"Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən bütün qonşuları ilə mehriban qonşuluq münasibətlərinin qurulmasını, beynəlxalq hüquqa əsaslanan əməkdaşlığı və regionumuzun sülh və əməkdaşlıq məkanına çevrilməsini prioritet hesab edirdi".Bu fikirləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı bildirib.Onun sözlərinə görə, bunun üçün əlindən gələni edirdi. Lakin təəssüf ki, Azərbaycan qonşu dövlətlərdən birinin işğalçı siyasəti və hərbi təcavüzü ilə üzləşdi. Həmin işğalçı dövlətə başqa ölkələrin dəstək verməsi həm Azərbaycan, həm də bütövlükdə region üçün arzuolunmaz vəziyyət yaratdı:"Bütün bunlara baxmayaraq, Azərbaycan müharibənin davam etdirilməsində maraqlı olmadı. Atəşkəsə nail olmağa çalışdı və bundan sonra ölkənin iqtisadi potensialını, enerji resurslarını və nəqliyyat imkanlarını inkişaf etdirməyə yönəldi. Beynəlxalq neft müqavilələrinin imzalanması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanın həm özünün, həm tərəfdaşlarının, həm də bütövlükdə regionun maraqlarına xidmət edirdi.Bu siyasətin nəticəsində Azərbaycanın beynəlxalq siyasi arenada əlaqələri genişləndi, diplomatik imkanları və iqtisadi potensialı artdı. Eyni zamanda hərbi imkanlar gücləndirildi, milli dövlət və ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı.Beləliklə, Azərbaycan 1990-cı illərin əvvəllərində siyasi sabitliyi, ərazi bütövlüyü və suverenliyi təhlükə altında olan, vətəndaş müharibəsi riski ilə üzləşən dövlət vəziyyətindən çıxaraq sabitliyini bərpa etmiş, inkişaf yoluna qədəm qoymuş və ciddi uğurlar əldə etmiş bir ölkəyə çevrildi. Ölkə öz enerji və milli təhlükəsizliyini gücləndirməklə yanaşı, regional təhlükəsizliyə, qonşu dövlətlərin enerji təhlükəsizliyinə və qlobal enerji bazarının sabitliyinə də töhfə verən etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.Bu prosesdə xalq-dövlət birliyi, cəmiyyətin milli maraqlar ətrafında səfərbər olunması, milli ordunun qurulması, müdafiə sənayesinin gücləndirilməsi və etibarlı beynəlxalq tərəfdaşlıqlar xüsusi rol oynadı.Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı bu baxımdan mühüm əhəmiyyət daşıyırdı. 2010-cu ilin avqustunda imzalanmış Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi, eləcə də həmin ilin sentyabrında yaradılmış Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası iki dövlət arasında münasibətləri daha da möhkəmləndirdi. Bu əməkdaşlıq siyasi, iqtisadi və hərbi sahələri, o cümlədən hərbi məsləhətləşmələri və qarşılıqlı yardımı əhatə edirdi.Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi iri regional layihələr də ölkənin mövqeyinin güclənməsində mühüm rol oynadı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, daha sonra isə TANAP kimi layihələr Azərbaycanın regional və beynəlxalq əhəmiyyətini artırdı. Azərbaycan tədricən yalnız xarici investisiyaların cəlb olunduğu ölkə deyil, eyni zamanda xaricə sərmayə yatıran dövlətə çevrildi.Mədəni əlaqələr, Azərbaycanın müxtəlif ölkələrdə həyata keçirdiyi mədəniyyət, bərpa və humanitar yardım layihələri də ölkənin beynəlxalq imicinin və nüfuzunun yüksəlməsinə töhfə verdi. Bütün bunlar Azərbaycanın siyasi, iqtisadi və diplomatik imkanlarını genişləndirdi.Eyni zamanda Azərbaycan Ermənistanın təxribatlarına göz yummayacağını və bu təxribatların davam etməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edirdi. Xüsusilə 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrindən sonra Azərbaycanın mövqeyi daha da sərtləşdi. Prezident İlham Əliyev həmin ilin sentyabrında BMT Baş Assambleyasının 75-ci sessiyasında videobağlantı vasitəsilə çıxışı zamanı Ermənistanın yeni hərbi təxribatlara hazırlaşdığını bildirmiş və Azərbaycanın buna imkan verməyəcəyini vurğulamışdı.Nəticədə, Ermənistanın hərbi təxribatlarını davam etdirməsi fonunda Azərbaycan özünümüdafiə və ərazilərinin azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan ərazilərin böyük hissəsini azad etdi. Bu prosesdə hərbçilərimizin göstərdiyi qəhrəmanlıq, xalqımızın birliyi və dövlətin siyasi iradəsi həlledici rol oynadı. Allah bütün şəhidlərimizə rəhmət eləsin.Hərbi əməliyyatlar zamanı mülki əhalinin və tarixi-mədəni abidələrin qorunması məsələsi də xüsusi əhəmiyyət daşıyırdı. Xüsusilə Şuşa əməliyyatı Azərbaycan Ordusunun hərbi hazırlığını və peşəkarlığını nümayiş etdirən mühüm mərhələlərdən biri oldu.Beləliklə, 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində bərpa etdi. Bununla da uzun illər davam edən münaqişənin hərbi mərhələsinə son qoyuldu.Bəs Azərbaycanın münaqişəni həll etməsi və Ermənistanın işğalına son qoyması hansı nəticələrə səbəb oldu?İlk növbədə, Azərbaycan regionun uzunmüddətli qeyri-sabitlik məkanına çevrilməsi ehtimalını minimuma endirdi. Ermənistan-Azərbaycan münasibətlərində atəşkəsin mütəmadi pozulması və bunun genişmiqyaslı müharibəyə çevrilməsi ehtimalından istifadə edərək regionu qeyri-sabit və təhlükəli məkan kimi təqdim etməyə çalışan qüvvələrin imkanları məhdudlaşdı. Bu isə Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət daşıyırdı.Digər tərəfdən, Azərbaycan artıq müharibədən əvvəl də iqtisadi layihələri, hərbi strategiyası və regional siyasəti ilə Cənubi Qafqazın lider dövlətlərindən biri idi. Lakin Ermənistanla uzunmüddətli münaqişənin davam etməsi və qeyri-sabitlik riskləri Azərbaycanın resurslarının müəyyən hissəsinin bu istiqamətə yönəlməsinə səbəb ola bilərdi.44 günlük müharibə və 2023-cü ilin antiterror əməliyyatından sonra Azərbaycanın öz suverenliyini bütün ərazisində bərpa etməsi ölkənin regional liderlik mövqeyini daha da gücləndirdi. Azərbaycan yalnız müharibədə qalib gəlmiş dövlət kimi deyil, uzun illər davam edən münaqişənin hərbi mərhələsini başa çatdırmış ölkə kimi də beynəlxalq mövqelərini möhkəmləndirdi.Bununla yanaşı, Azərbaycanın beynəlxalq nüfuzu və tərəfdaşları ilə münasibətləri də yeni mərhələyə qədəm qoydu. 2025-ci ildə Azərbaycanın D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsi bu baxımdan əlamətdar hadisə idi. D-8 inkişaf etməkdə olan səkkiz ölkənin yaratdığı beynəlxalq iqtisadi əməkdaşlıq təşkilatıdır. Azərbaycanın bu təşkilata qoşulması ölkənin müsəlman dünyasında və beynəlxalq iqtisadi əməkdaşlıq müstəvisində mövqeyinin güclənməsini göstərirdi.Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının genişlənməsi, Mərkəzi Asiya və Azərbaycan arasında regional əməkdaşlıq formatlarında fəal iştirakı da bu baxımdan diqqətəlayiqdir. Eyni zamanda, Azərbaycanın G20 sammitinə dəvət olunması ölkənin beynəlxalq nüfuzunun və regional liderlik mövqeyinin artmasının göstəricilərindən biri kimi qiymətləndirilə bilər.Bütün bunlarla yanaşı, Azərbaycanın Zəfərdən sonrakı siyasətinin əsas xüsusiyyətlərindən biri də qələbənin yaratdığı siyasi və hərbi üstünlükdən qonşulara qarşı təzyiq vasitəsi kimi istifadə etməməsi oldu. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan öz siyasətini beynəlxalq hüquq çərçivəsində həyata keçirməyə və Cənubi Qafqazı sülh və əməkdaşlıq regionuna çevirməyə çalışır.Azərbaycan nəqliyyat və kommunikasiya dəhlizlərinin açılmasını, o cümlədən Zəngəzur dəhlizinin reallaşmasını dəstəkləyir. Ölkənin yanaşması ondan ibarətdir ki, tarixi ədalətsizliklər aradan qaldırılmalı, eyni zamanda Cənubi Qafqazda mövcud olan bütün əməkdaşlıq imkanlarından istifadə edilməlidir.Bu istiqamətdə Azərbaycan müxtəlif regional əməkdaşlıq formatlarının yaradılmasına və inkişafına çalışır. Müharibədən dərhal sonra, emosiyaların yüksək olduğu bir dövrdə belə, Prezident İlham Əliyev region ölkələrinin həm öz aralarında, həm də digər dövlətlərlə birlikdə əməkdaşlıq edə biləcəkləri formatların mümkünlüyünü diqqətə çatdırmışdı. O, Azərbaycan, Ermənistan və Gürcüstanın birgə əməkdaşlıq imkanlarından da danışmışdı.Bu yanaşma Azərbaycanın yalnız öz milli maraqlarını deyil, bütövlükdə regionun gələcək inkişafını nəzərə alan siyasət yürütmək niyyətini göstərir. Azərbaycanın əldə etdiyi hərbi və siyasi uğurlar da məhz bu strategiyanın reallaşdırılması üçün yeni imkanlar yaradıb. Ölkə bundan sonra da Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinə çalışır.
Müəllif: Lətifə Musayeva