəsilə daha da təkmilləşdirilmiş, hüquq və azadlıqların müdafiə mexanizmləri genişləndirilmişdir: “1995-ci ildə referendum yolu ilə qəbul edilmiş Konstitusiya Azərbaycan xalqının inkişafı naminə müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidi təsbit etmişdir. Bu tarixi sənədin müəllifi xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur”.

Elman Cəfərli

YAP Naxçıvan şəhər təşkilatının sədri,

tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər