PDF Oxu

Siyasət

  • 555

Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli - ŞƏRH

Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konstitusiyamız haqqında səsləndirdiyi fikirlər ölkəmizin dövlət quruculuğu tarixində bu ali hüquqi sənədin mühüm əhəmiyyətini bir daha nümayiş etdirir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası müstəqil dövlətimizin hüquqi əsaslarını müəyyənləşdirən fundamental sənəd kimi tarixə düşmüşdür. Bu sənəd Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişafının əsas istiqamətlərini müəyyən etmişdir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qarşısında duran ən mühüm vəzifələrdən biri möhkəm hüquqi dövlət quruculuğunun təmin edilməsi idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, dövlət idarəçiliyinin yenidən formalaşdırılması zərurəti və hüquq sisteminin təkmilləşdirilməsi yeni Konstitusiyanın qəbulunu vacib edirdi. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində müstəqil Azərbaycanın Konstitusiyası hazırlanaraq xalqın müzakirəsinə təqdim edildi.
1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiya dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi baxımından mühüm hüquqi mexanizmlər müəyyənləşdirdi. Konstitusiyada xalq hakimiyyətinin əsas prinsip kimi təsbit olunması, hakimiyyət bölgüsü sisteminin yaradılması və insan hüquqlarının dövlətin ali məqsədi kimi müəyyən edilməsi Azərbaycanın demokratik inkişaf yoluna sadiqliyinin göstəricisi idi.
Ümummilli Lider Heydər Əliyev Konstitusiyanın hazırlanması prosesində milli dövlətçilik ənənələrini, xalqımızın tarixi təcrübəsini və müasir dünyanın hüquqi prinsiplərini əsas götürmüşdür. Bu baxımdan, Azərbaycan Konstitusiyası yalnız dövlət idarəçiliyini tənzimləyən hüquqi sənəd deyil, həm də xalqımızın müstəqillik iradəsini, milli kimliyini və gələcəyə baxışını əks etdirən mühüm dövlətçilik sənədidir.
Konstitusiyanın əsas prinsiplərindən biri insan hüquq və azadlıqlarının təmin edilməsidir. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, təhsil almaq və əmək hüquqları dövlətin hüquqi əsaslarla fəaliyyət göstərməsinin mühüm göstəriciləridir. Bu prinsiplərin Konstitusiyada təsbit olunması vətəndaşların hüquqi müdafiəsinin gücləndirilməsinə, cəmiyyətdə ədalət və qanunçuluq prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində Konstitusiya prinsiplərinin qorunması və hüquqi dövlət quruculuğunun inkişaf etdirilməsi mühüm yer tutur. Ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, məhkəmə-hüquq sisteminin inkişafı və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər müasir dövlət quruculuğunun əsas istiqamətlərindəndir.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası da dövlətimizin Konstitusiya prinsiplərinə əsaslanan inkişafı baxımından mühüm tarixi mərhələdir. Bu gün suverenliyini bütün ərazisində təmin edən Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri hüquqi dövlət quruculuğunu daha da gücləndirmək, qanunun aliliyini təmin etmək və ölkənin dayanıqlı inkişafını davam etdirməkdir.
Konstitusiyanın mahiyyətinin və əhəmiyyətinin gənc nəslə aşılanması da xüsusi əhəmiyyət daşıyır. Gənclər öz hüquq və vəzifələrini dərindən bilməli, qanunlara hörmətlə yanaşmalı və cəmiyyət qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Hüquqi maarifləndirmənin genişləndirilməsi, vətəndaşlıq məsuliyyətinin artırılması və milli dövlətçilik ənənələrinin qorunması gələcək nəsillərin formalaşmasında mühüm rol oynayır.
Nəticə etibarilə, Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi dayağı, milli iradəmizin və demokratik inkişaf yolumuzun əsas təminatıdır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası əsasında formalaşan bu hüquqi təməl bu gün də Azərbaycanın inkişafına xidmət edir. Konstitusiyaya hörmət, qanunun aliliyinin qorunması və dövlətçilik prinsiplərinə sədaqət hər bir vətəndaşın məsuliyyətidir. Güclü dövlətin, ədalətli cəmiyyətin və firavan gələcəyin əsasında məhz möhkəm hüquqi əsaslar dayanır.

Asim Quliyev
YAP Şahbuz rayon təşkilatının mühasibi

Digər xəbərlər